İranda siyasi partiyalar və vətəndaş cəmiyyətinin post İslam Respublikası mərhələsində dövlət quruculuğunda iştirakı

Təqdim olunan məqalədə məqsəd, İranın gələcək dövlət quruculuğunda
mövcud dini-strukturların oynayacağı rol, qurulacaq dövlət modelinin cəmiyyət
tərəfindən dərk edilməsinə təsir göstərcək “media və informasiya mühitinin”
imkanları, İranda təhsilin və mədəniyyətin səviyyəsinin dövlət quruculuğunda
oynaya biləcək rolu, dövlətin gələcək planlaşdırılmasında siyasi partiyaların və
vətəndaş cəmiyyətinin iştirakı, İranın dövlət quruculuğunda milli qüvvələrin rolu,
iqtisadi amillərin, milli burjuaziyanın təsiri və ümumi sosial-mədəni mənzərəni
öyrənməklə proqnozları müəyyənləşdirməkdir.
Həmçinin, İranın keçmiş olduğu tarixi təcrübə və müasir geosiyasi şəraitin İran
dövlətinin siyasi mənzərəsinə təsir edə biləcək qüvvələr öyrənilir, elmi təhlili
yolu ilə siyasi proqnozlar verməyə çalışaq. Cross Media Təhlil Mərkəzinin
analitiklərinin araşdırmaları İranda son yüz ildə formalaşmış dövlət quruculuğu
ənənələrini müqayisəli təhlil metodundan istifadə etməklə hazırkı inkişaf
səviyyəsi və dövlət quruculuğu prosesinə “üçüncü tərəflərin” müdaxiləsi
imkanlarının öyrənilməsidir.
Problemə tarixi nöqteyi-nəzərdən yanaşaraq, müasir geosiyasi şərait fonunda
post-islam respublikası dövrünün fəal siyasi iştirakçılarının müəyyənləşdirilməsi
ilə təklif oluna biləcək dövlət modelinin təhlili nəzərdən keçirilir. Cross Media
Təhlil Mərkəzinin analitikləri tərəfindən hazırlanan araşdırmalar ölkənin gələcək
siyasi quruluşunda dini qurumların, mədəni və sekulyar qrupların, siyasi təşkilat
və vətəndaş cəmiyyəti iştirakçılarının, milli burjuaziya nümayəndələri və iqtisadi
amillərin oynaya biləcəyi rol tədqiq edilir. İranın siyasi quruluşu və gələcək
perspektivləri probleminin müxtəlif epizodlarına dair elmi və populyar
ədəbiyyatda böyük həcmli materiallar mövcuddur, lakin problemə tarixi
ənənələrə müasir tendensiyaların təsiri kontekstində kompleks yanaşma ilk
dəfə təqdim olunur.
İctimai təşkilatlar cəmiyyətin siyasi həyatında iştirak edən müxtəlif strukturları
və qrupları əhatə edən geniş anlayışdır. Dünyanın müxtəlif ölkələrində belə
təşkilatların yaranması və formalaşması müxtəlif zaman və məkan şəraitində
özünü fərqli əlamətlərlə göstərib. İctimai təşkilatlara həm dövlət qurumları, həm
də ictimai təşkilatlar, siyasi partiyalar, hərəkatlar və hakimiyyət orqanları ilə
qarşılıqlı əlaqədə olan və siyasi proseslərə təsir göstərən vətəndaş birliklərinin
müxtəlif formaları daxildir.
İranın siyasi-ictimai tarixində son yüz ildə belə təşkilatların yaranması və
fəaliyyəti haqqında məlumatlar azdır və yaranan təşkilatlar son dərəcə
spesifikdir. İctimai birliklər olaraq İran coğrafiyasında XIX əsrin ikinci yarısında
yaranan “mason” təşkilatlarını qeyd etmək olar. Bu təşkilatlar haqqında
məlumat az olsa da İranın siyasi həyatında əhəmiyyətli rol oynamışdı.
İran tarixində ilk siyasi partiyaların ermənilər tərəfindən yaradılması iddia edilir.
Mənbələrdə göstərilir ki, “İranda ilk sosialist partiya olan Sosial Demokrat
“Hınçak” Partiyası, İranda Erməni İnqilabi Federasiyası – 1890-cı illərdə
Daşnaksütyun Partiyasının tərkibində yaradılmışdır.” Lakin, bu təşkilatların heç
bir sosialist və demokratik mahiyyət daşımadığı, onların millətçi və ekstremist
qruplardan ibarət olduğunu, müxtəlif ölkələrin ərazilərində silahlı dəstələr
yaradıb, quldurluq və siyasi terrorla məşğul olduqlarını bilirik.
