“Güney Azerbaycan Kadınının Yaşadıkları” – Eluca ATALI – Umay Ana Söyleşileri – VİDEO

17 noyabr 2025-ci il tarixində, Umay Ana Türk Dünyası Qadınlar Birliyinin təşkilatçılığı ilə Umay Ana Söyləşiləri çərçivəsində “Güney Azərbaycan qadınının yaşadıqları” mövzusunda online-tədbir keçirilib. Tədbirdə İran İslam Respublikasının Güney Azərbaycanda qadınlara qarşı həyata keçirdiyi repressiv və assimilyasiya siyasəti sərt şəkildə məhkum edilib. Baş məruzəçi İsveçdə yaşayan yazar Eluca Atalı, moderator isə Dr. Gülay Hoştaş olub.

Yazar Eluca Atalı çıxışında İran rejiminin milli kimliyi, ana dilini və azad düşüncəni hədəf alan dövlət siyasətinin tarixi mahiyyətinə diqqət çəkib, bu siyasətin bu gün də davam etdiyini bildirib. Eluca Atalı çıxışında “İran Hizbullah Zindanında” kitabından danışaraq, əsərin Güney Azərbaycan həyatını və bölgənin bugünkü taleyini əks etdirdiyini vurğulayıb. O, İran rejiminin insanların başına gətirdiyi fəlakətlərdən, zindanlarda yaşanan zülmlərdən və dini ayrı-seçkilik məsələlərindən bəhs edib. Kitabda həmçinin Güneyli gənclərin azadlıq arzuları, tarixi yer adlarının farslaşdırılması və insan talelərinin faciəvi vəziyyətə düşməsi mövzularının önəmli yer tutduğunu qeyd edib. Eluca Atalı çıxışında, əsərin milli və insani baxışlarla yazıldığını, oxucuya həm dramatik, həm də düşündürücü təcrübə təqdim etdiyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin iştirak edən Ayda Əmir Haşimi çıxışında İran rejimini Güney Azərbaycan qadınlarına qarşı aparılan zor, həbs, işgəncə və susdurma siyasətinə görə açıq şəkildə məhkum edib. O, hər iki doğma nənəsinin İran həbsxanalarında məruz qaldıqlarını xatırladaraq, bunun Güney Azərbaycan xalqının milli kimliyini sındırmağa yönəlmiş İran rejiminin planlı və davamlı dövlət terrorunun tərkib hissəsi olduğunu vurğulayıb.

Ayda Əmir Haşimi bildirib ki, İran rejimi Güney Azərbaycan qadınlarını ana dilindən, milli kimliyindən və fundamental insan haqlarından məhrum etməklə onları siyasi və ictimai həyatdan sıxışdırmağa çalışır. Buna baxmayaraq, qadınların milli mübarizənin əsas dayağı olaraq assimilyasiya siyasətinə qarşı dirənişi davam etdirdiyini qeyd edib. O, beynəlxalq ictimaiyyəti və Türk dünyasını İran rejiminin bu repressiv, avtoritar, mərkəzçi və ayrı-seçkilikçi siyasətinə qarşı susmamağa çağırıb.

Görüş İran rejiminin Güney Azərbaycanda qadınlara qarşı apardığı siyasətin ifşası baxımından əhəmiyyətli qiymətləndirilib. Online-tədbirin video-lenti aşağıda təqdim edilir:

Şərhlər bağlıdır.