Əyalətdə 20 Yanvar faciəsi qeyd olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Ümumxalq Hüzn
Gününə həsr olunmuş “20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri
keçirildi.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş
olundu.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi
Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir. O
vurğuladı ki, bu faciə xalqımızın iradəsini sındırmamış, əksinə, milli birliyi və azadlıq əzmini daha da
gücləndirmişdir. Direktor gənc nəslin bu tarixi dərindən öyrənməsinin və şəhidlərin xatirəsini daim uca
tutmasının mənəvi borc olduğunu qeyd etdi.
Həmçinin bildirdi ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev
tərəfindən verilmişdir. Onun 1990-cı ildə Moskvada səsləndirdiyi cəsarətli bəyanat və sonradan dövlət
səviyyəsində görülən tədbirlər bu faciənin obyektiv dəyərləndirilməsini təmin etmişdir. Qeyd etdi ki,
Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya xüsusi önəm verir və bu
tarixin gənc nəsil tərəfindən unudulmamasını daim önə çəkir.
Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı məruzə ilə çıxış edərək “20
Yanvar faciəsi: Azərbaycan xalqını azadlığa və dövlət müstəqilliyinə aparan yol” mövzusunda ətraflı
məlumat verdi. Məruzədə 20 Yanvar hadisələrinin ictimai-siyasi mahiyyəti, onun milli azadlıq
hərəkatında oynadığı mühüm rol diqqətə çatdırıldı. Bildirdi ki, bu faciə xalqın azadlıq iradəsini
sarsıtmamış, əksinə, müstəqillik ideyalarının formalaşmasını və güclənməsini sürətləndirmişdir.
Həmçinin qeyd ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı bu gün də gənc nəsil üçün vətənpərvərlik
nümunəsidir.
Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Milli
istiqlalımızın şanlı tarixi – 20 Yanvar” mövzusunda çıxış edərək faciənin xalqımızın milli yaddaşında
tutduğu yer və ədəbi-bədii düşüncədə əksi haqqında danışdı.
Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Əlişah Eyyubov “20 Yanvar – qanla yazılan tarix,
qürurla yaşanan xatirə” mövzusunda çıxış edərək bu günün həm hüzn, həm də qürur günü olduğunu
vurğuladı.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev isə “20 Yanvar – susdurulan xalqın
oyanışı” mövzusunda çıxışında faciənin xalqın milli özünüdərkinin formalaşmasında mühüm dönüş
nöqtəsi olduğunu qeyd etdi.
20 Yanvar hadisələrinin canlı şahidi olan əməkdaşlar öz xatirələrini bölüşdülər.
Tədbirin sonunda Fizika müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi Elnur Dəmirov Mahirə Nağıqızının
müəllifi olduğu “20 Yanvar qatarı” şeirini səsləndirdi. Şeir iştirakçılar tərəfindən dərin duyğularla
qarşılandı.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram hissi ilə başa çatdı.
“Azərbaycan” qəzeti

Şərhlər bağlıdır.