Bu gün Ana dilimiz Azərbaycan dili dünya dilləri müvazənəsində qalib xalqın qalib dili statusunu
yaşayır. Bizimbu qalibiyyəti, qələbəni, sevinci bizlərə bəxş edənlərə, yaşadanlara bir ömür
minnətdarlıq borcumuz var! Bu gün ana dilimiz dünyaya tarixi zəfər zirvəsindən boylanır! Tarixin ən
qədim dövrlərindən günümüzədək Ana dilimizdə səslənən kəlmələrin ən şanlısı, alisi Müzəffər Ali Baş
Komandanın “Qarabağ Azərbaycandır” nidası, Xudayarlarımızın “Vətən” təsnifi və əl əməyi göz nuru
övladlarını Vətənə qurban verən şəhid valideynlərinin “Vətən sağ olsun” ifadələridir.
Ana dilimizə verdiyimiz dəyər məhz bu böyüklükdə, ölçüdə olmalıdır! Daha dəqiq desək, hər bir
Azərbaycan vətəndaşının Azərbaycan dilinə sevgisi, onu qorumaq uğrunda apardığı mübarizənin
meyarı bu anlayışlarla ölçülməlidir! Unutmamaq lazımdır ki, Vətənin azadlığı uğrunda canından keçən
hər bir şəhidimiz həm də ana dilimiz uğrunda şəhid sayılır. Çünki 30 illik işğal dövründə təkcə
torpaqlarımız deyil, eyni zamanda o ərazilərdə Ana dilimiz də işğal altında idi. Deməli, Vətən
müharibəsindəki qələbəmiz həm də azad edilən ərazilərimizdə, doğma Qarabağımızda Ana
dilimizin zəfəri, qələbəsi, təntənəsi oldu.
İşğal dövründə öz doğma adında səslənə bilməməsinin xiffətini çəkən əbədi yurd yerlərimiz
şəhərlərimiz, rayon və kəndlərimiz Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli çıxış və
müraciətlərində yenidən öz ruhunda canlandı. Möhtərəm Prezidentimizin qətiyyətli göstərişləri ilə
torpaqlarımız eybəcər adlardan sıyrılaraq öz əzəli adları iləçağrıldı. Və bu Ana dilimizin də tarixi
qələbəsi idi… Akademik Nizami Cəfərovun “Sözümüzün Ali Baş Komandanı” əsərində qeyd etdiyi kimi
“Və Ali Baş Komandanın nitqində ana dilinin qüdrətli intonasiyası elə bir qürurla səsləndi ki, yüz illər
keçsə də bu səsi hər kəs eşidəcək – dost da, düşmən də…”
Azərbaycan Prezidentinin Ana dili missiyası:
“Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu
babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tezisində tarix boyu Azərbaycan dilinin
saflığının qorunmasında, yaşadılmasında xidmətləri olan əcdadlarımıza böyük ehtiram, qədirşünaslıq
olmaqla yanaşı, günümüzə və gələcəyə hesablanmış böyük hədəflər də mövcuddur.
Azərbaycan xalqının tarixi taleyi uzun əsrlər boyu müxtəlif imperiyaların siyasi və mədəni təsiri altında
formalaşmışdır. Rusiya imperiyası, İran imperiyası və Sovet İttifaqı dövrlərində xalqın siyasi müstəqilliyi
məhdudlaşdırılsa da, dil milli varlığın qorunmasında əsas dayaq rolunu oynamışdır. Prezident İlham
Əliyevin vurğuladığı kimi, bu tarixi mərhələlər mahiyyət etibarilə müstəmləkəçilik xarakteri daşımış,
lakin bütün bu dövrlərdə Azərbaycan dili xalqın milli ruhunu yaşadan başlıca amil olmuşdur.
Torpağımız ikiyə bölünən zaman, eyni zamanda, “qırmızı qaranlıqların yaşıl işıqları boğduğu
dövrlərdə” bu dil bölünməyən, boğulmayan amalımız oldu! Milli olan hər şeyin boğulduğu SSRİ
dövründə Ümummilli Lider Heydər Əliyevin nüfuzu, qətiyyəti ilə konstitusiyada Azərbaycan dilinə
dövlət dili statusu verildi. Belə ki, 1977-ci ildə SSRİ-də yeni Konstitusiyanın qəbulundan sonra
Azərbaycan SSR-in də Konstitusiya layihəsi hazırlanmışdır. 1978-ci il aprelin 2-də bu layihənin
müzakirəsi zamanı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü əsasında 73-cü maddə yeni redaksiyada təqdim edilmişdir. Həmin maddədə
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası təsbit
olunmuşdur. 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in son Konstitusiyasında
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin xalq və milli dövlətçilik
qarşısında göstərdiyi mühüm tarixi xidmətlərdən biri kimi dəyərləndirilməlidir. Sonrakı illərdə, xüsusilə
1980-ci illərin ikinci yarısından etibarən Konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilmiş, nəticədə
sənəd ilkin mətnlə müqayisədə ciddi transformasiyaya uğramışdır. Bu Konstitusiya 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının əsas qanunu qəbul edilənədək hüquqi qüvvəsini saxlamışdır.
