Stokholmda ABŞ-də imzalanan Birgə Bəyannamə ilə əlaqədar tədbir keçirilib

14 avqust, 2025

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 8 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması ilə əlaqədar İsveçin paytaxtı Stokholmda tədbir keçirilib.

Tədbir İsveç-Azərbaycan Birliyinin (SAF) təşkilatçılığı ilə baş tutub. Azərbaycanlıların, türk icmasının nümayəndələrinin və yerli sakinlərin qatıldığı mərasimdə ümumilikdə 30-a yaxın iştirakçı yer alıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova çıxışında Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qalib ordumuza minnətdarlığını bildirib, qazilərimizə şəfa arzulayıb. O, Ağ Evdə imzalanan Birgə Bəyannamənin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması baxımından əhəmiyyətini bir daha diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi Ayda Əmir Haşimi bu möhtəşəm Zəfəri birlikdə qeyd etməyin hər birimiz üçün böyük qürur və sevinc mənbəyi olduğunu vurğulayıb. “Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası uzun illər davam edən işğalçı təcavüzün qarşısını alaraq ərazi bütövlüyünü bərpa edib və diplomatik masada da qalib gəlib”, – deyə o qeyd edib.

Daha sonra İsveç Krallıq Cəmiyyətinin nümayəndəsi Stefan Holmström Ağ Evdə keçirilən görüşün yaxşı nəticələr verəcəyinə inandığını dilə gətirib.

 

Şərhlər bağlıdır.