Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
8 avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə
8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında
əldə edilmiş tarixi razılaşma, strateji Qafqaz bölgəsində onilliklərdir davam edən ən mühüm
münaqişələrdən birinə son qoymuşdur. Bu hadisə, beynəlxalq sistemin yeni mərhələyə qədəm
qoymasının mühüm addımlarından biri kimi qiymətləndirilə bilər. Yeni beynəlxalq nizam,
xüsusilə mal, enerji və kommunikasiya xətləri üzərində qurulmuş əlaqələrin inkişafı ilə
xarakterizə olunur.
Bu razılaşma hələ müəyyən olunmuş vaxt çərçivəsində hüquqi təsdiq mərhələsindən
keçməlidir. Lakin artıq bu ilk addım bölgədə güc balansını dəyişmiş və yeni yaranmaqda olan
Türk dövlətləri blokunun formalaşması üçün mühüm zəmin yaratmışdır. Qarabağ Vətən
müharibəsində qəti qələbə, Avropaya enerji təminatı və indi isə Zəngəzur dəhlizi vasitəsilə
Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirmə təşəbbüsü ilə Azərbaycan Respublikası bu
yeni blokun aparıcı qüvvəsinə çevrilmişdir.
Bu proseslər bölgədə anti-Türk mövqeyi ilə tanınan bəzi ənənəvi oyunçuların – xüsusilə İran
İslam Respublikası və Rusiya Federasiyasının – beynəlxalq hüquqa zidd və emosional
reaksiyalarına səbəb olmuşdur. Anti-Azərbaycan siyasəti nəticəsində Qafqaz geosiyasətində
meydanı Azərbaycan, Türkiyə, ABŞ, İsrail və digər güclərə uduzan İran rejimi, hələ də
Zəngəzur dəhlizinin açılması və Qafqazda sülhün bərqərar olması istiqamətində əngəllər
yaratmağa çalışır. Bu qarşıdurma siyasəti, daxili və xarici fars-mərkəzçi media və dairələrin
dəstəyi ilə aparılmaqda və yalnız anti-Türk hisslərin ifadəsi ilə nəticələnməkdədir.
Biz, Güney Azərbaycan Siyasi Təşkilatları Əməkdaşlıq Şurası olaraq, bu tarixi razılaşma
münasibətilə Azərbaycan xalqını və dövlətini, eləcə də Qafqazda sülh və sabitliyin
qurulmasında rol oynamış bütün tərəfləri təbrik edirik. Razılaşmanın ən qısa zamanda icra
olunmasını və Qafqaz xalqlarının, Türk dünyasının, xüsusilə də Güney Azərbaycanın
inteqrasiyasının sürətlənməsini arzulayırıq.
Biz həmçinin bu tarixi razılaşmaya qarşı hər hansı təbliğat və ya dağıdıcı hərəkətləri
qətiyyətlə pisləyirik.
Yaşasın Azərbaycan milləti!
Yaşasın xalqların sülhü və dostluğu!
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası:
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
Şərhlər bağlıdır.