Cənubi Azərbaycanın İranın tərkibində olmasının tarixi hüquqi əsası yoxdur
- Professor Kərim Şükürov
Tarixin daha qədim çağlarına getmədən Səfəvilər dövlətindən (1501-1736)
başlamaq olar. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması, İran
tarixşünaslığının iddiasına baxmayaraq, təsdiq olunmuş faktdır. Azərbaycan
torpaqları Səfəvi dövlətinin əsasını təşkil etmiş, onun formalaşması və
inkişafında əsas faktor olmuşdur. Səfəvilər dövləti əfqanların hücumu ilə
əlaqədar böhran keçirdiyi dövrdə məşhur Azərbaycan sərkərdəsi Nadir xan
(1736-cı ildən Nadir şah) onun ərazisini bərpa etmiş, Əfşarlar imperiyasını
yaratmışdır. Nadir şah Şirvan, Qarabağ, Təbriz və Çuxursəəd bəylərbəyliklərini
ləğv etmiş və onların əsasında Azərbaycan vilayəti yaratmış, yəni
Azərbaycanın cənub və şimalını eyni inzibati vahiddə birləşdirmişdir. Qardaşı
İbrahim xanı da bu vilayətin hakimi təyin etmişdir.
Nadir şahın qətlindən sonra Azərbaycanda xanlıqlar yaranmışdır. Onlar tarixi
coğrafi və etnik baxımdan vahid Azərbaycanın ərazisini təşkil etmiş, yalnız
coğrafi yerləşməsinə görə, şərti olaraq Şimali və Cənubi Azərbaycan xanlıqları
kimi ifadə olunmuşdur. Bu durumu analoji baxımdan Avropada milli dövlətlər
yarananadək onların müxtəlif siyasi hakimiyyətlərə parçalanma dövrü ilə
müqayisə etmək olar.
Azərbaycan xanlıqları, xüsusilə daha güclü xanlıqlar, müstəqil siyasi xətt
yeritmişdir. Bu beynəlxalq müqavilələr ilə də tanınmışdır. 1782-ci ildə Rusiya və
Quba xanlığı arasında ticarət müqaviləsi imzalanmışdır. 1802-ci ildə Rusiya
imperiyası ilə Qafqaz hakimləri, o cümlədən Şeyxəli xan və Mir Mustafa xanın
iştirakı ilə müqavilə imzalanmışdır.
Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov Gəncəni silah gücünə
işğal etməzdən əvvəl onunla müqavilə bağlamaq haqqında təklif vermişdir.
Müqavilənin şərtlərinə baxmayaraq, bu o demək idi ki, Sisianovun timsalında
Rusiya hökuməti onu müstəqil hakim kimi qəbul edirdi. 1805-ci il müqavilələri
(Qarabağ, Şəki və Şirvan xanlıqları ilə) də bu xanlıqların beynəlxalq hüququn
subyekti kimi qəbul edilməsi idi.
Ağa Məhəmməd şahın atası qeyri Azərbaycan torpaqlarını da birləşdirmə
siyasəti yürüdürdü
Xanlıqlar dövrünün əsas məzmununu mərkəzləşdirmə uğrunda mübarizə təşkil
edirdi. Bu iki istiqamətdə gedirdi. Urmiya, Quba və Qarabağ xanlıqları
Azərbaycan torpaqlarını mərkəzləşdirməyə çalışırdı. Qubalı Fətəli xan (1758
1789) Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirməyə nail olmuşdur.
Mazandaran hakimi, əslən qacar tayfasından olan Məhəmmədhəsən xan (Ağa
Məhəmməd şah Qacarın atası) (1747-1759) isə keçmiş Səfəvilər və Əfşarlar
imperiyasının ərazisindəki qeyri Azərbaycan torpaqlarını da birləşdirmə siyasəti
yürüdürdü. Bu baxımdan Məhəmmədhəsən xan həm digər rəqibləri, həm də
Azərbaycan xanlıqları ilə də mübarizə aparırdı. Məhəmmədhəsən xanın
öldürülməsindən sonra, zəndlərin hakimi Kərim xan (1763-1779) hakimiyyət
uğrunda mübarizədə qalib gəlmişdir. Kərim xan yalnız vəkil titulu daşımış,
özünü şah elan etməmişdir, yəni nominal hakim olmuşdur. Onun tabe edilən
xanlıqlara münasibəti də bunu sübut edir. Belə ki, tabe edilən hakimlər, o
cümlədən Qarabağ xanı Pənah xan Şiraza aparılmış və burada girov kimi
saxlanmışdır.
