İsrailin İrana hücumundan sonra baş verən hadisələr beynəlxalq arenada
diqqətlə izlənilir. Bölgədə gərginlik artır, tərəflər qarşılıqlı zərbələr endirir və
münaqişənin daha da böyüməsi ehtimalı gündəmdədir. İran rəhbərliyi bütün
bunlara sərt cavab verəcəyini bildirir, ordusunu hazırlıq vəziyyətinə gətirib. İsrail
isə strateji hədəfləri vurduğunu açıqlayır. Bütün bunların çərçivəsində regionda
yeni böhran ssenariləri müzakirə olunur. Bu kontekstdə “Azərbaycan türkləri bu
prosesdən necə təsirlənəcək?”, “İranda yaşayan azərbaycanlıların taleyi necə
olacaq?” kimi suallar meydana çıxır.
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru, İran
məsələləri üzrə mütəxəssis Pərviz Kazımi Crossmedia.az-a müsahibə verib.
— İranda yaşayan azərbaycanlıların taleyi necə olacaq?
— Şübhəsiz ki, İranda yaşayan azərbaycanlıların taleyinin necə olacağı hər
birimizi düşündürür. Son günlər baş verən İsrail-İran qarşıdurması bir sıra
sualları gündəmə gətirir. Bir tərəfdən, İran İslam Respublikasının “İsrailə ölüm”
ritorikası 45 ildir ki, davam edir və bu da İsraili özünü müdafiə tədbirləri görməyə
vadar edir. Digər tərəfdən, Güney Azərbaycanda yaşayan həmyerlilərimizin bu
qüvvələr arasında bərabər olmayan qarşıdurmadan ziyan görə biləcəkləri bizi
narahat edir.
İran uzunmüddətli İran-İraq müharibəsində insanların pasionarlığını sındırmağa
çalışıb və müharibəni məğlub olaraq bitirib. O zaman İranın dini rəhbəri olan
Xomeyni vəziyyəti “Sülh müqaviləsini zəhər badəsi olaraq içdim” deyə
qiymətləndirmişdi. İran müharibəni uduzdu, ancaq insanların mübarizə əzmini
sındırdı; ədalət axtarışı, təşkilatlanma, arzu və istəkləri açıq elan etmək və tələb
etmək cəsarətini bir müddətə itirdilər. Lakin illər keçdikcə yeni nəsl meydana
gəldi: düşünən, dünyanı tanıyan internet nəsli. Yeni nəsil milli ruhlu nəsldir.
Artıq “siz fars idiniz, moğollar gələndən sonra türk oldunuz” kimi layihələr gülüş
və ikrah doğurur. Gənclər türk kimliyi ilə fəxr edirlər.
İranda Pəhləvilər zamanı da milli mövzular təhlükəli hesab edilirdi, İslam
Respublikası zamanı da təhlükəlidir. İranda 20 nəfər bir salonda toplaşıb tiryək
çəkərsə, bunu polis bilər və əsasən də heç müdaxilə etməz. Əgər 10 nəfər milli
düşüncəli adam bir yerə toplaşıb söhbət apararsa, onları mütləq yaxalayıb
xüsusi xidmət polisinə aparar, incidər, birini digərinin üzünə durdurar, iddia edər
və mütləq bir neçə nəfəri həbs edərlər.
Bu baş verən hadisələr İranda milli ruhlu insanları mütəşəkkil etməli və
vəziyyətdən çıxış yolları axtarmağa sövq etməlidir. Azərbaycanda belə
pasionar insanlar çoxdur.
— Son hadisələrin bu şəkildə inkişafı İran hakimiyyətində dəyişikliklə nəticələnə
bilərmi?
— Bütün baş verənlər göstərir ki, İran İslam Respublikasında hakimiyyətin
dəyişməsi labüddür. “Mərg bər İsrael”, “mərg bər Amrika” şüarları ilə dövlət
saxlamaq, militarist siyasət aparmaq, fəsadlar və təxribatlar törətmək kimi
əməlləri güc mərkəzləri daha qəbul etmək istəmir. İsrailin və ABŞ-nin rəsmi
nümayəndələri də elan edirlər ki, bu dəfə preventiv zərbələrlə cəza hərəkatı
olmayacaq. Məqsəd siyasi hakimiyyətin dəyişdirilməsidir. Bu ya könüllü
olmalıdır, ya da zor gücü ilə. İran tarixində bu kimi hadisələr bir neçə dəfə olub.
