Akademikin Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfransda məruzəsi

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk
Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc”
kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi
Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar açaraq Bəxtiyar Vahabzadənin öz yaradıcılığı ilə Azərbaycan istiqlal
tarixini dolğun şəkildə əks etdirdiyini vurğulayıb, xüsusilə onun “Gülüstan”
poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd edib. AYB sədri
Anar Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya
Fondun nəşr etdiyi “Özümüzü kəsən qılınc” kitabına görə minnətdarlığını
bildirib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, AMEA
nın Rəyasət Heyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar
Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il
tarixli Sərəncamının icrası ilə əlaqədar Akademiyanın Tədbirlər planı
təsdiqlənib.
Tədbirlər planında “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal”,
“Bəxtiyar Vahabzadənin poeziyasında ana dili sevgisi”, “Bəxtiyar Vahabzadə
yaradıcılığının folklor konteksti”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli
istiqlal təfəkkürünün formalaşması”, “Bəxtiyar Vahabzadə və Türk dünyası” və
s. mövzularda seminar, konfranslar, dəyirmi masaların təşkili, “Azərbaycan
ədəbiyyatşünaslığı” jurnalının Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş
xüsusi buraxılışının nəşri, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili
mövzusu ilə bağlı mətbuatda elmi-publisistik yazıların dərc olunması, “Bəxtiyar
Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyası və s. nəşrlərin çapı əksini tapıb
və hazırda icra olunur.
AMEA rəhbəri çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirib.
“Əgər sevirsənsə, ayaq səsimdən – Gərək biləsən ki, Bəxtiyar gəlir”, – misrasını
səsləndirərək onun poeziyasının gücünə diqqət çəkib. Həmçinin Ümummilli
Lider Heydər Əliyevin ümumtürk siyasi düşüncəsinin Bəxtiyar Vahabzadənin
yaradıcılığında öz əksini tapdığını qeyd edib və “Azərbaycan-Türkiyə” şeirində
Ulu Öndərin “Bir millət, iki dövlət” ideyasının bədii şəkildə ifadəsini tapdığını
vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında
qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən şairin “Özümüzü kəsən
qılınc” kitabının nəşr edilməsi təkcə ədəbi hadisə deyil, həm də milli şüuru
oyandıran şairin xatirəsinə töhfədir: “Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın
yox, bütün türkdilli xalqların səsidir. Biz onun irsinin qorunub, gələcək nəslə
çatdırılmasına töhfə verməyimizlə qürur duyuruq”, – o bildirib.
Kitabın elmi redaktoru Fərid Hüseyn əsərin mahiyyəti haqqında məlumat verib.
Akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş
şəkildə şərh edib.
Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri – o cümlədən, Muxtar
Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə
yaradıcılığına dair dəyərli fikirlərini bölüşüblər.
Science.gov.az

Şərhlər bağlıdır.