1900-cü illərdə Güney Azərbaycandan olan mühacir işçilər tərəfindən Bakıda
yaradılmış “İçtimaiyun-e-Amiyun” partiyası sonralar fəaliyyət mərkəzini Təbriz
şəhərinə köçürdü. 1906-cı ildə konstitusiyanın qəbulu, parlamentin yaradılması
prosesində aktiv iştirak etdi və bu partiyalar ölkənin əsas parlament qüvvələrinə
çevrildilər. 1918-ci ildə Demokratik Partiya parçalandı və bir il sonra fəaliyyətini
dayandırdı.
XX əsrin əvvəllərində Rusiya inperiyasında baş verən hadisələr İran sosial
siyasi həyatına təsir etməyə başlayır. Xüsusilə də Qafqaz şəhərlərində yaranan
siyasi təşkilatlar İranın şimal regionlarında öz əks-sədasını tapır və bir sıra
qurumlar yaradılırdı. Sosialist, demokratik və milli yönümlü partiyaların
yaradılması İran xalqları tərəfindən geniş rəğbət qazanmır, belə ki,
institutlaşmış islam şiə dünyagörüşü insanların gündəlik həyatını son dərəcə
dərindən nüfuz etmişdi və cəmiyyətdə alternativin olması haqqında zəif
düşüncələr mövcud idi.
1920-1925-ci illərdə İranda demokrat partiyası, sosialist partiyası, liberallar adı
ilə müxtəlif siyasi qruplar fəaliyyət göstərdi ki, onların bir qrupu pəhləvilərin
hakimiyyətə gəlməsini dəstəklədi, bir qrup müxalifət etdi və son nəticədə bu
qrupların heç biri ciddi təşkilatlanaraq ölkənin gələcək dövlət quruculuğunda
iştirak etmədilər. Rza şahin siyasi repressiyaları 1927-ci ildən başlandı.
XX əsrin 20-ci illərində sosial-demokrat düşüncəli liderləri ikinci internasionalın
iştirakçısı olduqlarına görə həbs etdilər və uzun müddətli həbs cəzası verdilər.
1937-ci ildə də üçüncü internasionalın sonunda yenidən böyük siyasi və ideolojı
liderlər qpupunu həbs etdilər və İran cografiyasında siyasi təşkilatların
yaradılması 1941-ci ildə Sovet qoşunlarının İrana daxil olmasından sonra
başlandı.
1927-ci ildə Pəhləvi dövlətinin naziri Teymurtaş Mussolini partiyası və
Atatürkün partiyaları nümunəsində hökumətyönümlü və şah tərəfdarı olan yeni
“Tərəqqi” Partiyasını qurdu. Bu partiya beş il fəaliyyət göstərdi və Teymurtaşın
vətənə xəyanət edamı ilə həbsindən sonra partiya da ləğv edildi.
Pəhləvilər zamanında “din-dövlət və miilət-din” doktrinasını həyata keçirməyə
başladılar ki, bu bir tərəfdən İran Ariyaçılıq düşüncəsini, digər tərəfdən İslam
şiə fərqliliyini qarşıya çıxarmalı idi. Həm millət, həm də din sahəsində
izolasiyonizm modelini irəli sürən pəhləvilər hər cür partiya və ideologiyaya
qarşı aqressiv mübarizə aparır və onların alternativi olaraq İrançılıq modeli
yaratmağa səy göstərirdilər. Bu məqsədlə İranın tanınmış dilçi və tarixçı alimləri
işə cəlb olunmuşdu və ölkənin qapalı idarəetmə sistemində azad düşüncəli
ziyalılara yer yox idi.
Partiya quruculuğu tarixində mühüm mərhələ 1941-cı ildən sonra baş verdi.
İranın şimalından sovet qoşunlarının İrana daxil olması və cənubdan da İngilis
qüvvələrinin yerləşməsi ölkədə fərqli qüvvələrin meydana gəlməsi və müxtəlif
maraqların müdafiəçiləri şəklində özünü göstərməyə başladı. Özünü İran
Marksist-Leninçi Xalq Partiyası adlandıran Tudə partiyası, özünü millətçi
adlandıran “İran” Partiyası və Ədalət Partiyası, nasistlərin tərəfdarı olan
partiyalar, antikommunist partiyalar yaradıldı. Eləcə də Monarxist parlament
fraksiyasının əsasında “Milli Birlik Partiyası” yaradıldı və hətta onlar 1944-cü ilin
avqustunda özünü “Xalq Partiyası” adlandırmağa başladılar.
