Elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025 tarixli “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı son beş ildə respublikada akademik inkişaf dinamikasını sürətləndirməyə yönəldilmiş tədbirlərin davamıdır.

Elm və təhsil müəssisələrinin optimallaşdırılması və səmərəliliyinin artırılması mürəkkəb və əhəmiyyətli sahədir. Mürəkkəbdir ona görə ki, profilli elmi müəssisələr birləşdirilərkən daxili rəqabət mühiti aradan götürülür və elmi tədqiqat müəssisəsi yalnız iri və qlobal tədqiqatçılarla müqayisə edilməyə başlanır. Mürəkkəbdir ona görə ki, elmi müəssisənin səmərəliliyinin artırılmasi üçün elmi nailiyyətlərin tətbiqi imkanları yaradılmalı, bu fəaliyyət ya ölkə daxilində və ya qlobal platformalarda öz əksini tapmalıdır. Səmərəliyin artırılması istiqamətində fəaliyyət keyfiyyətinin öyrənilməsi vacibdir və bu istiqamətdə son beş ildə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi həyata keçirilir.

Elm və ali təhsil sahəsində səmərəlilik meyarı olaraq reytinqlərin hesablanması və fəaliyyətin elmi cazibədarlığının müəyyənləşdirilməsi sahəsində son illər xeyli işlər görülüb. Alimlərin  təşviq mexanizmlərinin də tətbiqi bu prosesin məntiqi nəticəsi hesab edilə bilər.

Qeyd olunan sərəncamda diqqəti cəlb edən üç universitetin akademik potensialının gücləndirilməsidir. Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin elmi potensialı bu sərəncamdan irəli gələn birləşmənin nəticəsində güclənməli və rəqabət qabiliyyətini artmalıdır.

Sumqayıt Dövlət Universitetinin ilk cədvəllərdə (2023, I rüb) tutduğu yer 45-ci mövqe idi. Universitet alimlərinin akademik məlumatlarının elmi platformalarda yerləşdirilməsi universitetin mövqeyini yeni açıqlanan siyahılarda xeyli irəliyə apardı və inkişaf dinamikası aşkar şəkildə görsənməkdədir. Cədvəldə digər elm və təhsil müəssisələrinin pressinqi özünü göstərir. Bir sıra hallarda, elmi dərəcəsi olmayan müəllimlərin universitetlərdə tədrisə cəlb olunması da belə mənzərələri qarşıya çıxara bilir.

(Cədvəl-1)

Gəncə Dövlət Universiteti Milli H indeksi reytinqində ilk siyahılarda 28-ci yeri tuturdu. Cədvəllərin monitorinqi göstərirdi ki, görünən mənzərə universitetin bütün potensialını ifadə etmir. Alim və müəllimlərin akademik profillərinin yaradılması, qlobal infoməkana inteqrasiyası bu göstəriciləri bir qədər də artırdı. Elmi institutların universitetə inteqrasiyası bu prosesi  daha da gücləndirəcək.
(Cədvəl-2)

Naxçıvan Universiteti 2023-cü ildə Milli H indeksi reytinqində ölkənin elm və təhsil müəssisələri sırasında 30-ci yeri tuturdu. Son iki ildə mövqeyini 26-28-ci sıraya çatdırsa da inkişaf dinamikası olduğunu göstərmişdi, lakin digər universitet və elmi müəssislərin pressinqi onu yenidən 30-cu mövqeyə qaldırdı. Elmi müəssisələrin bu universitetə inteqrasiyası onun mövqeyinin iyirminci yerlərə qalxmasını təmin edə biləcək.

(Cədvəl-3

Sərəncamdan irəli gələn vəzifələr son dərəcə ciddi elmi müəssisələrin birləşdirilərək fəaliyyətin səmərəliliyini artırmaq, adları çəkilən elmi müəssisələrin dünya çapında tanınması və nüfuzunun artması məqsədi daşımaqla yanaşı respublikada elm və ali təhsil sahəsində müəssisələrin inkişafında dövlət siyasətinin ifadəsi olaraq da görsənir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elmin və ali təhsilin strateji inkişafında dövlət siyasətini həyata keçirir və proseslərin inkişaf dinamikasını təmin edir. Belə olan halda təbii bir sual qarşıya çıxır, bəs Azərbaycanın digər elm və təhsil müəssisələri bu prosesdən nə üçün kənardadırlar?

AMEA-nın nəzdində qalmış bir sıra elmi müəssisələrin bu vahid dövlət optimallaşdırılmasından kənarda qalması necə izah olunur? AMEA-nın ləğv olunması və ya AMEA-nın genişləndirilməsi haqqında, AMEA-nın zəngin elmi irsi haqqında fikirlər, müxtəlif yazılan məqalələrdə irəli sürülən düşüncələr bir çox hallarda emosionaldır. AMEA institutlarının Elm və Təhsil Nazirliyinin tərkibinə keçməklə vahid inkişaf strateğiyasına daxil olması mütləq AMEA-nın ləğv olunması demək deyil. AMEA Elm və Təhsil Nazirliyi tərkibində ciddi və nüfuzlu elmi şura funksiyasını da icra edə bilər, ənənələrini də qoruyub saxlaya bilər, alimlər tədris prosesinə qoşula bilər, motivasiyaları da artmış olar.

Qeyd olunan optimallaşmanın nəticəsi olaraq az bir müddətdə elmi fəaliyyətin inkişafına müsbət impulsları, ali təhsilin keyfiyyətinin yüksəlməsini müşahidə edəcəyik. Nəticədə universitetlərdə dərs deyən elmi dərəcəsi olmayan müəllimlərdən qurtarmaq və alim adı daşıyanlar arasında sağlam rəqabət yaratmaq mümkün olacaq.

