TRT xəyanətə görə Azərbaycandan üzr istəyəcəkmi?!

Güney Azərbaycan bölgəsində İran rəsmi qaynaqlarında yayımlanan
xəritədə Qərbi Azərbaycan əyalətinin mərkəzi olaraq tanınan Urmiya
şəhərinin Türkiyənin dövlət kanalı TRT-də “kürd şəhəri” olaraq
tanıdılması ya cəhalət, ya da proqrama məsul şəxslərdən qaynaqlanan
xəyanətdir.
Bunu Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar TRT-də 10 iyulda
Urmiyanın kürd şəhəri olması ilə bağlı yayımlanan bir saatlıq veriliş haqda qeyd
edib.
“Kürdləri sevmək sərhəd tanımırmı? Buralar azmış kimi, sərhədlərdən kənarda,
həm də Türkiyə sərhədinə 50 km məsafədə yerləşən, eyni zamanda İraq
sərhədinin çox yaxınlığında olan Azərbaycan türklərinin tarix boyunca ən sıx
yaşadığı son dərəcə strateji bölgəni kürd şəhəri olaraq tanıtmaqda məqsəd
nədir? Heç olmasa, Türkiyə Dəyanət Vəqfinin yaydığı İslam ensiklopediyasını
oxuyardınız… Orada yazılır: “Başda İstəxri olmaqla İslam coğrafyaçıları X-XIII
əsrlərdə havasını, suyunu və meyvələrini öydükləri Urmiyəni (Rumiyə/Urumiyə)
Ərdəbil və Marağadan sonra Azərbaycanın üçüncü böyük şəhəri deyə təsvir
etmişdir”.
O tarixdən indiyədək Urmiya türk şəhəri olaraq kimliyini qoruyub saxlayıb.
Bu ilin martında fars rejiminin Novruz bəhanəsi ilə Urmiyada bilərəkdən təşkil
etməyə cəhd etdiyi kürd ekspansionist təxribatına qarşı türklər faktiki olaraq
tarix yazdı və bütün dünyaya “Urmiya türkdür və türk qalacaq!” deyə hayqırdılar.
Bunu duymadınızmı?
Necə ola bilər ki, bir yayımçı bizim sərhədimizdə belə əlamətdar hadisəni
diqqətdən qaçıra bilər?
18 mart 2025-ci il tarixində PKK-PJAK-a dəstək verən kürd irqçiləri Urmiya
yaxınlığındakı kürdlərdən böyük bir izdiham toplayaraq güclərini nümayiş
etdirməyə çalışdılar. Ancaq Urmiyanın əksəriyyətini təşkil edən türk əhalisinin
küçələrə çıxaraq vəziyyətə nəzarəti ələ alması onları məyus etdi. Bunu da
görmədiniz?
Həmin proqramda barmağı olanlar Urmiyanın əsl sahibləri – meydanlarda “Nə
mutlu türküm deyənə”, “Urmu türkdür, türk qalacaq”, “Bakı, Təbriz, Ankara, biz
hara, farslar hara?” şüarları ilə mübarizə aparan Azərbaycan türklərindən üzr
istəməlidirlər”,- deyə Aygün Attar bildirib.
Birxeber.media

Şərhlər bağlıdır.