İranın müxtəlif səviyyəli rəsmlərinin Azərbaycana qarşı yersiz və əsassız
iddialarla çıxışları davam edir. Bu istiqamətdə İslam Respublikasının ali
rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri, keçmiş xarici işlər naziri
Əli Əkbər Vilayəti fəallıq göstərir.
O, Zəngəzur yolu ilə bağlı açıqlamasında bildirib ki, təmsil etdiyi
hakimiyyət “özünün və regionun maraqlarına biganə” qalmayacaq. Vilayəti
Cənubi Qafqazda “qanunsuz” məqsədlərə nail olmaq üçün istənilən
cəhdin İran tərəfindən qətiyyətlə qarşılanacağını deyərək sosial
şəbəkədəki səhifəsində hikkəsini boğa bilməyib: “Bəzi iddialı hökumətlər
öz maraqlarına və regionun maraqlarına laqeyd yanaşaraq bir daha
Zəngəzur dəhlizi məsələsini qaldırıblar. Onlar Cənubi Qafqazda qanunsuz
məqsədlərini irəli sürmək üçün bütün qapıları döyürlər”.
Azərbaycanın adını açıqlamağa cürəti çatmasa da, o, içindəki kin və nifrəti
belə davam etdirib: “Bir daha vurğulamaq istərdim ki, regionda və ya
ondan kənarda Zəngəzur dəhlizi ilə əvvəlki uğursuz təcrübəni təkrarlamaq
istəyən istənilən şəxs İranın sərt cavabı ilə üzləşəcək”.
Vilayəti belə hədələyici çıxışı ilə əslində Tehran hakimiyyətinin
Azərbaycan Respublikasına qarşı illərboyu davam edən hikkəli, kinli
davranışının yeni mövzuda, ifada bəyanıdır. Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdiyi gündən bu münasibət davam edir. Onun
torpaqları işğal edildiyi zaman Tehran sanki belə olmalıymış kimi işğalçı
Ermənistanın yanında yer alanlardan biri idi. Qarabağ və ətraf rayonlar
işğaldan təmizlənənədək İranın Azərbaycana belə davranışı dəyişmədi.
Bu azmış kimi, İslam Respublikası Azərbaycan ərazisində “beşinci kolon”
formalaşdırmağa səy göstərmişdi.
O, Qafan-Gorus avtomobil yolunun Azərbaycana aid hissəsindən İrəvana
və Ermənistanın başqa rayonlarına yük daşımaqla 30 ildən çox müddət
ərzində haram işlərlə məşğul olub.
Bu ölkənin müxtəlif şirkətləri Qarabağda işğalçılarla çiyin-çiyinə verərək
bölgədəki tikililəri söküb-dağıdıb. İran vətəndaşları, bəlkə hakimiyyət
nümayəndələri ermənilərlə birlikdə xarabazara çevirdikləri Azərbaycan
ərazilərində narkotik qaçaqmalçılığı ilə məşğul olub.
Uzun illər Vilayətinin də təmsil olunduğu Tehran hakimiyyəti işğalçı
Ermənistandan Azərbaycana qarşı təzyiq aləti olaraq yararlanıb.
Azərbaycan ərazi bütövlüyün bərpa etdikdən sonra İran da sanki tərk-silah
oldu. O, ənənəvi təzyiq göstərmək metodundan istifadə etmək üçün
müxtəlif bəhanələr, iddialar irəli sürməyə başladı. Zəngəzur yolu bu yerdə
İran üçün göydəndüşmə bir məsələ idi. Azərbaycan Respublikasına qarşı
kampaniya aparmaq üçün o bundan istifadə etməyə çalışır.
Vilayətinin bəhs etdiyimiz hədələyici açıqlaması İran hakimiyyəti daxilində
Azərbaycana münasibətin ziddiyyətli, birmənalı olmadığını göstərir. Ali
rəhbərin müşavirinin bu statusunu həm də Prezident Məsud Pezeşkianı
hədələməsi kimi də dəyərləndirmək olar. Çünki o, Güney Azərbaycanın
Zəncan şəhərində Zəngəzur yolu ilə bağlı məsələyə münasibət bildirərkən
onu “əhəmiyyətsiz” adlandımışdı. Prezident bununla da dəhliz haqqında
çürük və əsassız iddialara qiymət verib.
