1xeber.media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, buna baxmayaraq, Hindistan Çin və ya Rusiya kimi İsrailin İrana hücumunu qınayan bəyanat yaymayıb:
“Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsa da, qurumun İsrail əleyhinə hazırladığı bəyanatına imza atmayıb. Dehli fərqli mövqedən çıxış edib. Hindistan Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda tərəfləri sadəcə danışıqlara və diplomatik kanallardan istifadəyə çağırıb. Halbuki, Şanxay Əməkdaşlıq Təşkilatının bəyanatında İsrailin İrana hücumu, o cümlədən insanların ölümünə yol açan mülki hədəflərin dağıdılması pislənilib. Bəyanatda İsrailin hücumları İranın suverenliyinə qəsd kimi qiymətləndirilib.
Yeni Dehli belə bir bəyanata imza ata bilməzdi. Çünki Hindistanın hərbi-texniki sahədə İsraillə sıx tərəfdaşlığı mövcuddur. İsrail son Hindistan-Pakistan toqquşmasında Dehlinin mövqeyini dəstəkləyib. Bu səbəbdən Dehli İsrail-İran müharibəsində neytral mövqeyə üstünlük verib. Buna baxmayaraq, Hindistan İranda vəziyyətin gərginləşməsindən narahatdır. Hindistan İranın Çabahar limanını yatırdığı kreditlər qarşılığında 10 illiyinə idarə etməliydi. Bunun reallaşması müharibə şəraitində mümkün görünmür. Ümumiyyətlə müharibə fonunda Avrasiya ölkələrinin İranla bağlı nəqliyyat layihələri müəyyən müddətə sıfırlanıb”.
Şərhlər bağlıdır.