21 Azər – 80, ADF Sədrlərinin xatirələrindən Əmirəli Lahrudi: “Öldürməsələr də, tövbə etdirəcəklər”

Tezliklə mütərəqqi qüvvələr 21 Azər hərakatının qələbəsinin 80 illiyini qeyd
olunacaq. Bu inqilaba rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin sükanı
arxasında indiyədək 7 sınaqlardan çıxmış şəxsiyyət dayanıb. “21 Azər – 80,
ADF Sədrlərinin xatirələrindən” rubrikası da həmin insanların məqalələrini və
yazılarını özündə xatirə kimi saxlayır.
Əmirəli Lahrudi Azərbaycan Demokrat Firqəsinin sayca beşinci sədri olub. Bu
rubrikaya da onun APA – ya verdiyi müsahibədən götürülüb.
Adam həqiqət bilib seçdiyi yolu danmaz, tövbə
eləməz
Azerbaycan-ruznamesi.org İranda Azərbaycan Demokrat Firqəsinin sədri
olmuş Əmirəli Lahrudinin APA-ya müsahibəsini təqdim edir.

– Əmirəli müəllim, səhhətiniz, əhval-ruhiyyəniz necədir?

– Yaşla əlaqədar əhval-ruhiyyəm çox vaxt yaxşı olmur, qocalıq özünü göstərir.
Amma bilirsiniz ki, bizim hərəkatımız cavanların hərəkatı olub, gəncliyimiz
həmin hərəkatın ən qızğın dövrünə təsadüf edib. Ona görə yaşıma
baxmayaraq, cavanlıqda olduğu kimi inamım gün-gündən artır ki, 21 Azər
Hərəkatının ideyası həmişə yaşayacaq, qəbul olunacaq, xatirələrdə var olacaq,
Azərbaycan xalqı özünün demokratik hüquqlarına nail olacaq.

– Bu ümidlə yaşayan silahdaşlarınızdan neçə nəfəri sağdır, onlarla əlaqələriniz
varmı?

– İndi dünya dəyişib, vaxt keçib, o dövrdən yadigar qalan adamlar çox az qalıb.
Bakıda yaşayanlar 4-5 nəfərdən artıq olmazlar. Tədbirlərdə, yığıncaqlarda
görüşürük, dərdləşirik.

– Yaşın bu vədəsində o adamlarla görüşüb nədən danışırsınız, keçmiş
günlərdən daha çox nəyi xatırlayırsınız?

– İnsan xatirələrlə yaşayır. Şirin keçmişdən danışırıq, apardığımız mübarizə
haqqında söhbət edirik, indi həyatda olmayan silahdaşlarımızı xatırlayırıq. Biz
ömrümüzü yaşamışıq, mübarizəmizi aparmışıq, gərək bundan sonra bu yolu
gələcək nəsillər davam etdirsin, biz də onlara şirin günlər arzulayaq. Amma
əlbəttə, mənim keçmişimdə acı günlərim də çox olub. Cavan yaşımda
ailəmdən, kəndimizdən uzaq düşmüşəm. Hər halda, 21 Azər Hərəkatı bizim
üçün dərs və dadlı-tamlı keçmişdir. Bizim hərəkatımız az da olsa, öz istədiyinə
nail oldu, şanlı tarix yazdı, bizə şirin xatirələr qoyub getdi.

– Bəs acı xatirələr nə olub? O günləri bölüşmək istəyərsiniz?

– Əlbəttə, acı günlərimiz daha çox olub. 22 yaşımdan atamdan uzaq
düşmüşəm. İndi 90 yaşım var, amma hər gün atamı xatırlayıram, onunla
görüşmək istəyirəm. Uşaqlıq illərim gözümün qabağına gəlir, kəndimiz yadıma
düşür. Yaşın belə çağında bu hisslərdən danışmaq, onunla yaşamaq çox
çətindir. Ürəyim ağrıyır ki, niyə kəndimizdən, evimizdən ayrıldım, niyə mənim
yüzlərlə yoldaşımı öldürdülər. Son vaxtlar kəndimizi tez-tez yuxuda görürəm.
Deyirlər, kəndimiz yaman dəyişib, şəhər olub. Mən atamın tək övladı olmuşam.
Atam bağbanlıqla məşğul olurdu, evi-ailəni onunla dolandırırdı. Qonşularımız
deyirdi, Əmirəli gedib işləsin, razı olmurdu. Deyirdi, Əmirəli oxuyacaq, iş-güc
yiyəsi olacaq. Doğrudan da, rəhmətlik uzaqgörən adam idi, məni oxutdu və
təhsil almağım həmişə köməyimə çatdı.