Müstəqillik dövründə qəbul olunmuş və müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan
Respublikasının Konstitusiyasında da dil məsələsinə xüsusi yer ayrılmış, 21-ci maddə Azərbaycan
dilinin dövlət dili statusuna həsr edilmişdir.
Azərbaycan dilinin dövlət dili statusu qazanması milli dövlətçilik tarixində mühüm mərhələdir. 1995-ci
il Konstitusiyasında bu statusun təsbit edilməsi dilin hüquqi müstəvidə ən yüksək səviyyədə
qorunmasını təmin etmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Qanun isə dilin tətbiqi, inkişafı və qorunması istiqamətində sistemli mexanizmlər
yaratmışdır. Bu siyasətin ideoloji əsasları Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına
söykənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi xətti ardıcıl şəkildə davam etdirərək latın
qrafikasının tətbiqi, kütləvi nəşrlər və normativ dil mühitinin formalaşdırılması istiqamətində mühüm
addımlar atmışdır.
Ölkəmizdə ana dilinin qorunması və inkişafına yönəlmiş siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən
formalaşdırılmış strateji xətt əsasında son iyirmi ildən artıq dövrdə cənab Prezident İlham Əliyev
tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Qloballaşmanın təsirlərinin gücləndiyi
şəraitdə Azərbaycan dilinin yad ünsürlərdən mühafizəsi, onun təmizliyinin və funksionallığının təmin
olunması dövlət başçısının diqqət mərkəzindədir və bu istiqamətdə mühüm normativ-hüquqi
sənədlər qəbul edilmişdir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində dövrün
tələblərinə uyğun istifadəsi və ölkədə dilçilik elminin inkişafı haqqında” 23 may 2012-ci il tarixli,
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki təminatının gücləndirilməsi barədə” 29
may 2012-ci il tarixli, eyni adlı Dövlət Proqramının təsdiqinə dair 9 aprel 2013-cü il tarixli
Sərəncamları, “Azərbaycan dilinin elektron mühitdə istifadəsinin genişləndirilməsi ilə bağlı tədbirlər
haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı, “Dövlət dilinin saflığının qorunması və ondan istifadənin
daha da təkmilləşdirilməsi ilə dair tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı, eləcə də
Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli qərarı ilə “Terminologiya Komissiyası haqqında
Əsasnamə”nin təsdiqi ana dilinə dövlət qayğısını gücləndirmiş, dilçilik sahəsində fundamental və
tətbiqi tədqiqatların keyfiyyətinin yüksəldilməsi üçün münbit imkanlar yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm 03 noyabr 2025-ci il tarixində AMEA-nın 80
illik yubileyindəki tarixi çıxışında, həm də 05 yanvar 2026-cı il tarixində yerli televiziya telekanallarına
verdiyi tarixi müsahibəsində qalib Lider kimi doğma xalqına Azərbaycan dili ilə bağlı söylədiyi müdrik
f
ikirləri, çağırışları bu məfkurələrə əsaslanırdı. Bəli, bu gün Azərbaycan Prezidentinin Liderliyi
ilədövlətimiz, xalqımız, dilimiz dünyaya zəfər zirvəsindən baxır! Xalq olaraq Ali Baş Komandanın, onun
qəhrəman ordusunun döyüş meydanında qazandığı qələbəni, uğuru həm ana dilimizə, həm elm və
təhsilimizə, həm də mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə münasibətdə təkrarlamalıyıq! Bu
çağırışı reallaşdırmaq, həyata keçirməyə çalışmaq hər bir Azərbaycan vətəndaşının borcudur!
“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə
birlikdə”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilini dövlətçilik sisteminin əsas
atributlarından biri kimi təqdim edərək onu bayraq, gerb və himn kimi milli rəmzlərlə eyni səviyyədə
dəyərləndirir. Bu yanaşma dilin dövlət quruculuğunda yalnız simvolik deyil, funksional və strateji rol
oynadığını təsdiqləyir.
Dil hər bir xalqın tarixi yaddaşını, mədəni kodlarını və milli kimliyini formalaşdıran başlıca mənəvi
dayaqlardan biridir. Dövlətçilik tarixində dil yalnız ünsiyyət vasitəsi kimi deyil, siyasi müstəqilliyin, milli
özünüdərkin və kollektiv şüurun əsas göstəricisi kimi çıxış etmişdir. Müasir Azərbaycan dövlətçilik
təfəkküründə dil məsələsi strateji əhəmiyyət kəsb edən fundamental konsepsiya səviyyəsinə
yüksəlmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dili ilə
bağlı səsləndirdiyi fikirlər filoloji çərçivəni aşaraq milli təhlükəsizlik, dövlət ideologiyası və mədəni
suverenlik anlayışları ilə birbaşa bağlıdır.
Möhtərəm Prezidentimizin xüsusi olaraq qeyd etdiyi kimi, bu gün danışılan Azərbaycan dili struktur və
semantik baxımdan ulu əcdadların danışdığı dildən əsaslı şəkildə fərqlənmir. Bu fakt dilin diaxron
sabitliyini və xalqın mədəni yaddaşının bütövlüyünü göstərir. Elmi baxımdan bu hal dilin yalnız inkişaf
edən sistem deyil, eyni zamanda öz əsaslarını qoruyan canlı orqanizm olduğunu sübut edir.
