İsrail və İran arasında atəşkəs əldə olunsa da, bu razılaşma hələ
kövrəkdir.
Yaxın Şərqdə sülhə nail olunması və daha fəlakətli müharibənin qarşısının
alınması bu atəşkəsin davamlılığından asılı olacaq. Ən vacib olan isə İranın
nüvə və raket proqramlarına dair rəsmi Tehranın ABŞ ilə Oman paytaxtı
Muskatta davam etdirəcəyi qapalı danışıqların nəticəsidir.
İran nüvə proqramından imtina etsə, teokratik rejim daha da zəifləyə və çökə
bilər.
Mövcud vəziyyətə və proseslərin gələcək inkişafına aydınlıq gətirmək
üçün “Cebheinfo.az”-ın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
cavablandırıb. Azerbaycan-ruznamesi.org həmin mətni oxucularına təqdim
edir.
-İsrail və ABŞ ilə İran arasında sülhə nail olunması ilk növbədə atəşkəsə
əməl olunmasından asılıdır. Sizcə, atəşkəs davamlı olacaqmı? – Bu hərbi əməliyyatların təşəbbüskarının hansı tərəf olmasının fərqi yoxdur.
Çünki bu dövlətlər arasında əvvəldən düşmənçilik var idi. İran İslam
Respublikası yarandığı gündən bəyan edib ki, İsrail dövləti məhv olmalıdır. Bu
alınmadı. İsrailin isə elan edilmiş iki açıq məqsədi var.
Birincisi, İranın nüvə proqramının ləğv olunması və raket proqramlarının
dondurulması, yaxud dayandırılmasıdır. İkinci məqsəd İranın idarəetmə
sisteminin dəyişdirilməsidir.
İsrail İran rejiminin dəyişdirilməli olduğunu deyir. İndi atəşkəs bərqərar olsa,
hərbi əməliyyatların İran tərəfindən davam etdirilməsi mənasız olar. Çünki
İranın qarşısında İsraildən və ABŞ-dən başqa Qərb koalisiyası, Körfəz
dövlətləri, ərəb ölkələrinin böyük hissəsi dayanır. İndi atəşkəs şərait yaradacaq
ki, israil və Qərb koalisiyası tərəfindən bəyan edilən məsələlər öz həllini tapsın.
Mən güman edirəm ki, ABŞ-nin danışıqlar aparmaqda məqsədi öz hədəflərinə
çatmaq üçün qarşı tərəfin təbliğati və ya imic baxımından hansısa probleminin
yaranmamasıdır. Onlar yaxşı başa düşürlər ki, İran cəmiyyətində hazırkı
hakimiyyətin də öz tərəfdarları var.
Ona görə də istədiyinə nail olmağa çalışır. Bu baxımdan, Netanyahu ilə
Trampın bəyanatlarında fərq müşahidə olunur. Məlumdur ki, Omanda ABŞ və
İran arasında danışıqlar formatı mövcuddur. Həmin format çərçivəsində nüvə
proqramına dair hansısa razılaşma əldə olunub. – Yəni hesab edirsiniz ki, tərəflər hər hansı gizli razılığa gəlib… – Bəli. Hətta nüvə mərkəzini dağıtmaqla İran ictimaiyyətinə göstərdilər ki, bunun
barəsində danışmaq əsassızdır və bu, de-fakto dağılıb. O ki qaldı raket
texnologiyalarına, bununla bağlı xüsusi konvensiya var. Uçuş məsafəsi 300
kilometrdən artıq olan raket texnologiyaları başqa ölkələrə verilməməlidir.
İranın raket proqramının nəzarət altında saxlanılması məqsədlərdən biri
olacaq.
O ki qaldı rejimin dəyişməsinə, bu istiqamətdə bəzi islahatlar gündəmdədir.
İranın daxilində də bununla bağlı müəyyən müzakirələr gedir. Dəyişikliyin hansı
formada baş verəcəyini söyləmək çətindir. Nəzərə almaq lazımdır ki, İranda
mürəkkəb xüsusi bir dövlət quruluşu var. Dövlət orqanları ilə yanaşı,
səlahiyyətləri daha geniş olan qurumlar var. Ali rəhbərin birbaşa tabeliyində
olan Ekspertlər Şurası, ordu, hansısa iqtisadi strukturlar və s. fəaliyyət göstərir.
Əgər islahatlar baş versə, bu anormal qurumların bəziləri ləğv edilə bilər.
Vaxtilə SSRİ-də də bunabənzər sistem var idi. Hökumət və dövlət qurumları ilə
yanaşı, geniş səlahiyyətlərə malik partiya orqanları fəaliyyət göstərirdi. Rayon
partiya komitələri iqtisadiyyatı idarə edirdi, orduda siyasi şöbələr mövcud idi.
Yenidənqurma dövründə partiyanın bu səlahiyyətlərinə xitam verildi. Mən
İranda da bu cür dəyişikliklərin baş verəcəyini istisna etmirəm. Qərb koalisiyası
və İran arasında gedən müharibənin nəticəsi kimi bu islahatların aparılacağı
gözləniləndir. – İran rejiminin dəyişməsi prosesinin etiraz aksiyaları hesabına, yəni
aşağıdan yuxarı və daxili amillə bağlı olacağına dair rəylərə daha çox rast
gəlmək olar. Siz isə bu prosesin beynəlxalq öhdəlik kimi yuxarıdan aşağı
həyata keçirilən islahatlar baş verəcəyini proqnozlaşdırırsınız… – Mən rəsmi öhdəliyin olacağını görmürəm. Çünki aparılan danışıqlarda,
təmaslarda mövzuların hamısı cəmiyyətə çatdırılmayıb. Yenidənqurma vaxtı
SSRİ rəhbərliyinin hansı öhdəliyi yerinə yetirdiyi bəlli deyildi.
