Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan milli hərəkatının böyük lideri və xalqımızın tanınmış siyasi şəxsiyyətlərindəndir. Məhz bu səbəbdən də onu tanıyanlar, sevənlər çoxdur və xalqımızın milli yaddaşında həmişə onun möhtərəm yeri olacaq.
Bədxahların S.C.Pişəvəri haqqında qaralama və gözdənsalma kampaniyası hələ onun sağlığında başlamışdı. Onu Pəhləvilər sevmirdi, indiki İslam respublikası da sevmir. Bu sevməməyin bir səbəbini göstərmək lazımdır ki, müxtəlif dövrlərdə S.C.Pişəvərinin fəaliyyətinə, xidmətlərinə kölgə salacaq rəvayətlər haqqında İran və dünya mətbuatında çox sayda yazılar yazılıb, təbliğatlar edilib.
Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanlarında, firqənin çox sayda siyasi şəxsiyyətlərinin çıxış və yazılarında Azərbaycan tarixinin əhəmiyyətli hadisələri olan 21 Azər hərəkatı barədə mötəbər məlumatlar verilib. Lakin Azərbaycanın milli hərəkatına düşmən olan ünsürlərin informasiya mühitinə ötürdükləri saxtakarlıqlar kütləvi yaddaşda iz qoyduğu səbəbindən bəzi məsələlərə aydınlıq gətirmək vacibdir. Bu araşdırmada iki yanlış diqqətimizi cəlb edir. Birinci yanlış ondan ibarətdir ki, guya “Azərbaycan Milli Hökuməti sovet hakimiyyətinin dəstəyi ilə quruldu”.
1941-ci il avqustun 25-də “Simpatiya” (Сочувствие) kod adlı əməliyyat nəticəsində müttəfiq qoşunları İran ərazisinə daxil olmağa başladılar. Sovet qoşunları sentyabr-oktyabr aylarında İngilis qoşunları ilə birlikdə İranın müxtəlif ərazilərinə daxil olur və bu bir qədər zaman alırdı. Belə işğalların səbəblərini kim necə izah edirsə etsin, məlumdur ki, sovetlər hansı ölkəyə daxil olurlar olsunlar orada bir kommunist partiyası yaradır, ya da mövcud olan kommunist partiyasının dəstəyi ilə hakimiyyəti “transfer” edirdilər. Bunu Şərqi Avropa ölkələrində də görmüşük.
İranda da 1941-ci ilin oktyabr ayının 2-də İran Xalq Partiyası (Tudə) yaradılmasını təmin etdilər və onu dəstəklədilər. İranın zindanlarından azad olunmuş keçmiş kommunistlər bu dəfə partiyalarının adını “Tudə” (kütlə) olaraq adlandırdılar. Bir qrup siyasi aristokratdan ibarət olan İran Tudə Partiyası özünü marksist-leninçi və kommunist-fəhlə partiyası kimi təqdim edirdi. Bu Sovet hakimiyyətinin siyasi sifarişi idi. Tudə partiyası İranda nəinki dövlət qurmaq iqtidarında olmadı hətta mərkəzi hakimiyyətlə əməkdaşlıqlar etməyə başladı. Göründüyü kimi Sovet dövləti İXP-Tudə partiyasının təsis olunmasına dəstək verdi, Azərbaycan Demokrat Firqəsinə deyil.
İran Tudə Partiyası Sovet hərbi qüvvələrinin dəstəyi ilə ciddi şəkildə təşkilatlandırıldı. Partiya Ümumiran Həmkarlar Təşkilatı yaratdı, “Sazman-e Nezami-ye Hezb-e Tudeh-ye Iran” adlı hərbi təşkilat yaratdı, ölkənin əyalətlərində əyalət təşkilatları quruldu və s. İş o yerə çatmışdı ki, Tudə partiyasının “Rəhbər” qəzeti 100 min tirajla satılır və dövlətin rəsmi qəzeti olan “Ettelaet” qəzetindən üç dəfə artıq yayılırdı. O zamanlar qəzet əsas kommunikasiya vasitəsi idi.
İranda şah rejimini təmsil edən Qavam hökuməti də azərbaycanlı idi, sovet hərbi qüvvələrinin dəstəklədiyi Tudə partiyasının əsas rəhbərləri də azərbaycanlı idilər və eyni zamanda da Azərbaycan Milli Hökumətinin düşmənləri oldular.