1945-ci ilin sentyabr ayında, S.C.Pişəvəri tərəfindən yaradılmış Azərbaycan
Demokrat Firqəsi (Partiyası) yaradıldı. Yaranmasından üç ay sonra İranın şimal
əyalətlərini (cənubi Azərbaycan) birləşdirərək Azərbaycan Milli Hökumətini elan
etdi və bir il müddətində milli dövlətçilik quruculuğunda xeyli işlər gördü. 1946
cı ilin dekabr ayında Pəhləvi qoşunlarının İngiltərə dəstəyi ilə hücumu zamanı
minlərlə tərəfdarını itirmiş ADF mühacirət etməyə məcbur oldu. Mühacirətdə
fəaliyyətini bərpa edən ADF 1979-cu il inqilabını dəstəklədi və 1982-ci il
repressiyalarında xeyli partuya mənsubu edam edildi. Partiya yenidən öz
təşkilatlarını mühacirətdə bərpa etməli oldu və hal-hazırda da fəaliyyətini
davam etdirir.
İran coğrafiyasında milli ideyanın ciddi fəsadlar törədə biləcəyini nəzərə alaraq
1947-ci ildə şah sarayı tərəfindən maliyyələşdirilən daha bir şah tərəfdarı olan
“Ariyan” Partiyası yaradıldı. İran rejimi Azərbaycanda və Gilanda milli
hərəkatları və milli düşüncənin yüksələn təsirlərindən xəbərdar idi. Odur ki,
ölkədə ümummilli ideyanı təbliğ edən “irançılıq-ariyaçılıq” hərəkatı
dəstəklənməyə başlandı.
Ariyan Partiyasının üzvləri və onların silahlı dəstələri baş nazir Müsaddiqin
devrilməsində fəal iştirak etdilər. 1949-cu ildə Məhəmməd Müsaddiq və millətçi,
liberal və sosial-demokrat siyasi yönümlü bir sıra dünyəvi ziyalılar “İran”
Partiyası əsasında “İran Milli Cəbhəsini” yaratdılar. “Cəbhə” bir neçə il
hakimiyyətdə olsa da, 1953-cü il çevrilişindən sonra hakimiyyəti itirdi və gizli
fəaliyyətə başladı. 1979-ci il İnqilabı zamanı “Milli Cəbhə” ölkədə açıq fəaliyyətə
başladı və İslam Respublikasının qurulmasını dəstəklədi. 1981-ci ilin iyulunda
partiya olaraq qadağan edildi və İranda rəsmi olaraq qeyri-qanuni təşkilat olsa
da, hələ də fəaliyyətini davam etdirir.
1953-cü il çevrilişindən sonra İranda hərbi vəziyyət tətbiq olundu və bütün
partiyaların qanuni fəaliyyəti qadağan edildi. Liberallaşma yalnız 1957-ci ildə
hərbi vəziyyətin ləğvi və dövlət yönümlü partiya quruculuğu ilə yenidən başladı.
1957-ci ildə Şah Məhəmməd Rza Pəhləvi ABŞ-dan nümunə götürərək İranda
ikipartiyalı sistem yaratmağa qərar verdi. İranın 37-ci baş naziri Mənuçöhr
Eqbal monarxist, milli-mühafizəkar (Melliyun), daxili işlər naziri Əmir Əsədullah
Ələm isə liberal müxalifət təşkilatını – Xalq Partiyasını (Mərdom) yaratdı. 1963
cü ildə Melliyun Partiyasının bazasında “idarə olunan” ikipartiyalı sistemin yeni
hakim partiyası “İrane Novin” (Yeni İran) yaradıldı. Partiyaya İranın baş
nazirləri Həsən Əli Mənsur və Əmir Abbas Hoveyda rəhbərlik etdilər
(Ə.Hoveyda İran islam respublikası tərəfindən edam edildi). 1975-ci ildə
“Mərdom” Partiyası ilə İran Millətinin “Dirçəliş” Partiyası (Rəstəxiz) birləşərək
İranda təkpartiyalı sistemin əsası qoyuldu.
