Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olub. Sərab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olaraq, İranın Sərab, sonra isə Miyana şəhərlərində xalq hərəkatına başçılıq edib. 1945-ci ilin sentyabrında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub, ADF-nin I qurultayında iştirak edib, Mərkəzi Təftiş Komissiyasının üzvlüyünə seçilib, Miyanada başlanan xalq hərəkatına rəhbərlik edib və hərəkatın qələbəsinə nail olub.
Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlir, şəhərin jandarm idarəsinin alınmasında əsas rol oynayır. Milli Hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilir və Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılıb. Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nəzəri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirib və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını alıb.
Zəncan fədailəri Azərbaycana durmadan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli Hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq kəndlilərə paylayıblar. Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən, Zəncan fədailəri əsas rol oynayıblar.

Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi. O, bacarıqlı, ləyaqətli siyasi və ictimai xadim kimi təkcə Zəncan cəbhəsində deyil, Ərdəbil və Urmiyə şəhərlərində də fəaliyyət göstərən fədailərlə də vaxtaşırı görüşür və Zəncan cəbhəsində gedən döyüşlər haqqında onlara məlumat verirdi. Tehran-Təbriz sazişinə əsasən Zəncan Tehrana təhvil verilir. Bununla bağlı olaraq Miyana şəhəri fədailərin mərkəzinə çevrilir, 1946-cı ilin dekabrın 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərir.
Qulam Yəhya mühacirət illərində də Azərbaycan Demokrat Firqəsinin görkəmli rəhbərlərindən biri kimi çoxsaylı mühacirlərin Azərbaycan Respublikasında yerlərdirilməsini öz üzərinə götürür. Elə buna görə də Qulam Yəhya mühacirlər arasında tanınmış şəxsiyyət kimi firqənin yüksək rəhbər mövqelərindən birini tutur, 1958-ci ildən firqənin sədri seçilir və 1979-cu ilə qədər həmin vəzifədə çalışır, ömrünün sonuna kimi firqənin fəxri sədri olur. Qulam Yəhya 2006-cı ildə Bakıda vəfat edib və məzarı birinci Fəxri Xiyabandadır.
11.03.2026

Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
https://crossmedia.az/az/article/73507
Şərhlər bağlıdır.