Azərbaycanda “Xalq Əmanəti”nin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olundu

Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu
nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub.
Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları
təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış
50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə
şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında adını
Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş
dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır. XX-XXI əsrlər bütöv
Azərbaycanın ədəbi mənzərəsini görmək üçün vasitə olaraq ərsəyə gələn
“Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm də keşməkeşli tariximizi
əks etdirir.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən
həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək
nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus
dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar,
müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və
Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın
böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov,
eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə
Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza
Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş
Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr
olunub.
Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub,
unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli
alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq
ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir
Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq
üzü görüb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.