İranda demokratik siyasi partiyaların yaranması və nisbətən azad fəaliyyəti
1979-cu il inqilabından sonra başlandı və bu proses 1982-ci ilə qədər müxtəlif
məhdudiyyətlərlə davam etdi. 1982-ci il repressiyalarından sonra İran İslam
Respublikası dini ideolojı dövlət modeli irəli sürərərk hər hansı dünyəvi
ideologiyanın fəaliyyətinə icazə vermədi və bu kimi partiya və təşkilatları ağır
təqibə məruz qoydu.
Bir sıra tədqiqatçılar İranda siyasi partiyaların yaranması tarixini üç mərhələyə
bölürlər. 1905-1953-cü illər, 1953-1979-cu illər və 1979-cu ildən sonrakı
mərhələ. Bu dövrləşmə son dərəcə subyektivdir və İranda baş verən siyasi,
mədəni, iqtisadi proseslərin mahiyyətini ifadə etmir.
İranda milli hərəkatı təşkil edə biləcək etnik qrupları İrandilli etnik qruplar,
türkdilli etnik qruplar və ərəbdilli etnik qruplara bölmək cəhdləri də yanlış
yanaşmadır. İrandilli xalqları əhalinin 67 faiz, türkdilli xalqları əhalinin 30 faizi,
ərəbdilli xalqları əhalinin 2.4 faizi kimi göstərməklə ölkədə dominant qüvvələri
müəyyənləşdirmək və nəticələr çıxarmaq yanlışdır. İranda son yüz ildə etnik
kimliyindən uzaqlaşmış, mərkəzçı düşüncə və irançı identifikliyə mənsub çox
böyük insan kütləsi mövcuddur ki, onların siyasi təşkilatlarda xüsisi çəkisi
mühüm rol oynayır.
1982-ci ildən başlayaraq ölkədə yalnız islam dini doktrinasına əsaslanan
partiya, təşkilat və qruplar fəaliyyət hüququ qazandılar. Belə ki, dini doktrina da
təftiş edilərək yalnız “vilayəti fəqih” modelini qəbul edən qruplar fəaliyyət
göstərə bilərdilər. Fərqli dini təmayülli təşkilatlar ciddi repressiyaya məruz
qaldılar və ölkədən mühücirət etməyə məcbur oldular.
Mühacirət etmiş siyasi təşkilatlar içərisində Azərbaycan Demokrat Firqəsi
digərlərinə nisbətən daha mütəşəkkil oldu və təşkilatı quruluşunu, ideolojı
platformasını, üzvlərinin yerləşdirilməsi, ölkə daxilində olan qurumlarla
əlaqələrini qoruyub saxlaya bildi. Mühacirət illərində bir çox İran siyasi
partiyaları fəaliyyət proqramlarına yenidən baxmalı oldular, mübarizə
taktikasını və strategiyasını dəyişdirmək məcburiyyətində qaldılar, bir sıra
təşkilatlar parçalandı və fəaliyyətlərini dayandırdı.
İranın siyasi partiya və təşkilatlarının mühacirət etməsi ilə yanaşı ölkə əhalisinin
təhsilli və ziyalı təbəqəsindən də xeyli insan mühacirət etdi. 1982-1988-ci illər
arasında İrandan Avropa ölkələrinə yüz minlərlə insan köç etdi və bu proses bu
gün də davam etməkdədir. İran dövləti mühacirət axınından istifadə edərək
mühacirət qruplarının daxilində təxribatlar etmək siyasətini də genişləndirdi.
Mühacirətdə siyasi təşkilat saxlamaq, onun maliyə qaynaqlarını təmin etmək,
təşkilatın təhlükəsizliyini təmin etmək və ölkə daxilində ideolojı fəaliyyətini
davam etmək imkanları ciddi maliyə dəstəyi tələb edirdi və bir çox qruplar
müxtəlif dövlətlərin təsiri altına düşdülər. Radikal siyasi qruplardan olan
“Mücahidlər” də məhz belə oldilar.