– Aradan xeyli vaxt keçib, dövr dəyişib. Son illərdə kəndinizə baş çəkmək
mümkün olmayıb?

– Cavan vaxtı böyük siyasi xadimlərlə əlaqəm olub, siyasi işlərlə məşğul
olmuşam. Getsəm, tutub öldürməsələr də, tövbə etdirəcəklər. Adam həqiqət
bilib seçdiyi yolu danmaz, tövbə eləməz. İranda siyasi yumşalma heç vaxt
olmayıb. O dövrdə fəaliyyət göstərən insanlar onların gözündə düşməndirlər.

– Siyasi proseslərə qoşulmağınız necə olub?

– 22 yaşımdan rəsmi şəkildə siyasətə qoşulmuşam. II Dünya Müharibəsindən
sonra rusların İrana gəlməsi siyasətə qoşulmağımın əsas səbəbi olub. 38-ci ildə
Bakıdan adamlar gəlmişdi, buranı o qədər tərifləyirdilər ki… Deyirdilər, Bakıda
rahat həyat var, dolanışıq gözəldir, sahələrdə texnikalar işləyir, evlərə su
çəkiblər. Biz də İranın geridə qalmış kəndində yaşayırdıq, qız-gəlinimiz
bulaqdan su daşıyırdı. Bakıdan gələnlər danışanda ağzımızın suyu axırdı ki,
ilahi, belə həyatı biz nə vaxt yaşaya biləcəyik?

– Bakıya gələndən sonra deyilənləri gördünüzmü?

– Həqiqətən Bakıda İrandakının əksini gördük. Texnika işləyirdi, zavod
fabriklərdə camaat çörəkpulu qazanırdı. İranda bunların heç biri olmayıb.
Gəncədə fabrikdə-zavodda işlədik, pul qazandıq.

– Səhv etmirəmsə, sovet hökuməti sizə ev də verdi… – Sovet hökuməti bizə hər şey verdi.

– Bu həmin evdir?
– Bu, həmin evlərdən biridir. İnsanın yaşaması üçün nə lazımdırsa, sovet
hökuməti bizə ondan artığını elədi. Bizi müsabiqəsiz məktəbə götürdülər,
yaşlılara pensiya verdilər, hər cür güzəştlərdən istifadə elədik. Ölkənin
rəhbərliyi bizim hamımıza ata qayğısı göstərdi.

– Təqiblərdə dostlarınızı, silahdaşlarınızı itirmisiniz. Necə oldu sərhədi keçib
İrandan qaça bildiniz? –

Tam təsadüf nəticəsində. Təbrizdə kurs açılmışdı, mən ora gedirdim. Gecə
yatıb səhər durduq ki, heç nə yoxdur, hər şey dağılıb. Məni Təbrizdə tanıyan
yox idi. Mehmanxanadan küçəyə çıxanda gördüm, bir nəfər mənə baxır,
kimdirsə, tanımışdı, ələ vermək istəyirdi. Dedi, ağa Əmirəli sənsən,
Meşkinşəhərdə sədr müavini olmusan. Həmin adama 500 tümən pul verdim ki,
sabah görüşüb danışaq. Ünvanı səhv verib, birtəhər canımı ondan qurtardım.
Məsələni gəlib uşaqlara danışanda əl-ayağa düşdülər ki, sən tezliklə buradan
uzaqlaşmasan, ələ keçəcəksən. Təbriz bələdiyyəsinin qabağından maşınlar
keçirdi, onlardan birinə oturub, başqa mehmanxanaya gəldim. Bir nəfər mənə
dedi, səni burada tanıyan var, çalış, gözə görünmə. Astaralı yoldaş tapdım,
gördüm, yazıq qapqara qaralıb. Demə, o da mənim kimi gizlənibmiş. Səhəri
posta əsgər gətirən maşınlardan birinə oturub, gəldik İran Astarasına. O tayda
Şeytan körpüsü deyilən yer var, onun üstündə həmin yoldaşım özünü çaya atdı
ki, getdim. Mən də özümü onun dalınca atdım, keçdik bu taya. Sərhədi keçəndə
əsgərlər bizi qarşıladılar, pal-paltar verdilər. Qatarla Lənkərana gəldik, iki ay
orada qaldıq, sonra hamımızı Gəncəyə göndərdilər.

