Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının
BƏYANATI
İran İslam Cumhuriyyətinin sona yaxınlaşdığı bir mərhələdə, çağdaş dünya dəyərlərinə uyğun alternativ ortaya qoymaqdan aciz qalan İran-fars mərkəzçi, panfarsist qüvvələr, bu günlər İran adlanan yerdə içi boş və yalan vədlərlə zülm altında yaşayan millətləri aldatmaq və yalnış seçim yollarına istiqamətləndirməyə çalışırlar.
Bu gün İran coğrafiyasında yaşayan qeyri-fars millətlərin milli mübarizəsi bu məkanın ən ciddi siyasi reallığıdır. Həmçinin həmin millətlər İranin şovinist alternativlərindən də tamamən uzaqlaşırlar. Artıq hər kəs üçün açıqdır ki, millətlərin iradəsini arxasına almayan heç bir siyasi qüvvənin hər hansı bir uğur qazanma şansı mümkün deyil. Bunun fərqində olan irqçi qüvvələr, hər cür hiyləgərliyə əl ataraq, zülm altında yaşayan millətləri öz arxalarına sürükləməyə çalışırlar.
Tarix boyu – istər qan içən Pəhləvi rejimlərinin 57-illik hakimiyyəti dövründə, istərsə də onların davamçısı olan İran İslam Cumhuriyyəti illərində – qeyri-fars millətlərə qarşı sistemli şəkildə milli və mədəni qətliamlar törədilmiş, varlıqları isə inkar olunmuş, dilləri, tarixləri və mədəniyyətləri yasaqlandırılmışdır. Bu gün isə həmin qüvvələrin varislərindən tutmuş, yeni teokratik həvəsli qüvvələr, ariyaçılıqdan tutmuş din pərdəsi altında gizlənən hakim rejimə alternativ olmaq üçün milli məsələlərin həlli barədə ağız dolusu ilə çıxış edirlər. Təbii ki belə bir vəziyyəti irəli gətirən, İran adlanan yerdə milli hüquqlar üzrə gedən şiddətli mücadilənin açıq-aşkar güclənməsidir.
Azərbaycan Milli Hərəkatından başqa qeyri-fars millətlərin nümayəndələri də yaxşı bilirlər ki, pan-iranist təfəkkürlü alternativlərə inanmaq milli iradənin inkarı deməkdir. Bu səbəbdən, Azərbaycan Milli Hərəkatı öz müstəqil yolunu seçmiş və gerçək təmsilçiləri vasitəsilə öz haqq səsini dünyaya çatdırır.
Biz, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası, qətiyyətlə bəyan edirik ki:
1. Azərbaycan Milli Hərəkatını yalnız bu hərəkatın yetişdirdiyi həqiqi nümayəndələri təmsil edir.
2. Heç bir fars mərkəzçi qüvvənin Azərbaycan Milli Hərəkatını təmsil etməyə hüququ çatmır.
3. Azərbaycanın azadlıq və qurtuluş hərəkatı adına danışmaq istəyən, lakin onunla heç bir əlaqəsi olmayan şəxsləri tribunalara çıxarmaq, sadəcə, dünya ictimaiyyətini aldatmaq cəhdidir və qəbuledilməzdir. Biz inanırıq ki, Azərbaycan xalqının iradəsi dəyişməzdir və milli mübarizəmizi yalnız millətimizin fədakar, sədaqətli igid oğul və qızları tərəfindən nümayəndəlik edilir.
Yaşasın Azərbaycan Milli Hərəkatı!
Yaşasın Azərbaycanla çiyin-çiyinə mübarizə aparan digər zülm altında olan millətlər!
Bərqərar olsun Azadlıq, Ədalət, Milli Hökumət!
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası
2025-08-25
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
Şərhlər bağlıdır.