Qacar Azərbaycanın cənubu ilə birgə, şimalını da birləşdirmək niyyətində
idi
Kərim xanın ölümündən sonra Ağa Məhəmməd xan Qacar atasının siyasətini
davam etdirmişdir. Bu zaman Şah İsmayılın (1501-1524) siyasətindən fərqli bir
xətt izlənilmişdir. Şah İsmayıl ilk vaxtlar Azərbaycanın şimalına yürüş etmiş,
buradan qayıdarkən Naxçıvanda Ağqoyunlu Əlvənd Mirzə üzərində qalib gəlib,
Təbrizə daxil olmuş, Səfəvilər dövlətinin yaradılmasını elan etmiş, sonra
ərazilərini genişləndirmişdir. Ağa Məhəmməd Qacar isə 1780-ci illərin
əvvəllərində Mazandaran, Astrabad və Gilanı, ikinci yarısında isə Tehran, Qum,
Kaşan və İsfahanı ələ keçirmiş, Tehranı mərkəzə çevirmişdir. 1791-ci ildə
zəndlərin mərkəzi Şiraz tutulmuşdur və s. Qacar Azərbaycan torpaqları
uğrunda da həlledici mübarizəyə başlamış, ilk olaraq Azərbaycanın cənub
xanlıqları birləşdirilmişdir.
Ağa Məhəmməd şah Qacar Azərbaycanın cənubu ilə birgə, şimalını da
birləşdirmək niyyətində idi. 1795-ci ildə Azərbaycanın şimalındakı torpaqlar
uğrunda da mübarizə başlanmışdır. Qarabağ xanlığını tutmaq mümkün
olmadıqda, Tiflis üzərinə yürüş təşkil edilmişdir. Qacar yalnız 1796-cı ilin
mayında Muğanda tacqoyma mərasimi keçirmişdir. Azərbaycanın Şimal
xanlıqları uğrunda mübarizə yenə də gündəlikdə olmuş, lakin Şuşa alındıqdan
sonra, 1797-ci ildə burada öldürülmüşdür. Cənubi Qafqazda Rusiya
imperiyasının mövqeyi güclənməyə başlamışdır.
Nadir şah dövründə Azərbaycan adı həm şimala, həm də cənuba aid
edilirdi
Yeni Qacar hökmdarı Fətəli şah (1797-1834) Ağa Məhəmməd şahın
Azərbaycan siyasətini davam etdirməyə çalışmış, lakin Gülüstan (1813) və
Türkmənçay (1828) müqavilələri ilə bu siyasət baş tutmamışdır. Buna görə də
əsas diqqət Azərbaycanın cənub torpaqlarına yönəlmişdir. Cənubi Azərbaycan
ərazisi vahid Azərbaycan əyalətində birləşdirilmişdir. Yuxarıda qeyd edildiyi
kimi, Azərbaycan adı Nadir şahın dövründə Azərbaycanın həm şimalına, həm
də cənubuna aid edildiyi halda, bu dövrdə vəziyyət dəyişdi. Rusiya imperiyası
Azərbaycanın şimal xanlıqlarını ələ keçirsə də, bir tərəfdən, burada vahid
inzibati ərazi yaratmaq əvəzinə parçalanmış vəziyyətin saxlanmasına üstünlük
verdi, digər tərəfdən tarixi-etnik Azərbaycan torpaqlarında “Erməni vilayəti”
(1828-1840) yaratdı. Qacarlar isə Azərbaycanın cənub ərazisini Azərbaycan
əyaləti adlandırdılar. Əyalətin hakimi də Fətəli şahın oğlu, vəliəhd Abbas Mirzə
təyin edilmişdi və bu prosedur sonra ənənəvi hal almışdır. Belə bir yanaşma
Azərbaycanın (cənub) yeni yaranan Qacarlar dövləti tərkibində özünəməxsus
etno-ərazi birliyi olmasını göstərir. Qeyd edilən fakt Rusiya imperiyası
tərəfindən də təsdiq edilmiş və tarixi baxımdan mühüm bir fikir də irəli
sürülmüşdür. Qriboyedov 1826-1828-ci illər müharibəsinin gedişi zamanı
Qaraziədindəki sülh danışıqlarında Azərbaycana (cənub) sahib olmaqdan, bu
geniş vilayətin müstəqilliyindən bəhs edir, lakin Rusiyanın müharibədə qələbəsi
ilə vəziyyət dəyişdi. Əvvəlcə Gülüstan, sonra isə Türkmənçay müqaviləsi ilə
Qacarlar dövlətinin Cənubi Azərbaycan torpaqlarını da öz içinə alan, bəzi
dəyişikliklər ilə bu günədək davam edən, şimal sərhədləri formalaşdırıldı.
Cümhuriyyətin Azərbaycan adlandırılması onun Cənubi Azərbaycana
iddiasını da ortaya qoyurdu
Cənubi Azərbaycanın Qacarlar dövrü tarixinin sonrakı mərhələsində
Azərbaycan əyalətinin mövqeyi tədricən sıxışdırılmağa başlanmışdır. Bunun
nəticəsi idi ki, 1905-1911-ci illər İran inqilabı dövründə məhz Cənubi
Azərbaycan inqilabın mərkəzi olmuş və muxtariyyət məsələsi meydana
gəlmişdir. Azərbaycanlılar nəinki, öz ölkəsində, o cümlədən bütün İranda
azadlıq hərəkatının avanqardına çevrilmişdir.
