İran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli
və xarici mediada hələ də müzakirə olunmaqdadır. Xatırladaq ki, Azərbaycanda
rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə
heyəti müşayiət edib.
Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun
böyük oğlu Yusif Pezeşkian da olub.
Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident
Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində
çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Y.Pezeşkianı bu
vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi təyin edib.
Yusif Pezeşkian səfərlə bağlı təəssüratlarını bölüşüb. O, İranda türk dilində təhsil məsələsinə də toxunub.
“Bacımla otaqda oturmuşduq, iclasın bitməsini gözləyirdik. “Divanlar” adlı bir
proqramda halıma uyğun bir türk şeiri axtarırdım. Bir qədər Əliağa Vahid, Sahib
Təbrizi və Füzulinin şeirləri arasında dolaşdım. “Divanlar” proqramı əhatəlilik
baxımından misilsizdir, amma imkanları çox məhduddur.
Bu proqramın üstünlüyü ondadır ki, tanıdığım bütün Azərbaycan türkcəsində
yazan şairlərin şeirlərini özündə cəmləmişdi. Proqramı Zəhraya (bacıma)
göstərdim. Axtardıq ki, o da öz telefonuna yükləsin, amma tapa bilmədik.
Proqram “Play Store” və “App Store”dan silinmişdi.
Fikrim türk dilində təhsil tələbinə yönəlir. Özümə sual verirəm: əgər böyük
türkdilli şairlər olmasaydı, əgər türk musiqisi, mərsiyələri, laylaları, nəğmələri və
atalar sözləri olmasaydı, bu dilin məktəblərdə öyrədilməsinin nə faydası olardı?
Bir dilin canlılığı, o dilin zəminində yaranan əsərlərlə mümkündür.
Fars dilini fars dili üzrə akademiya qoruyub yaymır. Şairlər, yazıçılar, nağılçılar,
müğənnilər, aparıcılar, ssenaristlər, rejissorlar, kinoçular, akademiklər və
sənaye adamları bu dilin əsl sahibləri və qoruyucularıdır.
Fars dilinin qorunmasını mənfi və məhdudlaşdırıcı üsullarla həyata keçirmək
istəyənlər, elə insanları filtrləmə ilə doğru yola yönəltmək istəyənlər kimidirlər –
yaxud insanları məcburən hicabla gəzdirmək istəyənlər.
Gülməli odur ki, bəzi insanlar geyim azadlığının tərəfdarıdırlar, amma dil
azadlığına qarşıdırlar.
Zehnim müasir dünyanın dəyişikliklərinə yönəlir. On il sonra təhsil necə olacaq?
Məktəb nə məna daşıyacaq? Biz o gün harada olacağıq? Bəlkə də yaxın
gələcəkdə çərçivəsi dağılacaq bir qapıya baxmaq əvəzinə, üzümüzü yeni
imkanlara çevirib yeni üfüqlərə baxmağımız daha yaxşı olar. Əgər dilinizi
sevirsinizsə, onu düzgün üsullarla dəstəkləyin: elminiz və sənətiniz var?
Əsərlər yaradın və dilinizin zənginliyini artırın. Malınız, sərvətiniz var? Sənətkar
və alimlərinizi dəstəkləyin. Heç biriniz yoxdursa, əxlaqlı olun ki, mədəniyyət və
diliniz haqqında insanların zehnində gözəl bir təsəvvür yaransın.
Türk dilinin yayılmasına yardımın bir yolu da “Divanlar” kimi proqramların maddi
və mənəvi dəstəklənməsidir. Bu proqramın başqa bir taleyi ola bilərdi: ona daha
çox imkanlar əlavə etmək — axtarış, yadda saxlamamaq, qeydlər aparmaq, hər
bir şeir üçün bəstələnmiş musiqiləri tapmaq və s.”
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.