Hörmətli cənab Prezident,
Biz, dünyanın müxtəlif ölkələrində yaşayan İran azərbaycanlıları olaraq, İran ilə İsrail arasında başlamış müharibədən dərin narahatlıq keçiririk.
Vətəndaşlarımızın və həmvətənlərimizin üzərinə hər gün yağan bombalar, bizim üçün də ağrı və iztirab mənbəyidir. Bu müharibə yalnız regionda deyil, bütün dünyada təhlükəsizlik və sabitlik üçün ciddi təhdidlər doğurur.
Sizi İran İslam Respublikasının qanuni yolla seçilmiş Prezidenti olaraq, bu dağıdıcı müharibəyə son qoymaq məqsədilə qətiyyətli və cəsarətli addımlar atmağa çağırırıq. Müharibənin davam etməsi həm insan tələfatına, həm də ölkənin siyasi, iqtisadi və sosial sabitliyinə ciddi zərbə vurmaqdadır.
Siz hazırda İran rəhbərliyi daxilində həm Qərb ölkələrinin siyasi dairələri, həm də qonşu dövlətlərin nümayəndələri tərəfindən demokratik düşüncəli, sekulyar, dialoqa üstünlük verən və savaşa qarşı olan yeganə şəxsiyyət kimi qəbul edilirsiniz. Xüsusilə İranda yaşayan türklər başda olmaqla, müxtəlif etnik və dini azlıqların da sizə qarşı yüksək ümid və rəğbəti vardır.
Biz İran rejiminin hazırkı siyasətindən narazı olmağımıza baxmayaraq, sizə inam bəsləyirik. İnanırıq ki, sizin rəhbərliyiniz altında insan hüquqlarına, milli azlıqların hüquqlarına və ölkədə demokratiya prinsiplərinə daha çox hörmət ediləcəkdir.
Bu çətin vəziyyətdən çıxış yolu tapmaq üçün qardaş və qonşu ölkələr – Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə birgə məsləhətləşmələrə başlamağınızı, regional diplomatik təşəbbüslərlə sülh imkanlarını araşdırmağınızı təklif edirik. İnanırıq ki, bu istiqamətdə atılacaq hər bir addım regionun gələcəyi üçün ümidverici olacaqdır.
Siz xalqın iradəsi ilə seçilmiş ölkə başçısısınız. Əgər zərurət yaranarsa, dövlətin idarəçiliyində daha geniş məsuliyyəti üzərinizə götürərək, bu müharibəni dayandırmaq və sülhü bərqərar etmək üçün bütün imkanlardan istifadə etməyinizi sizdən xahiş edirik.
Dərin hörmət və ümidlərlə,
Səttar Sevigin
İsveç – Stokholm
2025-06-16
Az .Global
Şərhlər bağlıdır.