Maskata qaçış; niyə hakimiyyət “İstanbul vitrini”ndən qorxdu?

Danışıqların məkanının qəfil şəkildə İstanbuldan Maskata dəyişdirilməsi — özü də İslam Respublikasının tələbi ilə — sadəcə coğrafi yer dəyişikliyi deyil; bu, şəffaf Türkiyə vitrininin içində “təslimin alçaldıcı mənzərəsini” gizlədə bilməyəcəyini anlayan bir hakimiyyətin təhlükəsizlik baxımından geri çəkilməsidir. Ərdoğanın ipi ilə danışıqlar quyusuna enən Tehran indi öz istəyi ilə səssiz-sədasız Omanın arxa otağına sığınıb. Hakimiyyət yaxşı bilir ki, İstanbulda atılacaq hər geri addım onun “regional hegemonluq” iddialarının rəsmi məğlubiyyət sənədinə çevriləcək. Onlar Maskata qaçıblar ki, Ər-Riyadın, Əbu-Dabinin və Ankaranın ağır baxışlarından uzaqda, sadəcə öz siyasi ömürləri üçün bazarlıq etsinlər; çünki nüvə və raket sahəsindəki zəifliklərinin qonşu rəqiblərin gözü qarşısında açıq-aşkar görünməsinə tab gətirə bilmirlər. Elə buna görə də digər ölkələrin nümayəndələrinin iştirak etməməsini istəyiblər ki, regional oyunçuların baxışlarından uzaqda, tənhalıqda alçaldıcı güzəştlərə razı olsunlar.

Trampın danışıqların İstanbuldan Maskata köçürülməsinə razılıq verməsi nə dostluqdan irəli gəlir, nə də güzəştdir — bu, amansız bir taktikadır. O yaxşı bilir ki, tamaşaçıdan qorxan rəqib artıq uduzmuş sayılır. Tramp danışıqları Maskata çəkməklə Tehranı öz istəyi ilə düşdüyü bir təcridə salıb ki, maneəsiz bir mühitdə ağır şərtlərini diktə etsin. Tramp üçün Maskat sığınacaq yox, nümayişkar müqavimətin son qalıqlarının əzilib dağıdılacağı bir ring küncüdür.

Bu yer dəyişikliyi “nəzarətdən qaçmaq” üçün gizli bir təşvişi göstərir. İstanbul danışıqları planında region ölkələrinin müşahidəçi qismində iştirakı Tehranı silahsızlaşdırma istiqamətində regional konsensusun qarşısında qoyacaqdı. İndi isə rejim Omanın ənənəvi və sakit atmosferində danışıqları yalnız nüvə dosyesi ilə məhdudlaşdırmağa çalışır ki, raketlər və regional təsir məsələləri barədə — yəni Trampın əlini boğazına qoyduğu mövzular haqqında — cavab verməkdən yayınsın. Amma Tramp göstərib ki, qaranlıq otaqlarda rəqibin xeyrinə oyun oynayanlardan deyil; Körfəzə hərbi gəmilər göndərməklə İslam Respublikasına başa salıb ki, istər Maskat masası olsun, istər İstanbul masası — hamısı Vaşinqtonun müharibə otağının bir şöbəsidir.

Maskata qaçış, İstanbulun səs-küyündə rüsvayçılığa çevriləcək zəhər dolu qədəhi səssizcə içmək istəyən bir sistemin son cəhdidir. Amma acı həqiqət budur ki, dollar 160 min tümənə çatanda və müharibə kölgəsi ölkənin üzərinə düşəndə, danışıqlar masasının harada qurulmasının fərqi yoxdur. Maskatda atılan hər imza bir açılış deyil, bütün bir xalqın sərvətini “heç nəyə” xərcləyən və indi tam tənhalıq içində, bir neçə gün artıq yaşamaq naminə öz təslim sənədini gizlicə imzalamaq istəyən bir hakimiyyətin iflas şəhadətnaməsidir.

Çevirən : Səriyə Ərdəbilli

Şərhlər bağlıdır.