Dünya 45 ildir ki, “İran fenomeni” ilə qarşı-qarşıyadır. İran insanlarını yoxsulluq
içində saxlayan ideologiya ilə dünyada ədalət axtarışındadır. Ərəblərin həyat
tərzi, Amerikanın imperiyaçılığı, sünnülərin ədalətsizliyi, yahudilərin qanunsuz
varlığı ictimai müzakirədədir. Əvvəllər yanlış böyük ayətullalar “imam zamanla”
danışa bilirdi. İndi bütün mollalar imam zamandan təlimatlar alırlar. Bir qrup
nomenklatura bu oyunların aktiv iştirakçısıdır və İran sürətlə islami dəyərlərdən
uzaqlaşır. Yeni dini konsepsiya ortaya gətirir. Odur ki, bir çox din xadimləri də
bu proseslərdən narahatdırlar.
— Əgər İranda hakimiyyət dəyişikliyi baş versə, yeni hakimiyyətə kimin gəlməsi
ehtimal olunur?
— İranda hakimiyyətə gələcək qüvvələri həmişə xarici güc mərkəzləri təyin
edib. Bu dəfə də bunu etməyə çalışacaqlar. Hal-hazırda Rza Pəhləvini bu
missiya üçün hazırlayırlar. 1941-ci ildə də ingilislər Rza şahı Afrikaya sürgün
etdilər və oğlunu şah elan etdilər. Həmin dövrdə SSRİ də yeni İran dövləti
modeli qururdu və “Tudə” partiyasını bu məqsədlə təsis edərək orada fəhlə
kəndli hakimiyyəti qurmaq istəyirdi. Ancaq həmişəki kimi ruslar ingilislərə
uduzdular. Bu dəfə də müxtəlif ssenarilər hazırlanır. Ancaq indi İran da o İran
deyil, insanlar da xeyli fərqlidir. Azərbaycanlılar qarşısında Azərbaycan
Respublikası və Türkiyə Cümhuriyyəti kimi bir dövlət modeli var.
Güneydə azərbaycanlılar sekulyar dövlətçiliyə təmayüllüdürlər. İslam və
müsəlmanlıq insanlar üçün nə radikalizm ideologiyası, nə də düşmənçilik
mənbəyidir. Əxlaq və milli tərbiyənin tərkib hissəsidir. Hakimiyyətin transferi ilə
əlaqədar İran rəhbərinin də öz planları var. Doğrudur, dini klanlar tərəfindən
dəstəklənməyən plandır. Ancaq həmişə olduğu kimi, bu planı insanlara
sırımağa çalışacaqlar. İranın son yüz ilində siyasi qüvvələri və ideoloji
təşkilatları dini klanlar olub. İranda Tehran mollaları hakimiyyəti təmsil edib,
Qum mollaları İran şiyəliyinin qalası, Məşəd mollaları maliyyə resurslarının
mərkəzi olub və bu gün də belədir. Bu klanların da ayrı-ayrılıqda İran
hakimiyyəti ilə əlaqədar planları var. İranda bu klanlardan kənarda da din
xadimləri var və onlar bəzi əyalətlərdə ciddi tərəfdar kütləsinə malikdirlər.
Ölkənin bir çox əyalətlərində siyasi qüvvələr məscidlərdə təşkilatlanıblar və dini
qurumlar onların ofisi kimi fəaliyyət göstərir.
“Vilayəti fəqih” aradan qaldırılarsa, çox sayda din xadimi əbasını çıxarıb siyasi
xadim olaraq ortaya gələcək. Əlbəttə ki, müasir dövrün melkum xanları, yeprem
xanları da var və onları da siyasi meydanda görəcəyik.
— Bəs İran parçalana bilərmi ? – İran parçalanmağa məhkumdur. Böyük tarixi mərhələdə İran dövlətini türk
dominantlığı üzərində qoruyub saxlayıblar. Son yüz ildə İranda siyasi-milli elita
dövləti əlində inhisar edib və bu da geniş xalq kütlələrinin heç də xoşuna
gəlməyib. Yalnız repressiyaların hesabına hakimiyyəti saxlaya biliblər. İran
İslam Respublikası da ilk günlərində milli arzu və istəklərə cavab verə bilmədi
və alternativ olaraq “Yoxsullar dövləti” (hökuməti müstəqil) qurmaq planını elan
etdi. Lakin, nəticədə “dini məmurlar” dövləti qurdu və insanları ənənəvi
İslamdan uzaqlaşdırdı. Bu gün Azərbaycanlıların dominant olmadığı dövlət
İranda ayaqda qala bilməz. Bunu əlbəttə, güc mərkəzləri də bilirlər. Lakin
həmişə olduğu kimi, 1925-də, 1946-da, 1979-da həyata keçirilən ssenariləri
yenidən işə salmaq ümidindədirlər.
