AMEA-da “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib
Mayın 5-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda
“Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi
konfransı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Tarix və
Etnologiya İnstitutunun kollektivi və Akademiyanın elmi müəssisə və
təşkilatlarının, Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin Hərbi Elmi
Tədqiqat İnstitutunun, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi
Muzeyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin əməkdaşları iştirak ediblər.
Böyük Vətən Müharibəsinə həsr olunmuş elmi-praktik konfransı giriş nitqi ilə
açan akademik İsa Həbibbəyli Azərbaycan xalqının bu müharibədə göstərdiyi
misilsiz xidmətlərdən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, keçmiş SSRİ
nin tərkibində olan bütün respublikalar kimi, Azərbaycan da bu müharibədə
yaxından iştirak edib, xalqımızın igid oğulları misilsiz qəhrəmanlıq nümunələri
göstəriblər. Qeyd edib ki, xüsusilə Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı
Qəhrəmanı olmuş görkəmli hərbçimiz, akademik Ziya Bünyadov kimi döyüş
meydanında öz sözünü demiş və digər qəhrəman oğullarımızın xatirəsi bu gün
də xalqımız tərəfindən yaşadılır.
AMEA prezidenti vurğulayıb ki, Böyük Vətən Müharibəsi təkcə bir xalqın deyil,
bütün keçmiş sovet xalqlarının ortaq tarixidir və bu tarixin obyektiv şəkildə
öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırıb ki, müstəqilliyimizin
ilk illərində Böyük Vətən Müharibəsi kimi tarixi hadisədə Azərbaycanın iştirakı
unutdurulmağa çalışılsa da, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
bu məsələdə ədalət bərpa olunmuş, onun uzaqgörən və milli maraqlara
əsaslanan siyasəti nəticəsində xalqımızın bu müharibədəki rolu yenidən və
layiqincə qiymətləndirilmişdir.
Bu gün Prezident İlham Əliyevin Ümummilli Liderin həmin siyasi xəttini uğurla
davam etdirdiyini deyən akademik İsa Həbibbəyli Böyük Vətən Müharibəsi
iştirakçılarının dövlət səviyyəsində ehtiramla anıldığını, onların xatirəsinə həsr
olunmuş tədbirlərin keçirildiyini, müharibə veteranlarının təltif edildiyini, onların
sosial qayğısının daim diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, bu,
həm dövlətimizin tariximizə verdiyi önəmin, həm də xalqımızın qəhrəmanlıq
irsinə sahib çıxmasının bariz nümunəsidir.
Akademik İsa Həbibbəyli, o cümlədən Böyük Vətən Müharibəsinin səbəbləri,
gedişi və nəticələrinin, eləcə də Azərbaycanın bu müharibədəki rolunun
dərindən araşdırılmasının, elmi və obyektiv qiymətləndirilməsinin vacibliyini
vurğulayıb. Tarixçilərimizin üzərinə bu sahədə böyük məsuliyyət düşdüyünü
deyən akademik İsa Həbibbəyli ümumiyyətlə, xalqımızın iştirak etdiyi bütün
müharibələrin tarixi baxımdan geniş və obyektiv şəkildə tədqiq edilməsinin
əhəmiyyətinə toxunub və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra faşizm üzərində qələbədə Azərbaycanın roluna dair videoçarx
nümayiş etdirilib.
Konfransda çıxış edən Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri
doktoru, professor Kərim Şükürov dünya tarixində 15 minə yaxın sayıla biləcək
müharibənin baş verdiyini, bunlar içərisində miqyasına, iştirakçılarına və
itkilərin sayına görə ilk sırada tarixin də gedişinə böyük təsir etmiş İkinci Dünya
Müharibəsinin qərarlaşdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqı da bu
müharibədə yaxından iştirak etsə də, ötən müddət ərzində müharibənin
nəticələrinin ölkəmizdə demoqrafik prosesə təsiri yetəri qədər öyrənilməyib.
Qeyd edib ki, 1941-ci ildə respublikamızda əhali sayı 3,3 milyon olmuş, lakin
1945-ci ildə 600 minə yaxın geriləyərək 2,7 milyona düşmüşdür. Professor
Kərim Şükürov bu istiqamətdə ciddi tədqiqatların aparılmasına ehtiyac
olduğunu söyləyib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix
elmləri doktoru, professor Mais Əmrahov və Müdafiə Nazirliyi Milli Müdafiə
Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı tarix elmləri doktoru,
professor Mehman Süleymanov çıxış edərək Azərbaycan xalqının Böyük Vətən
Müharibəsində qələbənin qazanılmasındakı rolundan danışıblar.
Açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Bölmə iclaslarında “The role of the Azerbaijani people in the victory over NAZI
Germany”, “İkinci Dünya Müharibəsində Qafqaz uğrunda döyüşlərin rolu”,
“1941-1945-ci illər müharibəsində azərbaycanlı qadınların iştirakı Azərbaycan
sovet tarixşünaslığında”, “Faşist Njdenin Ermənistanda qəhrəmanlaşdırılması:
tarixi və ideoloji aspektlər”, “İkinci dünya müharibəsində qərbi azərbaycanlıların
iştirakı”, “Azərbaycanda hərbi əsir düşərgələri və məzarlıqları haqqında”,
“Azərbaycan milli birlik məclisinin ordenləri: Azərbaycan istiqlal yıldızı və
bozqurt”, “II dünya müharibəsi illərində azərbaycanlıların hərbi-siyasi
mühacirəti”, “1941–1945-ci illər müharibəsi dövründə Azərbaycanda hərbi
mətbuatın fəaliyyəti”, “Участие Азербайджанцев в национальных воинских
формированиях в годы великой отечественной войны”, “Müharibə
ərəfəsində Azərbaycan SSR-də ictimai-siyasi və sosial-iqtisadi həyat”,
“Azərbaycan iqtisadiyyatı cəbhənin xidmətində”, “İkinci dünya müharibəsi
illərində Azərbaycanda nəqliyyat və rabitə”, “Azərbaycan sənayesi cəbhənin
xidmətində”, “Ədəbiyyat və incəsənət cəbhənin xidmətində” və s. mövzularda
çıxışlar dinlənilib, müzakirələr aparılıb.
AMEA
Şərhlər bağlıdır.