Əlbəttə ki, S.C.Pişəvəri 1941-ci ildə İran Tudə Partiyasının təsis tədbirlərinə dəvət olunmuşdu. O, Tudə partiyasını təsis edənləri Pəhləvi zindanlarından tanıyırdı. 1937-ci ildə İran Kommunist partiyası rəhbərlərindən 53 nəfəri həbs edib zindana salanda S.C.Pişəvəri 8 il idi ki, zindanda idi. S.C.Pişəvəri bu qrupa qoşulmadı, tudəçi və ya “psevda kommunist” də olmadı. 1945-ci ilin sentyabr ayında Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin təsis olunması haqqında bəyanat verilən kimi bütün Azərbaycanlı tudəçilər oradan istefa edərək kütləvi şəkildə ADF-yə üzvü olmağa başladılar. O illərdə İran Tudə partiyasının Azərbaycan üzrə məsul şəxslərindən olmuş Şaban Derəxşənnur öz xatirələrində danışırdı ki, hətda “Təbriz şəhərində təşkilatın offisini bağlayıb Tehrana qayıtmalı oldum”.
Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin rəhbərliyi ilə Təbrizdə 77 nəfərdən ibarət milli düşüncəli ziyalılar qrupu tərəfindən yaradıldı. 1945-ci ilin sonunda partiyanın rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzetində onun 70 minlik üzvünün tərkibi qeyd olunurdu. Bu məqaləyə görə partiya üzvlərindən 56 mini kəndli, 6 mini fəhlə, 3 mini sənətkar, 2 mini tacir, 2 mini ziyalı, 500 nəfəri mülkədar və 100 nəfəri isə ruhani idi. Göründüyü kimi bu tərkib də sovet ideoloqlarının tələb etdiyi kimi fəhlə-kəndli partiyası deyildi.
S.C.Pişəvəri Milli Azərbaycan Hökumətinin yaradılmasında böyük ustalıq göstərdi. Sovet qoşunları ilə gəlmiş Azərbaycan ziyalılarının imkanlarından, özünün Bakıda olarkən əldə etdiyi təcrübələrdən, rus qoşun rəhbərləri ilə ünsiyyət imkanlarından və əlbəttə ki, Mir Cəfər Bağırovla əlaqələrdən istifadə etməyə çalışdı. Belə hesab edilir ki, M.C.Bağırov milli hökuməti öz imkanları çərçivəsində dəstəkləyirdi. Lakin bilirik ki, bu məsələlər onun səlahiyyətlərindən çox-çox kənarda idi.
1945-1946-cı illərdə Sovet İttifaqı ilə müttəfiqlər arasında aparılan danışıqlar, Sovet İttifaqı ilə İran arasında aparılan danışıqlar, İran neft layihələrindən Sovet İttifaqına söz verilmiş pay və bir sıra digər amillər İran ərazisində milli hökumət yaratmaq mühitini pozur, qeyri-sabitlik və sabaha ümüdsizlik yaradırdı. Bütün bunlar göstərir ki, Sovet hakimiyyəti güney Azərbaycanda milli hökumətin yaradılmasını nəinki dəstəkləmir, orada bir xaosun yaranmasında maraqlı tərəf olduğunu göstərirdi. Sovet təxribatçılarının əməlləri, Təbrizdə erməni faktorundan istifadə olunması, fədai dəstələrində təxribatlar edilməsi kimi hadisələrin şərhinə ehtiyac yoxdur. Bütün siyasi, iqtisadi və beynəlxalq gərginliklərə baxmayaraq S.C.Pişəvəri və onun komandası mətanətlə dövlət quruculuğunu həyata keçirirdilər. Bir ildə həyata keçirilən quruculuq işləri, iqtisadiyyatda, mədəniyyətdə, təhsildə və ən vacibi insanların şuurunda böyük bir inqilaba sabəb oldu. Bu barədə qalın-qalın kitablar yazılıb.
Mühacirət zamanı da, hər şey qaydasında getmirdi. Mühacirət tarixi də geniş araşdırılıb və məlumdur ki, muharibədən təzə çıxmış SSRİ-nin imkanları olsaydı Cənubi Azərbaycandan mühacirət etmiş 50 min nəfərə qədər fədainin Sovet Azərbaycanında qalmasına yol verməzdi. Ancaq bu ayrı bir müzakirənin obyektidir.
İkinci yanlış S.C.Pişəvərinin “İran dövləti daxilində muxtariyyat yaratmış olması” haqqında fikirlərdir. Bu fikiri irəli sürənlər tarixi hadisələri manipulyasiya edərək əsasən gənc nəslin düşüncələrinə nüfuz etmək məqsədi daşıyırlar.
