AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika
və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədlinin
“Azərbaycanın yazılı keramika nümunələrində Xorasan
mədəniyyətinin izləri” adlı məqaləsi Türkiyənin “DergiPark”
bazasında indekslənən jurnalda (“Akademik Tarih ve Düşünce
Dergisi”) işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Məqalədə Abbasilər və
Samanilər dövründə keramika istehsalında baş verən mühüm
yeniliklərdən, ümumilikdə İslam keramika sənətinin inkişafından və
keramikanın epiqrafik material kimi rolundan bəhs edilir. Samanilərin
epiqrafik keramikası İslam sənətinin ən incə nailiyyətlərindən biri
hesab olunur. Həmin nümunələr IX-X əsrlərdə Şərqi İran və Orta
Asiyada mədəniyyətlərin qovuşduğu Samanilər dövründə inkişaf
etmiş şəhər cəmiyyətinin məhsulu idi. Onlar müxtəlif millətlərin
mədəniyyətlərinin – farsların, ərəblərin, türklərin, Sasani irsinin,
İslamın təsirlərinin və Çin keramika sənətinin unikal sintezini əks
etdirir.
Azərbaycandan tapılmış Samani sikkələri və keramika nümunələri
Xorasan mədəniyyətinin ölkəmizdən də yan keçmədiyini göstərir. IX
X əsrlərdə Xorasanda formalaşan mədəniyyət və ədəbiyyat XI əsrdə
Səlcuq türklərinin qərbə doğru axını nəticəsində Azərbaycan
ərazisindən keçərək Anadoluya qədər yayılmışdı.
Samanilərin Azərbaycan mədəniyyətinə təsirini hazırda Azərbaycan
Milli İncəsənət Muzeyində qorunan X-XI əsrlərə məxsus qab
nümunəsində görmək mümkündür. Alidlərin mədəniyyətinə aid,
Cənubi Azərbaycandan tapıldığı güman edilən şəffaf şir altında ağ
slip zəminində qəhvəyi slip ilə boyanmış saxsı qab nümunəsi
üzərində ərəb qrafikasının kufi xətti ilə ərəb dilində yoxsulluq
haqqında kəlam yazılıb. Bənzər keramika nümunələrinin üzərindəki
yazıların tədqiqatına əsaslanaraq, kəlamın Həzrəti Əliyə məxsus
olduğunu demək mümkündür.
Qeyd edək ki, sözügedən jurnal “Harvard University Database”,
“Erih Plus”, “Index Copernicus”, “Crossref”, “İSAM”, “ASCI” və s.
bazalarda indekslənir.
Şərhlər bağlıdır.