“Bakı 1501”: Milli tarixdən dünya oxucusuna doğru VİDEO

İsveçdə “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşəbbüsü ilə Əzizə Cəfərzadənin “Bakı 1501” romanının ingilis dilində nəşrinin təqdimatı keçirilib.

 

Stokholm, 2 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşəbbüsü ilə Əzizə Cəfərzadənin “Bakı 1501” romanının ingilis dilində nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Stokholmun Sollentuna kitabxanasında təşkil olunan tədbirdə yazıçının yaradıcılığının sevərləri, həmçinin İsveçin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan və özbək diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının Stokholm üzrə nümayəndəsi Ayda Əmir Haşimi açaraq bildirib ki, “Bakı 1501” romanının təqdimatı təkcə ədəbi hadisə deyil, həm də mədəniyyətlərarası dialoqa xidmət edən mühüm platformadır.

Daha sonra romanın redaktoru və ingilis dilinə tərcüməçisi, Höteborq Universiteti dosenti, elmlər doktoru Səadət Kərimi vurğulayıb ki, əsərin ingilis dilinə tərcümə olunmasında əsas məqsəd Əzizə Cəfərzadənin yaradıcılığını beynəlxalq oxucu auditoriyasına təqdim etmək, onu Vilyam Şekspir, Migel de Servantes və digər dünya ədəbiyyatı dahiləri ilə yanaşı tanıtmaqdır.

S.Kərimi, həmçinin bildirib ki, “Bakı 1501” romanının ingilis dilində təqdimatı fevralın 3-də “Lava” nəşriyyatı tərəfindən keçirilib.

Tədbir çərçivəsində azərbaycanlı gənc teatr rejissoru Əlif Cahangir və türk opera sənətçisi Burcu Kuru “Bakı 1501” romanından Azərbaycan və ingilis dillərində parçalar səsləndiriblər.

Sonra Stokholmda yaşayan Azərbaycan yazıçısı Eluca Atalıya çıxış edərək qeyd edib ki, Əzizə Cəfərzadənin “Bakı 1501” romanı böyük bir tarixi dövrü əhatə edir və hökmdar, sərkərdə və şair Şah İsmayılın doğulduğu gündən vəfatına qədər olan həyat yolunu əks etdirir.

Çıxış edənlər arasında olan 19 yaşlı tibb tələbəsi Xəyal Seyidov yazıçının yaradıcılığının gənclərin formalaşmasında və püxtələşməsində rolundan danışıb: “Əzizə Cəfərzadə nümayiş etdirdi ki, tarix yalnız dərsliklərdə yazılan deyil, həm də insanların həyatıdır”.

Tədbirin sonunda Stokholmda yaşayan pianoçu Aynur Məlikova Qara Qarayevin “İldırımlı yollar” əsərindən parça ifa edib. Daha sonra o, Vasif Adıgözəlovun “Bakı” haqqında mahnısını pianoda səsləndirib, Əlif Cahangir isə əsəri vokal müşayiəti ilə təqdim edib.

Şərhlər bağlıdır.