– Ailə üzvlərinizin, qohumlarınızın aqibəti necə oldu?

– Vallah, atam siyasətlə məşğul deyildi, amma yəqin ki, mənə görə onu incidiblər. Atam məni tam azad buraxmışdı ki, nə istəyirsən, onu elə. Siyasi fəaliyyətimə görə mənə nə “hə” deyirdi, nə də “yox”.

İndi gedib kəndinizi görsəniz, nə hisslər keçirirsiniz? – Dərindən bir ah çəkərəm… Deyirəm, kəndim, səndən uzaq düşdüm, normal həyat keçirməyə müvəffəq olmadım. Bilirsən, adamın öz el-obasından uzaq düşüb mühacir ömrü yaşaması çətin şeydir.

– Ailə üzvlərinizdən, qohumlarınızdan kiminsə şəklini var sizdə?

– Yox, heç kimin. Anam tez ölüb, onun şəkli ümumiyyətlə, olmayıb. Atam sənəd
üçün bir şəkil çəkdirmişdi, olanı o idi.

– Seyid Cəfər Pişəvəri ilə görüşünüzü necə xatırlayırsınız?

– Pişəvərini Təbrizdə iki dəfə görmüşəm. O vaxt Təbrizə iclasa getmişdik.
Firdovsi Xiyabanının qurtaracağında bir mehmanxana var idi, Pişəvəri orada bir
otaq götürmüşdü, həm yaşayır, həm işləyirdi. Orada görüşdük, söhbət elədik.
İkinci dəfə yenə Təbrizdə görüşümüz oldu. Pişəvəri küçənin tinində
dayanmışdı. Ərdəbil komitəsinin sədri Məmi ilə getdik onunla görüşməyə.
Əlimdə “Azərbaycan” qəzetinin birinci sayı var idi. Ordan-burdan, təşkilatdakı
vəziyyətdən danışdıq. O vaxtlar əsasən Tudənin (İranın Xalq Partiyası nəzərdə
tutulur- C. Zeynallı) qəzetləri çıxırdı və bizə Tehrandan gəlirdi. Dedim ki,
bundan sonra qəzet yenə İran ünvanına gələcək? Dedi, yox, Azərbaycan
Demokrat Firqəsinin Meşkindəki ünvanına göndəriləcək.
Növbəti görüşümüz 1947-ci ilin əvvəllərində oldu. Biz Gəncənin yaxınlığında
mədəndə işləyirdik, ora fəhlələrlə görüşməyə gəlmişdi. Maşına oturanda getdim
yanına. Dedim, ağayi Pişəvəri, oxumaq istəyirəm. Cavab verdi ki, narahat olma,
sentyabrda sizi çağıracağıq oxumağa. Getdi, sonra onun avtomobil qəzasında
həlak olduğunu eşitdik.

– Pişəvərinin ölümünün səbəbləri haqqında nə düşünürsünüz?

– Bu hadisəni bizdən uzun illər gizli saxladılar. İnanmıram, Pişəvərini qəsdən
öldürsünlər. Çünki mühacirət illərində onun hörməti vardı, fəaliyyəti böyük idi.

– İndi necə yaşayışınız, güzəranınız necədir? – Normaldır. Hamı necə yaşayırsa, mən də elə yaşayıram. İki qızım var, biri mənimlə qalır. Gələndən sonra 20 ildən çox gözlədim ki, bu il qayıdarıq, gələn il gedərik, olmadı! Ona görə 46 yaşımda məcbur olub ailə qurdum. Yoldaşım 30 ildən çoxdur dünyasını dəyişib.

– “Xatirələr” kitabınız fars dilində nəşr olunub. Azərbaycan dilində niyə çap
etdirməmisiniz?

– İmkanım yoxdur. Bundan sonra onu özüm tərcümə edə bilmərəm. Kiminsə
tərcümə etməsi də çətin olar, elə imkanımız yoxdur.

Şərhlər bağlıdır.