Azərbaycanın şimalında müstəqil Azərbaycan Cümhuriyyətinin (1918-1920)
yaradılması ilə yeni situasiya meydana gəlmişdir. Akademik Bartoldun fikrincə,
Cümhuriyyətin Azərbaycan adlandırılması onun Cənubi Azərbaycana iddiasını
da ortaya qoyurdu. (“…Azərbaycan termini ona görə seçilmişdir ki, Azərbaycan
Cümhuriyyəti qurulanda, nəzərdə tutulurdu ki, Persiya və bu Azərbaycan bir
bütöv təşkil edəcəkdir”) Beləliklə, Azərbaycanın birləşdirilməsi ideyası da
ortaya çıxmış, bu İran tərəfindən ciddi narahatlıqla qarşılanmışdır. 1920-ci ilin
martında Cümhuriyyət ilə İran arasında bağlanan müqavilələrdə Şimali
Azərbaycan Qafqaz Azərbaycanı kimi qeyd edilmişdir.
Bu dövrdə Cənubi Azərbaycandakı proseslərin siyasi istiqaməti də
dərinləşməkdə davam etmişdir. 1920-ci ildə, Cənubi Azərbaycanın İranın tərkib
hissəsi olması haqqındakı fikirlər, Azadistan və s. məsələlər üzərində
dayanmadan, qeyd etmək lazımdır ki, Xiyabaninin rəhbərliyi ilə cənubda ilk dəfə
Azərbaycan milli hökuməti yaradılmışdır.
Kəsrəviçilik ideologiyası ilə Azərbaycanın cənub və şimalının
ayrılmasının ²əsaslandırılmasına² cəhd edilib
1921-ci ildə dövlət çevrilişi nəticəsində Rza Pəhləvi baş nazir olmuş, 1925-ci
ildə isə Fars imperatorluğunun yeni, Pəhləvi sülaləsinin (1925-1979) banisi kimi
taxt-taca yiyələnmişdir. 1935-ci ildə dövlətin rəsmi adı İran kimi qəbul
olunmuşdur. Pəhləvilər dövründə Azərbaycana (cənub) qarşı şovinist
münasibət dövlət siyasətinə çevrilmişdir. Kəsrəviçilik ideologiyası ilə
Azərbaycanın cənub və şimalının ayrılmasının “əsaslandırılmasına” cəhd
edilmişdir. İran tərkibində Cənubi Azərbaycanın vahid inzibati ərazi statusunun
ləğvi (1938-ci il ərazi islahatı nəticəsində Cənubi Azərbaycan ərazisi, əsasən,
3 və 4-cü ostanların tərkibinə daxil edilmişdir) əsas məsələlərdən birinə
çevrilmiş, azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması genişlənmişdir.
Cənubi Azərbaycan bu proseslərə də ciddi müqavimət göstərmiş, II Dünya
müharibəsindən sonra, 1945-ci ilin dekabrında Seyid Cəfər Pişəvərinin
rəhbərliyi ilə Azərbaycan Milli hökuməti təşkil edilmişdir. Azərbaycan Milli
hökumətinin süqutu ilə İranda Cənubi Azərbaycana və azərbaycanlılara qarşı
ayrı-seçkilik siyasət daha da güclənmişdir.
İrandakı azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququ tarixi
zərurətdir
İran İslam Respublikası yaradıldıqdan sonra Cənubi Azərbaycanın tarixi-coğrafi
ərazisinin parçalanması, əhalinin etnik tərkibinin dəyişdirilməsi, ən adi insan
hüquqlarının pozulması məqsədyönlü şəkildə davam etdirilmişdir. 1989-cu il
sərhəd hərəkatı və Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən sonra,
İranın Azərbaycan siyasəti (həm şimal, həm də cənub üzrə) daha kəskin
xarakter almışdır. Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədəki
tarixi qələbəsi ilə onun mahiyyəti tamamilə aşkara çıxmışdır. İran birmənalı
şəkildə anti-Azərbaycan mövqeyi tutaraq, Ermənistan ilə eyni blokda
birləşmişdir.
Beləliklə, faktlardan aydın olur ki, Azərbaycanın cənub torpaqlarının İran
tərkibində olmasının tarixi-hüquqi əsası yoxdur. Bu yalnız Rusiya imperiyası ilə
İran arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələri ilə dövlətlərarası
sərhədlərin müəyyən edilməsinin nəticəsi kimi meydana gəlmiş, Azərbaycanın
cənub və şimalının vahid dövlətdə birləşdirilməsi prosesinin qarşısı alınmışdır.
İranın tərkibində qalan Cənubi Azərbaycanın ərazi bütövlüyünə də ciddi zərbə
vurulmuş, azərbaycanlıların insan hüquq və azadlıqları məhdudlaşdırılmış və
onlar diskriminasiyaya məruz qalmışdır. Bu proseslər getdikcə daha kəskin
xarakter almaqdadır. Belə bir vəziyyətdə İrandakı azərbaycanlıların öz
müqəddəratını təyinetmə hüququnu reallaşdırması tarixi zərurət kimi meydana
çıxır.
Kərim ŞÜKÜROV,
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru,
professor
MƏNBƏ: https://science.gov.az/az/news/open/23814
Şərhlər bağlıdır.