Azərbaycanla dövlət sərhədi müəyyənləşməsə də, Zəngəzur, yaxud
ermənilərin Sünik adlandırdığı ərazi hazırda Ermənistanda yerləşir. Bu,
həm də o deməkdir ki, indiki şəraitdə yolun açılması ilə bağlı əsas söz
sahibi bu ölkə sayılır. Tehran rəsmiləri, o cümlədən Vilayəti Ermənistanın
üzərinə belə hay-küylə getmir. Əksinə, İrəvan rəsmiləri ilə mülayim rəftara
üstünlük verirlər.
Bu günlərdə İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Arif
Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşdə bildirib ki, Tehranın
qonşuluq siyasətində bu ölkənin xüsusi statusu var. O, iki ölkə arasında
yol tikintisi, enerji, ekologiya, tranzit və nəqliyyat, texnologiya və süni
intellekt sahələrində əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin
vacibliyini vurğulayıb: “İslam Respublikasının qonşuluq siyasətində
Ermənistan xüsusi yer tutur. Tehran-İrəvan münasibətləri möhkəm və
sarsılmaz təməl üzərində qurulub”.
İran rəsmisi Ermənistanla münasibətlərin çox yüksək, hətta qibtə ediləcək
səviyyədə olduğunu vurğulayıb.
M.Arif, Ə.Vilayəti və başqaları “Bu nə yoldur?” deyə, Ermənistan
rəhbərliyindən niyə soruşmurlar. Bu günlərdə Ermənistanın keçmiş XİN
başçısı Ara Ayvazyan İran TV-lərindən birinə qonaq çağırılıb. Onun
dilindən Tehran Zəngəzur yolu barədə əks-təbliğat aparıb. Bu da İran
hakimiyyətində Vilayəti kimi siyasilərin təmsil etdiyi xəttin Azərbaycana
qərəzli yanaşmasının göstəricisidir.
O, Azərbaycan və Türkiyəyə qarşı təbliğatın ideoloqlarındandır. Məsələn,
o, “İranın əsl düşməninin Türkiyə” olduğunu deyərək bildirmişdi ki,
Suriyada Bəşşar rejiminin çökməsinin məsuliyyətini Türkiyə daşıyır.
Halbuki həmin vaxt onun hakimiyyətini qorumaq məqsədi ilə İslam
Respublikası bir bəyanat belə verməyə cəsarət etmədi.
Vilayətinin təmsil etdiyi rejimin və siyasi xəttin Azərbaycan Respublikasına
qarşı istifadə etdiyi məsələlərdən biri də Azərbaycan-İsrail əməkdaşlığı,
tərəfdaşlığıdır. Ayətullah Ruhullah Xomeyni vaxtilə bildirmişdi ki, İran
gələcəkdə hətta İsraillə də münasibətlərini normallaşdıra bilər. Ancaq
“adını çəkmək istəmədiyi” bir müsəlman ölkəsi ilə o, heç vaxt
barışmayacaqlarını da vurğulamışdı.
İran hakimiyyəti həmin dövlətlə indi “bir can, bir qəlbdir”, ancaq İsrailə
“meydan” oxuyur. Bu meydanda 12 gündə sıradan çıxdı…
Tehran bununla da Xomeyninin vəsiyyətinə əməl etməyib.
İslam Respublikasının Azərbaycana qarşı apardığı təbliğatın bir mövzusu
da bu yəhudi dövləti ilə müsəlman respublikanın əlaqələridir. Bu yolu
tutanlardan biri Vilayətidir. O bu günlərdə Pakistanın daxili işlər naziri ilə
görüşdə deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, ancaq,
eyni zamanda, qeyd etmək lazımdır ki, o, İslam dünyasının baxışlarına
zidd addımlar atır”.