Azərbaycan Demokrat Firqəsinin təsisindən dərhal sonra “Azərbaycan” qəzetində Firqənin məqsəd və tələbləri haqqında geniş yazı çap olundu. Burada dörd əsas tələb diqqəti cəlb edirdi. Azərbaycan xalqına azadlıq və mədəni muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan dilində aparılması, Azərbaycanlıların məclisdə daha ədalətli və mütənasib şəkildə təmsil olunmaları, həmin vəzifələri yerinə yetirmək ucün əyalət və vilayət əncümənlərinin təşkil edilməsi tələb olunurdu. Bu tələblərin hər biri haqqında uzun-uzadı müzakirələr aparmaq olar. Milli hüquqlar, əyalət və vilayət əncümənləri mövzusu hələ məşrutə dövründən xalqın arzularında var idi və ADF bunları elan etdi.
Ola bilsin ki, 1945-ci ilin sentyabırında irəli sürülmüş bu tələblər mərkəzi hakimiyyət tərəfindən eşidilsəydi, qəbul edilsəydi S.C.Pişəvəri bir müddət federativ və ya konfederativ quruluşda Azərbaycanın orada təmsilçiliyini təmin edərdi. Lakin belə olmadı. 1945-ci ilin dekabr ayının 12-nə qədər (21 Azər) İran mərkəzi hakimiyyəti öz çirkin oyunları ilə göstərdi ki, onunla heç bir razılaşma əldə oluna bilməz. Məhz bu zaman S.C.Pişəvəri və onun silahdaşladı Azərbaycan Milli hökumətini yaratdılar və bir il müddətində də nəinki İrana, bütün dünyaya dövlətçilik mədəniyyətinin, xalqa xidmət ideyasının nə olduğunu göstərdilər, sekulyarlığın az bir müddətdə həyata keçirilməsinin təcrübəsini yaratdılar. Odur ki, S.C.Pişəvərinin Azərbaycan Demokrat Firqəsinin öndərliyi ilə yaradılan dövlət Azərbaycan Milli Hökuməti idi və buna fərqli adlar qoymaq səyləri yanlışdı və təxribat xarakteri daşıyır.
Göründüyü kimi Azərbaycan Milli Hökuməti bir gün də olsa muxtariyyat statusunda olmadı. Sovet hakimiyyəti Azərbaycan fədailərinə nəinki dəstək olmadı, 1947-ci ildə İran rejimi SSRİ ilə neft kontraktını imzalamadığı səbəbindən onlara təzyiq etmək məqsədi ilə Kürd faktorundan istifadə etdi.
1947-ci ildə Sovet rəhbərliyinin köməyi ilə, Molla Bərzaninin rəhbərliyi altında olan 2 min nəfərlik silahlı dəstə İrana ötürüldü, silahlı təxribatlar etməyə başladılar ki, az müddətdən sonra dövlət qüvvələri tərəfindən sıxışdırıldılar və silahlı kürdlər da İraq ərazisinə çəkildilər. İraq ərazisində Bərzanilərin hegemoniyasına gedən yol da oradan başlandı.
Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra ölkədə çox dərin köklər buraxmış ADF mühacirətdə fəaliyyətini davam etdirməyə başladı. 1947-ci ilin dekabrın 2-dən “Azərbaycan” qəzetinin mühacirətdə ilk sayı çap olundu və bu günə qədər də fəaliyyətini davam etdirir. Seyid Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra partiyaya 1947-ci ilin noyabr ayından 1954-cü ilə qədər Sadıq Padeqan, 1954-cü ildən 1959-cu ilə qədər Mirqasım Çeşmazər, 1959-cu ildən 1979-cu ilə qədər Qulam Yəhya, 1979-cu ildən 2014-cü ilə qədər Əmirəli Lahrudi rəhbərlik edib və hal-hazırda Rəhim Hüseyinzadə ADF-nin rəhbəridir. Adları çəkilən, Azərbaycan xalqının bu fədakar oğulları bütün siyasi fəaliyyətləri müddətində Azərbaycan Milli Hökuməti ideyalarına həmişə sadiq olublar və bu gün də “Azadlıq, ədalət, milli hökumət” partiyanın siyasi şüarıdır.
1956-1959-cu illərdə Sovet siyasi hakimiyyətinin təzyiqi ilə Azərbaycan Demokrat Firqəsinin İran Tudə Partiyası ilə birləşməsi ideyası gündəmə gətirildi. Tarixi şəraiti nəzərə alaraq müştərək maraqların müəyyənləşdirilməsi və ortaq maraqlarla davranmaq kimi təkliflər irəli sürülürdü ki, o illərdə ADF-yə rəhbərlik etmiş general Qulam Yəhya partiyanın əsas məqsəd və vəzifələrini qorumaq naminə fədakarlıq etdi. Bu da ayrıca bir araşdırmanın mövzusu ola bilər.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
https://crossmedia.az/az/article/31792
Şərhlər bağlıdır.