Birdən-birə Çikaqo iqtisadi məktəbinin müşavirləri Sovet hökumətinin
idarəçiliyində yer almağa başladılar. Yəni bu, müxtəlif şəkildə ola bilər. Rəsmi
olmasa da, fərqli öhdəliklərin olması göz qabağındadır. – Atəşkəs hələ sülh deyil və potensial münaqişə deməkdir. Bu baxımdan,
İranın ABŞ-nin tələblərini yerinə yetirəcəyinə inanırsınızmı? Unutmaq
olmaz ki, atəşkəsdən həm İran, həm də İsrail əlini gücləndirmək üçün
istifadə edəcək. Belə olan halda atəşkəsə riayət ediləcəyinə zəmanət
varmı? – Dərhal bu danışıqlara gedilməsi və atəşkəs haqqında razılaşmanın əldə
olunması deməyə əsas verir ki, hər hansı sənədlərin imzalanması prosesi
olmayacaq. İctimaiyyətin nəzarətindən kənarda İranda siyasi nüfuza malik olan
qurumlarla Qərb arasında razılaşma əldə olunacaq.
Amma bu, bərabər tərəflərin razılaşması deyil. İran artıq hərbi məğlubiyyəti
başa düşür, hərbi əməliyyat aparmaq iqtidarında deyil. İranın elitası bu reallığı
nəzərə alaraq hansısa şərtləri yerinə yetirməyə məcburdur. İsrail
ultimatumunda İranın neft sənayesinin vuracağı ilə hədələyir. Bu isə böyük
iqtisadi fəsadlara səbəb olacaq.
İranın dövlət büdcəsi enerji daşıyıcılarından asılıdır. Nəticədə İranda böyük
sosial partlayış baş verə bilər. Ona görə də mən sosial şəbəkələrdə də
bildirmişəm ki, İran müharibəni uduzub. Çünki hava sahəsində üstünlük İsrailə
məxsusdur. Mən bu məsələdə tərəf tutmuram və təbliğatçı deyiləm. İran da
məğlub tərəf kimi özünün xoşuna gələn və gəlməyən şərtlər arasında seçim
etməlidir. Ya da müharibəni davam etdərsə, hava zərbələri ilə İranın
iqtisadiyyatını, inkişafını on illərlə geriyə atacaqlar. – İran kapitulyasiya sənədini imzalaya bilər yoxsa, həmin mərhələ hələ
çatmayıb? – Sizin terminologiyanız klassik diplomatiyanın məfhumlarıdır. Bu, kiminsə
xoşuna gələ də bilər, gəlməyə də. Heç bir tərəf istəməz ki, “kapitulyasiya”
ifadəsi işlənsin. Ona tarix qiymət verəcək. Bu çətin vəziyyətdə İranın siyasi
elitası çox mürəkkəb qərarlar qəbul etməlidir. Vəziyyətin təhlili göstərir ki, hərbi
əməliyyatlar zamanı İranın i özünü madafiə etməyə və suverenliyini qorumağa
mkanı çatmayıb. – Sizcə, atəşkəs Qərb koalisiyası ilə İran arasında əldə olunub, yoxsa, bu,
daha qlobal səviyyədə, yəni ABŞ və Çin arasında və qapalı şərtləri özündə
ehtiva edən bir razılaşmadır? Çünki İsrail və İran faktiki olaraq, ABŞ və
Çin arasında vəkalət müharibəsi aparır. – İran uzun müddətdir ki, özünü hansısa siyasi düşərgənin üzvü kimi təqdim
edir. İndi bu üzvə ciddi zərbə dəyib. İran, Rusiya, Çin, Şimali Koreyanı müttəfiq
adlandırsalar da, bu dövlətlərin ittifaqı formalaşmayıb. Onların qarşılıqlı
öhdəlikləri də yoxdur. Hətta Qərb koalisiyası daxilində də yekdil mövqe
görmürük. Tramp və Makronun sözü üst-üstə düşmür. İranın aid olduğu
düşərgə formalaşmayıb. Amma ABŞ və bəzi Qərb dövlətləri İsrailə hərbi dəstək
verdilər.
Bu da Qrəb düşərgəsinin daha mükəmməl şəkildə formalaşdığını göstərir.
Hətta bəzi ərəb ölkələrinin də İsrailin yanında yer aldığını istisna etmirəm. İndi
isə yarıgizli, yarıaçıq, yarıhərbi, danışıqlardan ibarət siyasi proses gedir.
Müəyyən mərhələdə danışıqlar dondurulur və hərbi əməliyyatlar bərpa
olunur. Proseslər göstərir ki, nə Rusiya, nə Çin İranın yanında yer aldı. Körfəz
ölkələri İran raketlərinin öz ərazisindən İsrailə uçmasına imkan vermədi.
Raketləri və PUA-ları vurublar. Hətta Suriyanın yeni rəhbərliyinin İrana qarşı
mübarizədə İsrailin yanında yer alacağını istisna etmirəm. Görün, əvvəlki
mənzərə necə dəyişib.
Müşfiq Abdulla
Şərhlər bağlıdır.