İnsanda xəyanət potensialı var. Buna biz xəyanət deyirik. Bu, əslində, dəyişməkdir. Dəyişmək
insanın ən təbii halıdır. Biz hər an dəyişirik. Dəyişdiyimizi ən çox köhnə toy kassetlərinə baxanda
görə bilərik. Keçmiş statuslarımızı oxuyanda görə bilərik ki, biz nə qədər dəyişmişik. Hamımız
dəyişirik, hər şey dəyişir. Sevdiyimiz adamlara münasibətimiz dəyişir. İş yerimizə də, partiyamıza
da, rəhbərimizə də münasibətimiz dəyişir. Sadəcə insan getdiyi yolun psixoloji əsirinə çevirilir
deyə çoxları dəyişdiyini biruzə verə bilmir, dilə gətirə bilmir, deyə bilmir. Məsələn, 10 il bir yolla
gedirsən. Bütün münasibətlər sistemin o yolda qurulur. Dost-tanış o yolda qazanılır. Hətta ailə
də o yolda qurulur. Sonra adamlar bir-birini tutub o yolda əsir saxlayır. Bir də görürsən ki, 10
ildən sonra, düz yolun ortasında fikirlərin dəyişib. Ancaq ayaqlarının mazoluna başa sala
bilmirsən ki, sən bu yolu səhv gəlmisən. Səhv bildiyin yolda getməyə davam edirsən. Çünki o
yoldan çıxmağa xəyanət adı qoyurlar. Xəyanət sözünə də yekə bir şprislə iynə vurub böyüdürlər
ki, hamı qorxsun. Əslində isə xəyanət nədir? Heç nə, dəyişmək. Mən onda səni sevirdim, indi
sevmirəmdir xəyanət. Və qorxub bunu gizli-gizli eləməkdir xəyanət. Siyasətdə də belə bir
məhkumluğun var, evdə, ailədə, iş yerində, dostluqda da. Bəzən içində iddialar yaranır. Bəzən
də o iddialar yoxa çıxır. Bəzən əldə etdiklərinlə özünü ən xoşbəxt adam hesab edirsən. Bəzənsə
düşünürsən ki, mən daha çox şeyə layiqəm, bunlar nədir ki… İnsanın içində fırtınalar baş verir.
Ancaq içində baş verən bütün prosesləri, fırtınaları gizlətməyə məhkumsan, məcbursan. Bəzən
qanun qoymur o hissləri dilə gətirməyə, dövlət qoymur, bəzən insanlar qoymur, özün
qoymursan… Qadağalar, mədudiyyətlər olmasa, qorxun o hisslərə nəzarət eləməsə, insanın
içindəki o duyğular çölə çıxsa, dünyanın nizamı pozular. Hər şey darmadağın olar. Din də o
duyğuların qarşısını almaq, gizlətmək üçündür, qanun da, hüquq da… Bir din içəridən insana
nəzarət eləyir, bir DİN də çöldən. O hisslərin üstünü insan bəzən gülüşləri ilə, bəzən susqunuqla,
bəzən kədərlə, bəzən qəzəblə, lap axırda torpaqla örtürsən, çıxıb gedir.
Şərhlər bağlıdır.