İran Prezidenti Məsud Pezeşkian ictimai narazılığı etiraf edərək, mövcud
problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və rəsmiləri
ABŞ kimi xarici aktyorları günahlandırmamağa çağırıb.
Çahar Mahal Bəxtiyari əyalətinə səfəri zamanı Pezeşkian bildirib ki,
problemlərin həlli yanaşmalardan asılıdır: “İctimai narazılığı aradan qaldırmaq
üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli,
iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Əgər insanlar
narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-də və ya başqa yerdə
axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”.
İranın “Fars” agentliyinin verdiyi məlumata görə, ölkənin bir neçə şəhərində
etiraz aksiyaları keçirilib.
Qarşıdurma zamanı bir polis öldürülüb. 20 nəfər həbs olunub.
Yerli vaxtla saat 18:00 radələrində Loristan əyalətinin Azna şəhərində keçirilən
etiraz nümayişləri zamanı bir qrup polis bölməsinə hücum edib.
Məlumata görə, sözügedən şəxslər polis bölməsinə silahla daxil olduqda
atışma baş verib və hücum nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Elburz əyalətində emalatxanada partlayıcı maddələr istehsal etdiklərinə görə
14 nəfər saxlanılıb.
Milli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi
problemlərə görə dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar
ölkənin bir çox şəhərinə yayılıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.