Müasir İranın partiya sistemi dünyada qəbul olunmuş analoji sistemlərdən
əlbətdə ki, fərqlənir. Lakin, “İranın Qərb mənasında siyasi partiyaları yoxdur”
düşüncəsi də yanlışdır. Bu analitiklər “İran partiyaları konkret siyasətçinin
tərəfdarlarından ibarət qruplardır ki, onlar yalnız seçki kampaniyaları zamanı
fəallıq göstərirlər, seçkilər bitdikdən sonra yox olurlar” kimi təhlillər İranın
spesifikasını düzgün qiymətləndirməməkdi. Onların qərargahı, rayon və
şəhərlərdə daimi şöbələri geniş məscid infrastrukturundan ibarətdir. İran İslam
Respublikasının partiyaları siyasi hakimiyyəti ələ keçirmək məqsədi yoxdur,
çünki Ekspertlər Şurası (şuraye xibrəqan) tərəfindən seçilən və yalnız ona
cavabdeh olan Ali Rəhbər İranda real gücə malikdir. Bu baxımdan siyasi qrup
və təşkilatlar yalnız İranın siyasi dövlət modeli çərçivəsində mövcud ola bilir və
fəaliyyət göstərirlər.
Ölkənin ümumi siyasətini müəyyən edən və dövlətin ümumi siyasi xəttinin
həyata keçirilməsinə nəzarət edən, Silahlı Qüvvələrə ümumi komandanlığı
həyata keçirən, hakimiyyətin üç qolu arasında mübahisələri həll edən və
dövlətin əsas vəzifələrinə nümayyəndələrini təyin edən Ali Rəhbərdir. Bu
idarəetmə modelini mükəmməl hesab etmək olardı, əyər R.Xomeyninin
vəfatəndan sonra “vilayəti fəqih” qərarlarının manipulyasiyası olunmasaydı.
Təcrübə göstərir ki, Ə.Xamineyinin də ölümündən sonra “canişinin” təyin
edilməsində ciddi konfliktlər qarşıya çıxacaq. İranda “fəqih” hakimiyyəti əvəzinə
dini klan hakimiyyəti formalaşdı.
İran İslam Respublikası parlamentində təmsil olunan qrupları siyasi təşkilat və
ya fraksiyalar kimi təqdim edənlər də bilir ki, bu nümayəndələrin tərkibi rəhbər
tərəfindən müəyyənləşdirilir və mərkəzi ideologiyadan kənar heç bir mövqeyə
malik olmayan nümayəndələr yalnız büdcə bölgüsundə və lobbiçilik
fəaliyyətində özlərini ifadə edə bilirlər.
1980-ci illərdə İranda yeganə qanuni partiya inqilabdan iki həftə sonra, 19 fevral
1979-cu ildə Ayətullah Xomeyninin qərarı ilə ölkədə İslam respublikasının
qurulmasına yardım etmək məqsədi ilə yaradılmış “İran İslam Partiyası” (İİP)
idi. 1980-ci illərin ortalarında partiya üzvlərinin sayı 5 milyon nəfərə çatmışdı.
Tədricən İİP daxilində müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşirdi.
Müzakirələr əsasən İran-İraq müharibəsi, ölkənin xarici kapitala açılması
məsələsi, İslam inqilabı ideyalarının yayılması, iqtisadi siyasətin bəzi aspektləri
(ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsi) və dinin siyasi həyata təsir
dərəcəsi ilə bağlı barışmaz mövqelər ortaya qoyulurdu. Qeyd olunurdu ki, İİP
ilə rəqabət apara biləcək digər siyasi qüvvələrin olmaması partiyanın
parçalanmasına təsir göstərir və 2 iyun 1987-ci ildə Rəfsəncani və Xameneyi
tərəfindən edilən təklif Xomeyni tərəfindən bəyənildikdən sonra partiya öz
fəaliyyətini dayandırdı.
Rəsmi olaraq İİP “yaradıldığı tarixi məqsədlərinə çatdıgına görə” buraxılsa da,
əslində daxili ixtilaflara görə dağıldığını hamı etiraf edirdi. Mümkün səbəblər
arasından ən təhlükəli səbəb daxili münaqişə ilə yanaşı, partiyanın “Musəvini
dəstəkləyən radikal fəalların qalasına” çevrilməsi idi.
Göründüyü kimi İranın siyasi palitrasında islamın alternativi yenə də islamdır.
45 il keçməsinə baxmayaraq monolit islam anlayışı formalaşmadı və dini klanlar
daxilində bir sıra hallarda antoqonist ziddiyyətlər davam edir. İslam dini qrupları
heç vaxt olmadıgı qədər klanlaşıb və əsasən üç böyük qrupda cəmləşib. Əsas
güc mərkəzi olan Tehran (mərkəz) qrupu, İslam elmi mərkəzi olaraq Qum
ilahiyyatçıları və əsas iqtisadi rıçaqları əllərində saxlayan Məşhəd ilahiyyatçıları
qrupu.
