Payızın birinci gününə, yəni məktəblərin açılmasına təxminən bir ay qalır. Bu,
Pezeşkiyan hökumətinin idarəsi altında başlayacaq ikinci təhsil ili olacaq.
Məsud Pezeşkiyan sadəcə prezident seçildikdən sonra deyil, ondan əvvəl də
İran Konstitusiyasının 15-ci maddəsinin icrasını dəstəklədiyini bəyan etmişdi.
Prezident seçkilərindən sonra isə həmin maddənin bir qanun olduğunu və öz
administrasiyasının qanuna sadiq qalacağını vurğulamışdı.
Keçən tədris ili başladığı vaxt Pezeşkiyan hökuməti hələ yeni formalaşmışdı.
Lakin indi artıq onun hökuməti bir ildən çoxdur ki, iş başındadır. Onun
prezidentliyinə verilən səslərin böyük qismi Azərbaycan bölgəsindən gəlib. Bu,
sadəcə bir iddia deyil, seçki statistikasına əsasən Şərqi və Qərbi Azərbaycan
vilayətləri ilə Ərdəbil vilayətində Pezeşkiyan 80 faizdən çox səs qazanmışdı.
Bundan başqa, Sistan və Bəluçistan, eləcə də Kürdistan, Kirmanşah və İlam
vilayətlərində də rəqibi Səid Cəlilini qabaqlamışdı. Əksinə, Cəlili əsasən farsdilli
mərkəzi vilayətlərdə üstünlük əldə etmişdi.
Pezeşkiyan seçki kampaniyası dövründə “ədalət” şüarı altında azlıqların
yanında olacağını vəd etmişdi. Bu vədin reallaşmasını ölçmək üçün hələ də
müəyyən vaxt lazımdır. Lakin hələlik Azərbaycanda verdiyi iki əsas vədlər –
Urmu gölünün bərpası və azərbaycanlı uşaqların ana dilində təhsil hüququ –
yerinə yetirilməmiş qalır. Urmu gölü heç vaxt indiki qədər ağır vəziyyətdə
olmamışdı, Azərbaycanlı uşaqlar isə bir il də yad dildə məktəbə getməyə
məcbur olmuşdular.
İndi, Pezeşkiyan dövründə ikinci təhsil ilinə bir ay qalıb. Bu qısa müddətdə
hansısa ciddi dəyişikliklərin baş verməsi mümkündürmü?
Pezeşkiyan höküməti keçən bir ildə
Pezeşkiyan dövrü bu günə kimi qalmaqallı olub. İsrail–İran qarşıdurması uzun
müddət diplomatik və gizli çəkişmələrdən sonra rəsmi müharibəyə çevrildi. On
iki gün davam edən savaşda Prezidentin özü də yaralandığı xəbərləri yayıldı.
Bununla yanaşı, o, Qərblə danışıqlara başlamaq vədi vermişdi və bu
istiqamətdə addımlar atır. Lakin hələlik bu müzakirələrdən konkret bir nəticə
əldə olunmayıb və ölkənin ümumi iqtisadi vəziyyəti yaxşılaşmayıb. Onun qərblə
anlaşma meyli, mühafizəkar kəsim tərəfindən qorxaqlıq və hətta xəyanət kimi
qiymətləndirilir. Bir mühafizəkar jurnalist ona “pəxmə” deyib. Onun
Azərbaycanla bağlı siyasi davranış modelinin dəyişməsi isə bir çox mərkəzçi
qüvvələr tərəfindən tənqid edilib. Ərdəbilin qədim millət vəkili və Sepah sərdarı
Mənsur Həqiqətpur isə bu vəziyyəti belə qiymətləndirib: İranı “Qumarbaz
Əliyev”ə buraxır. O eyni zamanda Pezeşkiyanın oğluna pantürk deyib.
Ətraf mühitlə bağlı problemlər də azalmayıb, əksinə daha da dərinləşib. Urmu
gölündə cəmi 500 milyon kubmetr su qaldığı bildirilir. Bəzi ekoloqlar isə yaxın
illərdə Tehranda “Day Zero” faciəsinin baş verə biləcəyi barədə xəbərdarlıq
edirlər.