Prezident İlham Əliyevin dil konsepsiyasında əsas tezislərdən biri dilin milli kimliyin
formalaşdırılmasında həlledici roludur. “Dil milləti millət edən amildir” fikri dövlət başçısının dil
siyasətinin ideoloji əsasını təşkil edir. Dilin itirilməsi milli kimliyin zəifləməsinə, daha sonra isə
dövlətçilik şüurunun dağılmasına gətirib çıxara bilər. Bu baxımdan Prezident assimilyasiya proseslərini
strateji təhlükə kimi qiymətləndirir.
Azərbaycan Prezidenti bu təhlükəli prosesə AMEA-nın 80 illiyindəki tarixi nitqində olduqca sərt
münasibət bildirmişdi:”Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana
dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər
birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa
dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də
qəbuledilməzdir”.
Möhtərəm Prezidentimiz eyni tezisi 05 yavarda yerli televiziya kanallarına verdiyi müsahibədə
nisbətən yumşaq formada yenidən təkrarlayır: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam.
Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi
pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç
buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya
da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də
gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona
görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını
bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya
bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən – istər-istəməz təmaslar, ondan sonra
internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada
həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.
Xüsusilə xarici sözlərin nəzarətsiz şəkildə dilə daxil olması Prezident tərəfindən mədəni təhlükə kimi
təqdim olunur. Burada söhbət beynəlxalq terminologiyadan deyil, milli dilin daxili harmoniyasını
pozan yad elementlərdən gedir. Prezidentin metaforik ifadə ilə qeyd etdiyi “damcı-damcı sarsıdılan
milli kimlik” anlayışı assimilyasiyanın gizli, lakin təhlükəli mahiyyətini açıq şəkildə ifadə edir.
Azərbaycan Prezidenti İlham Əliyevin dil siyasəti qloballaşmanı inkar edən mövqedən uzaqdır. Əksinə,
müasir dünyanın açıq və qarşılıqlı asılılıq şəraitində yaşadığını qəbul edən Prezident çoxdilliliyi
funksional prinsip əsasında qiymətləndirir. Xarici dilləri bilmək zərurət kimi qəbul edilir, lakin bu, ana
dilinin ictimai və dövlət həyatında əsas mövqeyini zəiflətməməlidir. Bu yanaşma milli dil prioritetinə
əsaslanan rasional çoxdillilik modelidir.
Prezidentin “Azərbaycan dilinin qoruyucusu Azərbaycandövlətidir” fikri dilin təsadüfi şəkildə deyil,
məqsədyönlü dövlət siyasəti vasitəsilə qorunmalı olduğunu göstərir. Bu xüsusilə xaricdə yaşayan
azərbaycanlıların dil probleminə münasibətdə özünü göstərir. Diaspor şəraitində ana dilinin
qorunması üçün onlayn məktəblərin yaradılması kimi təşəbbüslər müasir və innovativ dil siyasətinin
nümunəsidir.
44 Günlük Vətən Müharibəsi Azərbaycan dilinin dövlətçilik və milli ruhla nə dərəcədə vəhdətdə
olduğunu bir daha nümayiş etdirdi. Müharibə zamanı Ali Baş Komandanın xalqa müraciətlərində
Azərbaycan dilinin zəfər simvoluna çevrilməsi dilin ideoloji gücünü ortaya qoydu. “Qarabağ
Azərbaycandır!” ifadəsi yalnız siyasi bəyanat deyil, eyni zamanda ana dilinin tarixi zəfər çağırışı idi.
İşğaldan azad olunan ərazilərdə tarixi toponimlərin öz əzəli adlarına qaytarılması dilin mədəni
suverenliyinin bərpası anlamına gəlir. Beləliklə, torpaqlarımızla yanaşı, ana dilimiz də işğaldan azad
edildi və yeni mərhələyə qədəm qoydu.
Azərbaycan dili Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında milli kimliyin, tarixi yaddaşın və
siyasi suverenliyin əsas dayaqlarından biri kimi çıxış edir. Dilin qorunması yalnız mədəni məsələ deyil,
strateji dövlət siyasətidir. Müasir Azərbaycan dövləti ana dilini həm hüquqi, həm ideoloji, həm də
mənəvi müstəvidə qoruyaraq onu tarixi zəfərlərin və gələcək inkişafın aparıcı qüvvəsinə çevirmişdir.
Ana dili yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşının canlı daşıyıcısıdır. O, nəsillərin , mübarizə
və zəfərlərini, sevinc və faciələrini özündə ehtiva edir. Bu baxımdan ana dili milli varlığın mənəvi
sütunu kimi çıxış edir. Firidun bəy Köçərlinin qeyd etdiyi kimi, bir xalqın dili əlindən alınarsa, onun
varlığı da təhlükə altına düşər.
Əlimuxtar Muxtarov,
AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini,
Filolofiya üzrə fəlsəfə doktoru,dosent.
Şərhlər bağlıdır.