Post-islam respublikası mərhələsində İranda “rəngarəng” partiya və siyasi
təşkiltların yaradılması proqnoz edilə bilər. Lakin ideolojı istiqamətlərinə görə
əsas güc mərkəsi olaraq üç istiqamət diqqəti cəlb edəcək. Birinci qrup siyasi
təşkilatlar milli təşkilatlar olaraq əsas kütləni ətrafında toplayacaq, ikinci qüvvə
olaraq milli və regional dini xadimləri inisiativi ələ almağa çalışacaq, üçüncü
qrup İranın bütövlüyünü müdafiə edən kosmopolit elita təşkil edəcək.
İran sərvətli ölkədir. Lakin İran xalqları bu sərvətdən heç bir zaman
faydalanmayıb, sosial və mədəni həyatlarını yaxşılaşdırmaq, müxtəlif planlar
qurmaqdan həmişə uzaq olublar.
Ölkənin böyük maliyyə rezervini, təxminən 60-80 milyard ABŞ dolları həcmində
məbləgi İran pəhləvi ailəsi özü ilə apardı. XX əsrin 70-ci illərində bu mədləğ
kifayət qədər böyük maliyə resursu idi ki, ətraf ölkələrin belə maliyyə rezervləri
yox idi.
İran İslam Respublikası da ölkənin milli gəlirlərini siyasi və ideolojı istiqamətə
yönəldərək bir tərəfdən onu qeyri-reasional sahələrə sərf etdi, digər tərəfdən
yarıtmaz menecmentin nəticəsində korrupsiya və büdcə mənimsənilməsi
halları İranda adi hal almağa başladı.
Pəhləvilər zamanı ölkədə sosial sıgorta, tibbi sığorta və asanlaşdırılmış tibbi
xidmətlər, icbari və kütləvi təhsil sistemi yox idi. Uşaqlar erkən yaşlarından agır
fiziki əməyə cəlb olunurdu və ölkədə savadsızlıq, cəhalət və dini fanatizm üst
həddə idi. 1960-1970-ci illərdə Tehranın şimalında aristokratların cah-cəlallı
məhəllələri ölkəyə gələn qonaqlar və jurnalistlər üçün modernist İran təsəvvürü
yaratsa da ölkə feodal münasibətləri ilə idarə olunurdu.
İran iqtisadiyyatının son 50-70 ildə əsas hissəsini karbohidrogen ehtiyatlarının
satışı təşkil edib. Ənənəvi aqrar ölkə olaraq İran 20-30 ildə kənd təsərrüfatı
məhsullarının satışı ilə də məşğul olur və iqtisadi sanksiyalar, bank
xidmətlərinin olmaması bu sahəni də iqtisadi səmərəli olmasının qarşısını alır.
Ölkənin nəqliyyat infrastrukturu da ideolojı səbəblərdən şəkillənməyib. Ölkə
daxili daşımaların 80-90 faizi avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir.
Sanksiyalar səbəbindən ölkənin təyyarə parkı mövcud deyil və dəmir yolu
daşımaları ölkənin məhdud ərazisini əhatə edir.
Müasir İranda gənclər müxtəlif məhdudiyyətlərə baxmayaraq “internet əsrinə”
sürətli
inteqrasiya olunur və qlobal informasiya proseslərinin aktiv
iştirakçılarıdırlar. Onları informasiya məhdudiyyətində saxlayaraq dini və feodal
münasibətlər sisteminin əsiri olaraq saxlamaq ildən-ilə çətinləşir. Terrorist kimi
öldürülən Qasım Süleymaninin “Cənnətdə həzrəti Fatimənin şəxsi köməkçisi
vəzifəsinə təyin olunması” haqqında İran din xadimlərinin bəyanı artıq
gənclərdə ironiya yaradır və XX əsrin 70-ci illərində müşahidə olunan kütləvi
asketizmdən əsər-əlamət qalmayıb.
Odur ki, ölkə iqtisadiyyatını müasir tələblər səviyyəsinə uyğunlaşdırılması,
ölkənin gənc nəslinin ümidli və gələcəyi olan ölkədə yaşamaq perspektivi post
islam respublikası dövlət quruculuğunda əhəmiyyətli rol oynayacaq. İranın
dövlət quruculuğunda ənənəvi mühafizəkarlıqdan fərqli olaraq post islam
respublikası mərhələsində gənclərin dominant olması gözlənilir.


Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktor

Şərhlər bağlıdır.