5 avqust, 2025
Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Berlindəki Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri “Konstutisiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları ilə görüşüb.
Görüş zamanı diaspor rəhbərləri Azərbaycan Evlərinin fəaliyyətləri, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin və həqiqətlərinin təbliği istiqamətində gördükləri işlər, qarşılaşdıqları çətinliklər və əldə etdikləri uğurlar barədə ətraflı məlumat veriblər. Vətənin və xalqımızın xaricdə tanıdılmasında, təbliğində, müsbət imicinin formalaşmasında Azərbaycan evlərinin əhəmiyyətli rol oyandığı qeyd edilib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərində həftəsonu məktəblərinin açıldığı bildirilib. Həmin məktəblərdə əsasən Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin tədrisi ilə yanaşı, rəqs, musiqi, şahmat və digər milli mövzularda dərslər keçirildiyi diqqətə çatdırılıb.
Gənclərlə səmimi və ruhlandırıcı müzakirələr aparılıb, onlar xaricdə milli kimliyimizi qorumağa və daha fəal diaspor fəaliyyətinə qoşulmağa çağırılıblar. Qonaqlar, həmçinin Diaspor Gənclərinin Yay düşərgələrinin xaricdəki Azərbaycan gəncliyinin milli ruhda formalaşmasında və diaspor şəbəkəsinin gücləndirilməsində mühüm amil olduğunu vurğulayıblar.
Daha sonra dünya şöhrətli fotoqraf Reza Deqati çıxışında hər bir soydaşımızın yaşadığı ölkədə Azərbaycanın səsini dünyaya çatdıra biləcəyini bildirib. O, foto, video və sosial media vasitəsilə mədəniyyətimizi və tariximizi tanıtmağın mümkün olduğunu, bu işdə diaspor gənclərinin fəallıq göstərməsinin önəmini dilə gətirib.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.
Foto qalereya
Şərhlər bağlıdır.