Əminliklə deməliyik ki, bu dəfə həmin ssenarilər işə yaramayacaq. İranda böyük
sosial-mədəni proseslər baş verib. İranın cənubunda yaşayan ərəblər indi artıq
sahibsiz deyillər və özlərini də iranlı hesab etmirlər. Bəluclar Pakistanla
inteqrasiya edirlər, sünnidirlər və özlərini heç vaxt iranlı hesab etməyiblər.
Kürdlər İranda böyük qüvvədir. Doğrudur ki, İran İslam Respublikası onlardan
müxtəlif məqsədlərlə istifadə etməyə çalışıb. Lakin mütəşəkkil qrupları olan
kürdlər istənilən zaman özlərini ifadə etməyə hazır olacaqlar.
O ki, qaldı azərbaycanlılara, stadyonlarda “Təbriz, Bakı, Ankara – Biz hara
farslar hara” şüarlarını yüzminlərlə gənc hayqıranda, artıq məlum olur ki, kim
kimdir. Azərbaycan türkləri İranın əsas güc mərkəzidir. Onların çox böyük bir
faizi milli ruhlu, vətənpərvər insanlardır və İranda birgəyaşayışın ədalətsizliyini
öz həyatında görmüş və sınamış insanlardır.
İran parçalanmağa məhkumdur, çünki İran xalqları əsarətdən can qurtarmaq
istəyir və bu dəfə heç bir vədlərə inanmayacaqlar. “Tehranlı millətini” pəhləvilər
yaratmağa başladı və mollalar da davam etdirdi. Lakin bu tehranlı modeli iranlı
modelinə çevrilə bilmədi. Tehranda mükəmməl fars dilində danışanlar
ermənilərdir. Müxtəlif insan qrupları Tehranın cənubunda gündəlik qaygılarını
ödəmək üçün çarpışır və fəlakət içindədirlər. Tehranın şimalında əvvəllər
xanzadələr gəzən məhəllələrdə indi axundların övladları bahalı Avropa
avtomobillərində gəzirlər. Cəmiyyət o qədər təbəqələşib ki, “bir günün
qazancına” atasını satmağa hazır olanlarla, dövləti İsrailin xüsusi xidmətlərinə
satmağa hazır olan məmurlar və məmur övladları qədər kontraslıdır.
İranın parçalanmasından Azərbaycanlılar ən çox ziyan görə bilər. Belə ki, İranın
bütün əyalətlərində Azərbaycanlılar yaşayır və orada çox saydadırlar. Lakin
İsfahanda, Kirmanda, Abadanda Azərbaycanlılar yaşayır deyə Azərbaycan öz
müstəqilliyini qurub öz gələcəyini əlinə almamalıdır? Belə düşünənlər
sadəlövdür. Əgər Güney Azərbaycan “Azadlıq, Ədalət, Milli hökumət” arzularını
həyata keçirərsə və güclü, suveren dövlət qurarsa, o zaman İsfahanda,
Kirmanda, Abadanda yaşayan azərbaycanlılar daha çox asayişdə ola bilərlər.
— Sizcə, Azərbaycan dövlətinin baş verən hadisələrə münasibəti necə
olmalıdır?
— İran İslam Respublikasının yenidən formatlanması məqsədilə gedən
proseslərdə Azərbaycan, yəqin ki, tamaşaçı olmamalıdır. Azərbaycanın
mövqeyi Türkiyə Cümhuriyyətinin mövqeyi ilə yəqin ki, üst-üstə düşəcək. İranda
yaşayan azərbaycanlı türklərin təhlükəsizliyi, repressiyalara məruz
qalmamaları, bombalanmadan və təzyiqlərdən qorunmaları haqqında
Azərbaycanın haqlı qayğıları var və bu istiqamətdə beynəlxalq hüquq
çərçivəsində fəaliyyəti davam edəcək. Bu istiqamətdə Türkiyə də Azərbaycanı
mütləq dəstəkləyəcək.
İran o ölkədir ki, ölkə prezidentinin iddia və səyləri nəticəsində bu ölkədə milli
dildə məktəb açmaq mümkün olmayıb. Deməli, ölkə prezidenti insanlarını xarici
hücumlardan da qoruya bilməyəcək. Onun belə səlahiyyəti və qüvvələri yoxdur.
Dövlətin təhlükəsizliyi ilə əlaqədar bütün əmrləri bir nəfər din xadimi verir. Din
xadiminin səlahiyyətləri alınarsa, hakimiyyət prezidentə ötürülməlidir. Bu
zaman silahlı qüvvələrin, güc strukturlarının müxtəlif qolları özünü necə
aparacağı məlum deyil. Daxili çaxnaşmalar, hətta vətəndaş müharibəsi
ssenariləri də gözlənilə bilər.
Nəzrin Salmanova
Şərhlər bağlıdır.