Vilayəti Suriya lideri Əhməd əl-Şaraa ilə İsrail hökuməti arasında
vasitəçiliyin “İslam ölkələrinin fikrinə zidd” olduğunu bildirib. Çox gülünc
iddiadır. Sual olunur, Tehranın nümayəndələri niyə Omanda ABŞ-dən olan
həmkarları ilə görüşüb? Əksinə, Azərbaycanın bu təşəbbüsü regionda
təhlükəsizlik və sabitliyə töhfədir.
Vilayəti ilə bağlı məsələni müvəqqəti olaraq bu aforizmlə yekunlaşdırırıq;
Yaxşı ki, Allah dəvəyə qanad verməyib, yoxsa bütün damları uçurardı…
Hər gün həbsxanalarında edam hökmü icra edilən İranın Xarici İşlər
Nazirliyi bu dəfə insan hüquqları ilə bağlı Azərbaycana qarşı iddia irəli
sürüb. Bu sahədən ən axırda danışa biləcək ölkələrdən biri elə İslam
Respublikasıdır.
Ötən gün İranın Sistan və Bəlucistan əyalətində dörd gənc barəsində
edam hökmü çıxarılıb. Onlar mənsub olduqları bəluc etik qrupunun milli
mədəni, sosial və başqa hüquqlarının təmin olunmasını tələb edib, bu
yolda mübarizə aparıblar.
Bu edamlar niyə olur? İran niyə dünyada ölüm hökmlərinin çıxarılmasına,
icrasına görə beş-on ölkə arasında liderlərdəndir? İran XİN-in təmsil
olduğu hökumət, hakimiyyət bu yöndə olan çoxsaylı suallara cavab verib,
yaxud bu istiqamətdə araşdırma aparıbmı? Birmənalı şəkildə yox! Olsa
belə, İran cəmiyyəti, beynəlxalq ictimaiyyət belə araşdırmalardan
xəbərsizdir.
Qurum Azərbaycandakı İran vətəndaşı olan məhbusların vəziyyətindən
narahat olduğunu bildirib. Heç kimə sirr deyil ki, həmin insanların, demək
olar ki, hamısı Azərbaycana narkotik maddə daşıyarkən tutulub və
müəyyən müddətə azadlıqdan məhrum ediliblər. Həbsxanada isə qayda
və qanunlar millətə, vətəndaşlığa və başqa özəlliklərə görə tətbiq edilmir.
Orada hamıya münasibət eynidir.
Son beş ildə Tehran hakimiyyəti narkotik daşıyan pilotsuz uçuş aparatları
ilə Azərbaycana hücum edir. Həmin dronlar İslam Respublikası
istehsalıdır. Ölkənin hava məkanı o gündədir ki, Tehran hakimiyyəti ona
nəzarət edə bilmir? Yaxud, dronlar o qrupların əlinə necə keçir? İran XİN
bu istiqamətdə sərhədin pozulmasından narahatlığını niyə dilə gətirmir?
İranda müxtəlif rəsmi dairələr və KİV nümayəndələri Azərbaycanda
məhbus həmvətənlərinin guya pozulan hüquqları ətrafında hay-küy
salmaqla Azərbaycana narkotik maddə hücumunu ört-basdır etməyə səy
göstərirlər.
Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin əfvlə bağlı hər
sərəncamında İran vətəndaşlarının da adları olur. Elə bu ilin mayında beşi
İran vətəndaşı olmaqla 16 əcnəbi əfv edilib.
Vilayəti, İran XİN və daha kimlərin çıxışları İranla Azərbaycan arasında
dost, qonşu, müsəlman dövlət olaraq münasibət qurmasına maneə
yaradır. Bu, həm də İslam Respublikasına onsuz da zədəli olan etibarı,
etimadı daha da zəiflədir.
Zəngəzur dəhlizi regional və qlobal şəraitdən doğan tələb olduğu üçün
gec-tez açılacaq. Onu vilayətilər əngəlləyə bilməzlər. İnsan hüquqları
müdafiəsi məsələsi isə İslam Respublikasına heç yapışmır. Odur ki,
Tehran təmsilçilərinin Azərbaycana qarşı irəli sürdüyü belə tezislər çox
bayağı və əsassız olduğu üçün tez ifşa olunur…
Şərhlər bağlıdır.