Stokholmda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

Stokholm, 11 may, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində təşkil olunan tədbirdə səfirlik əməkdaşları və diaspor üzvləri olmaqla ümumilikdə 25-ə yaxın şəxs iştirak edib.

Tədbirin açılışı səfir Zaur Əhmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, Ulu Öndər Azərbaycana həm keçmiş Sovetlər dövründə, həm də müstəqillik illərində rəhbərlik edib və hər iki dövrdə ölkəmizi möhkəm təməl üzərində quraraq onun inkişafına, dünya dövlətləri sırasında layiqli yer tutmasına nail olub.

“Bu gün Ulu Öndərimizin ruhu şaddır. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunub və ərazi bütövlüyümüz bərpa edilib. Dövlətimizin başçısının müdrik rəhbərliyi altında, qeyd etdiyim həmin möhkəm təməllər üzərində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etməyə davam edir. Azərbaycan xalqı yaşadıqca, Ulu Öndərin əziz xatirəsi hər zaman yüksək hörmət və ehtiramla yad olunacaq”, – Z.Əhmədov bildirib.

Diplomatın çıxışından sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə dair videoçarx nümayiş olunub. Ardınca söz İsveçdə yaşayan pianoçu Aynur Məlikovaya verilib.

“Hər birimizin bildiyi kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan musiqisinin inkişafında və onun dünya səhnəsində tanınmasında böyük işlər görüb” – deyə o vurğulayıb.

Daha sonra Aynur Məlikova Heydər Əliyevin sevdiyi bəstəkarların əsərlərini ifa edib. Onların arasında Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin “Qızların xoru”, Qara Qarayevin “24 prelüd” silsiləsi və Fikrət Əmirovun “Vals” əsərləri səslənib.

Şərhlər bağlıdır.