Mədəni tələblərə gəlincə, hökumətin qadınların hicab məsələsinə
münasibətində müəyyən yumşalma müşahidə olunur. Sosial şəbəkə
istifadəçilərinin yazdıqlarına görə, hicaba məcburiyyət nisbətən zəifləyib və
azadlıq mühiti qismən genişlənib. Tehranda yaşayan bir azərbaycanlı qadın, ilk
dəfə tam başörtüsüz şəkildə küçəyə çıxdığını, heç bir maneə ilə üzləşmədiyini
və sərbəst gəzə bildiyini qeyd edib.
Digər mədəni tələblər arasında, ana dilində təhsil və türkcənin rəsmi dil elan
olunması məsələsi dəfələrlə gündəmə gətirilib. Azərbaycanda Pezeşkiyan
hökuməti dövründə ən azı üç dəfə müxtəlif formalarda – kampaniyalar və kütləvi
imza toplama aksiyaları şəklində – bu tələblər smaddəəndirilib. Lakin indiyə
qədər bu istiqamətdə heç bir ciddi dəyişiklik baş verməyib. Məktəblərin
açılmasına isə bir ay kimi bir zaman qalıb və anadildə təhsil tələbi yenə də yerdə
qalıb.
15-ci maddə və İranın dil siyasəti
Azərbaycanlı elit tərəfindən səsləndirilən tələblə 15-ci maddə arasında məsafə
mövcuddur. Bu, qədim bir mübahisədir: ana dilində təhsil yoxsa anadilin təhsili.
İranın 15-ci maddəsinə görə, ölkənin rəsmi və ortaq dili fars dilidir və rəsmi
yazışmalar yalnız farsca aparılmalıdır. Digər etnik və regional dillərin istifadəsi
isə məhdud şərtlərlə – mətbuat və tədrisdə fars dili ilə yanaşı – mümkündür.
Bu, fars olmayan icmalar üçün ayrıseçkilik mənbəyi hesab olunur və
azərbaycanlı aktivistlər ana dilində təhsil tələbi irəli sürürlər.
İranda ana dilində təhsil tələbi son 100 ildə daim gündəmdə olub. Modern İran
dövlətinin qurulması ilə fars dili üstünlük qazandı və rəsmi dil statusu aldı. Digər
ölkələrdə isə bir neçə rəsmi dil mövcuddur – məsələn, Belçika, İrlandiya,
Finlandiya, İraq; ABŞ və Avstraliyada isə rəsmi dil yoxdur. Buna baxmayaraq,
İranda farscanın milli dil iddiası digər dillərə təhlükə kimi baxılmasına səbəb
olur.
Sosioloq Seyed Cavad Miri Meynəqi bildirir ki, İranda dil məsələsi siyasi mövzu
sayılır. Ana dilində təhsil və dillərin statusu müzakirə olunanda insanlar pantürk
və separatçı kimi adlandırılır, təhlükəsizlik qüvvələri müdaxilə edir və mövzu
akademiyaya daşınmır. Onun fikrincə, dil məsələsi əvvəlcə universitetlərdə
depolitizasiya edilməli, elmi və obyektiv baxışla müzakirə olunmalıdır.
Etekyazi.com
Hazırkı prezident Məsud Pezeşkiyan millət vəkili olduğu illərdə Azərbaycan
türkü olduğu üçün pantürk kimi ləqəb almışdı. Onun dil siyasəti bəzi mərkəzçi
təşkilatlar tərəfindən etnikçi və təhlükəli hesab edilir. Türkcə nəşrlərə qoyulan
senzura və əsərlərdə bəzi sözlərin çıxarılması məsələsi də mövcuddur. Nəticə
etibarilə, İranın dil problemi 100 ildən artıqdır ki, həll olunmayıb və farsca ölkədə
hələ də hökmran mövqedədir.
Şərhlər bağlıdır.