Heydər Əliyev irsi və Azərbaycan gəncliyi

7 may 2025-ci il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr
olunmuş dəyirmi masa keçirilib. “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı
tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla
yad edilib.
Tədbiri açıq elan edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri
doktoru İlqar Niftəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən
siyasətinin ən mühüm əsaslarından birini gənclər siyasəti təşkil etmişdir və bu
gün torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin inkişaf yolu
irəliləməsində həmin gənclər siyasətinin mühüm əhəmiyyəti vardır.


Dəyirmi Masada Ümummilli Lider haqqında videoçarx nümayiş edilib.
“Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov
“Heydər Əliyev: Azərbaycan gəncliyinin himayədarı” mövzusunda çıxış edərək
deyib ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin mühüm
istiqamətlərindən biri gənclərlə bağlı idi. Gənc nəslin mənəvi tərbiyəsi, ictimai
tərəqqidə gəncliyin rolu kimi məsələlər Heydər Əliyevin siyasi-ideoloji dəyərlər
sistemində və dövlətçilik fəaliyyətində həmişə mühüm yer tutmuşdur.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Milli
ruhdan modern dövlətə: Heydər Əliyev və Atatürkün gənclər siyasətinə
müqayisəli baxış” mövzusunda çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin
gənclər siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasında, iqtisadi, siyasi və
mədəni dirçəlişində gənclərin aparıcı qüvvəyə çevrilməsinə əsaslanırdı.
Ümummilli liderin “Gənclər bizim gələcəyimizdir” tezisi bu siyasətin ideoloji
bazasını təşkil edirdi.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyevin
idman və gənclər siyasəti davamlı inkişafın təməli kimi” mövzusunda çıxış
edərək deyib ki, Heydər Əliyevin gənclər siyasətinin əsas qayəsi gəncləri bu
günün və gələcəyin çağırışlarına cavab verən, milli dəyərlərə həssas yanaşan,
vətənpərvər ruhda yetişdirmək idi. Ulu öndər gənclərə xüsusi dəyər verərək
belə deyirdi: “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli,
dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına,
dövlətinə xidmət etməlidir”.
Elmi işçi Vüsalə Əlləzova “Heydər Əliyev və gənclərin milli mənəvi tərbiyəsi”
adlı məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin
qorunmasını gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi
müəyyənləşdirib, çoxistiqamətli konsepsiya irəli sürüb. Bu konsepsiya bir-biri
ilə bağlı mənəvi dəyərlər kompleksini əhatə edir. Bu kompleksə daxil olan
komponentlər mükəmməl təhsil, fəal həyat mövqeyi, vətənpərvərlik,
azərbaycançılıq məfkurəsinin təbliği, tarixi irsə hörmət, milli mənsubiyyət və
vətəndaş şərəfi, dil və din sevgisi və müstəqilliyimizə sədaqətdir.
Aslan Şirəliyev

Şərhlər bağlıdır.