Azərbaycan AAK-ın Elm və Təhsil Nazirliyi strukturu tərkibində fəaliyyəti dövlət siyasətinin məqsədəyönlü icrasını təmin edə bilər. Məntiqsiz görsənir ki, Elm və Təhsil Nazirliyi bir inkişaf strategiyası planlaşdırır, AAK isə ayrıca strategiya hazırlayır. Məsələn, dövlət ildən-ilə yeni universitetlər təsis edir, Elm və Təhsil Nazirliyi bu məqsədlə yeni kafedralar yaradır, AAK isə ölkədə professorların sayını azaltmağa çalışır.

Ali Atestasiya Komisiyasının fəaliyyəti Azərbaycan Prezidentinin təsdiq etdiyi Əsasnaməyə  uyğun həyata keçirilir. Əsasnamə bir sıra prosedurları müəyyənləşdirir, elmin və ali təhsilin inkişafı proseslərini müəyyən etmir. 41 səhifəlik Əsasnamədən kənar AAK-ın çox sayda daxili təlimatları hazırlanıb ki, qanun hökmlü sənədlər olaraq dövriyyəyə buraxılıb. Bu təlimatlar bir çox hallarda elm və ali təhsil ilə əlaqədar müxtəlif hüquqi sənədlərlə ziddiyyət təşkil edir. AAK elmi adları və elmi dərəcələri Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi dövlət siyasəti olaraq deyil, öz normativ sənədləri ilə təqdim edir və nəticədə universitetlərin zəhmətkeş alimləri ad və dərəcə ala bilmir, dövlət qurumlarının məsul şəxsləri “professor” adı daşıyır. Eləcə də, nəticədə  yüksək səmərəli fəaliyyətə görə tanınmış alimə Elm və Təhsil Nazirliyi tərəfindən minnətdarlıq şəhadətnaməsi verilir, AAK isə öz göstəricilərinə görə lazım bildiyinə “professor” şəhadətnaməsi təqdim edir. Əlbəttə ki, “dekorativ professorlar” ilə əlaqədar ayrıca bir araşdırmaya ehtiyac var.

Diqqəti cəlb edir ki, bu illər ərzində AAK “magistr disertasiyaları” haqqında heç bir iş görməyib  və bu barədə heç bir qurum qarşısında da cavabdehlik daşımır. Magistr diplomlarını Elm və Təhsil Nazirliyi verir, fəlsəfə doktoru vəsiqəsini AAK verir. Burada maraqlar toqquşur, yoxsa təsir dairələri bölüşdürülür?

Azərbaycanda son 100 ildə alim adı almış şəxsiyyətlərin kataloqlaşdırılması və onların elmi istiqamətlərinin, elmi nailiyyətlərinin milli-mədəni irsimizdə qorunub saxlanılması çox vacibdir. AAK-ın belə bir kataloqu yoxdur, bunu ona sifariş etməyiblər və Əsasnamədə də belə bir tələb yoxdur. Bəs onda bu işi kim etməlidir və bunu edərkən AAK-ın məlumat bazasından necə istifadə etməlidir? Məhz bu səbəbdəndir ki, bir qrup alim haqqında məlumat Elm Fondunun saytında öz əksini tapır, bir qrupu AAK-ın siyahılarında, bir qrup Elm və Təhsil Nazirliyinin səhifələrində, bəzi alimlər haqqında isə məlumatlar ensiklopediya səhifələrində yerləşdirilib.

Əsasnamənin I fəsilində fəaliyyətin şəffaf olması ilə əlaqədar ciddi bir bənd yer alır. Belə olan halda AAK-ın son beş ildə, 25 ildə alimlik dərəcəsi verdiyi alimlərin siyahısını necə əldə etmək olar? Müstəqillik illərində, Sovet dövründə alimlik adı almış ziyalılarımızın sistemli öyrənilməsi və elmmetrik təhlili məgər əhəmiyyətli deyil? Rusiyada bu kimi məlumatlar elektron hökumət tərəfindən təqdim edilir, eləcə də disertasiyaların karguzarlığı da elektron sənəd formasında dövr edir. Bizdə isə QR kodla verilmiş sənədlərin üzərinə dairəvi möhür vurulması tələb olunur. Azərbaycanda fəlsəfə doktoru dissertasiyası üçün iki min səhifədən artıq çap olunmuş sənəd əldən ələ keçir, itirilir, yenidən hazırlanır, illərlə “xarab olunmuş telefon” effektindən istifadə edilir. Nə üçün? Çünki, özlərini qanundan yüksəkdə tuturlar. Bir sıra hallarda AAK özünü qanunverici orqan olaraq təqdim edir və AAK haqqında əsasnamə ilə ziddiyyət təşkil edən daxili qaydalar müəyyənləşdirir, bunların icrasının məcburi olduğunu tələb edir.

Göründüyü kimi Azərbaycanda elmi fəaliyyətin optimallaşdırılması və səmərəliliyin artırılması son dərəcə aktual məsələdir. Optimallaşdırma o halda səmərəliliyi artıra bilir ki, kompleks yanaşma sərgilənsin, motivasiya və stimullar müəyyənləşdirilsin və akademik karyera edənlər fərqli “qapılar” döyməsin.

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Pərviz Kazımi


https://crossmedia.az/az/article/26496

Şərhlər bağlıdır.