Kamran Qəzənfərin birbaşa Azərbaycan dövlətinə qarşı irəli sürdüyü sərsəm ittihamlar Tehrandakı müəyyən güc mərkəzlərinin iç üzünü növbəti dəfə ifşa etdi.

 26.06.2026 21:59 
Kamran Qəzənfəri Azərbaycanı və Pezeşkianı niyə hədəfə aldı: “Dərin İran” sülhün və normallaşmanın düşməni rolunda

Son günlər İran parlamentinin radikal deputatı Kamran Qəzənfərinin həm ölkənin qanuni seçilmiş prezidenti Məsud Pezeşkiana, həm parlament sədri Məhəmməd Baqir Qalibafa, həm də birbaşa Azərbaycan dövlətinə qarşı irəli sürdüyü sərsəm ittihamlar Tehrandakı müəyyən güc mərkəzlərinin iç üzünü növbəti dəfə ifşa etdi.

Özünü “dərin İranın” carçısı kimi qələmə verən, lakin əslində panfarsist və ultraradikal zehniyyətin təmsilçisi olan Qəzənfəri və onun arxasında dayanan qüvvələr, regionda formalaşan yeni etimad mühitini, sülh və sabitlik balansını hər vəcdlə pozmağa çalışırlar.

Musavat.com olaraq, 30 illik təcrübəmizə və regionun real mənzərəsinə dayanaraq bildiririk ki, bu çıxışlar sadəcə fərdi bir deputatın sayıqlamaları deyil, İran daxilindəki müəyyən revanşist və radikal hərbi-siyasi dairələrin (xüsusilə SEPAH və ruhani elita daxilindəki bəzi qanadların) rəsmi dövlət xəttinə qarşı açıq üsyanıdır.

Prezident Pezeşkiana və spiker Qalibafa hücuma kimlər əmr vermiş?

Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər | Icma.az

Kamran Qəzənfərinin prezident Məsud Pezeşkianı ABŞ və İsraili raket zərbələrindən qorumaqda, atəşkəsi Ali Rəhbərin icazəsi olmadan qəbul etməkdə və ordunun Hörmüz boğazında gəmiləri vurmasının qarşısını almaqda suçlaması dövlət daxilindəki dərin parçalanmanın göstəricisidir. Legitim, xalqın səsi ilə seçilmiş prezidentə xəyanət damğası vurmaq, əslində İran xalqının iradəsinə qarşı çıxmaq deməkdir.

Bunun ardınca Qəzənfərinin rəhbərliyi ilə 40 millət vəkilinin parlament sədri Məhəmməd Baqir Qalibafa qarşı bəyanat imzalaması və oturaq aksiya ilə hədələməsi daxili böhranın miqyasını göstərir. Bəs bu quduz hücumların səbəbi nədir?

Səbəb bəllidir:
 Kökü, etnik kimliyi etibarilə Azərbaycan türkü olan Məsud Pezeşkianın rəsmi Bakı ilə münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq və qonşuluq siyasətini etimada söykəmək xətti Tehrandakı panfarsist və şovinist dairələrə ciddi şəkildə mane olur. Onlar dərk edirlər ki, İran normal xarici siyasət yürütsə, qonşuları ilə sülh şəraitində yaşasa, bu radikalların illərdir dövlət büdcəsini, hərbi sənayeni və qeyri-qanuni biznes şəbəkələrini talayaraq, narko və petrol tranzitlərinə nəzarət edərək qazandıqları sərvətlər və mütləq səlahiyyətlər əllərindən çıxacaq. Normallaşma bu dairələrin sonudur, buna görə də onlar həm Pezeşkianı, həm də bir neçə gün öncə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaşcasına, dostcasına görüşən spiker Qalibafı hədəf seçiblər.

Kamran Qəzənfəri kimdir?

İranlı deputatdan QƏRİBƏ AÇIQLAMA: "Pezeşkianın Allahın təlimatlarına qarşı çıxması yağışların azalmasına səbəb olub"
Kamran Qəzənfəri 

İran siyasi kuluarlarında ultrasərt xətt tərəfdarı (paydari cərəyanına yaxın) kimi tanınan Kamran Qəzənfəri, etnik baxımdan fars şovinizminin və panfarsist ideologiyanın kəskin daşıyıcısıdır. Onun siyasi fəaliyyətinin əsas motivi İran daxilində hər hansı bir islahatın, xarici siyasətdə isə istənilən normallaşmanın qarşısını barrikada quraraq kəsməkdir. Qəzənfəri kimi fiqurlar regional gərginlikdən və daxili xaosdan qidalanan “parazit” siyasətçilər klanına məxsusdurlar.

Azərbaycanın ləyaqətli mövqeyi və İranın 30 İllik “erməni sevdası”

Kamran Qəzənfərinin utanmadan Azərbaycanı və onun dövlət başçısını İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında və ötənilki hərbi qarşıdurmalarda ABŞ və İsraillə əlbir olmaqda ittiham etməsi, “Bakıya zərbə endirmək istəyirdik” iddiası çirkin bir böhtandır. Azərbaycan dövləti heç bir zaman öz ərazisini üçüncü qüvvələrin İrana qarşı istifadə etməsi üçün plasdarma çevirməyib və bunu İranın rəsmi hərbi-siyasi rəhbərliyi dəfələrlə rəsmən etiraf edib.

İbrahim Rəisi əslində kim idi? - DOSYE - Globalinfo.az

Azərbaycan hər zaman qonşuluq və beynəlxalq hüquq normalarına ləyaqətlə riayət edib. Gəlin faktlara nəzər salaq:

İstər ötən ilki iyun, istərsə də bu ilin fevral ayından başlayan gərginliklərdə, İranın bombardman edildiyi və blokadaya salındığı ən kritik anlarda Azərbaycan açıq şəkildə rəsmi Tehrana və İran xalqına həmrəyliyini bəyan etdi. Humanitar yardımlarını əsirgəmədi, İranın bombalanmasını qətiyyətlə pislədi.

Qurudan, havadan və dənizlərdən blokada şəraitində olan İran üçün Azərbaycan həm də strateji bir nəfəslik rolunu oynadı. Hətta İranın müttəfiqi Rusiyanın göndərdiyi humanitar və strateji yüklərin İrana çatdırılmasında Azərbaycan öz qapılarını açaraq yeganə tranzit və xilas dəhlizi oldu.

Bu məqamda xatırladaq: İranın Ali dini lideri Ayətullah Xamneyi bombardımanda öldürüləndə Bakıdakı İran səfirliyinə gedərək, açıq şəkildə rəsmi başsağlığı verən, bu terror aktını qınayan tək bir dövlət oldu – o da Azərbaycan və onun lideri İlham Əliyev idi! ABŞ və İsrailin Azərbaycanın yaxın müttəfiqi olmasına rəğmən, Bakı bu addımı atdı, çünki Azərbaycan dövləti prinsiplərinə və qonşuluq haqqına sadiqdir.

İranın Ali Dini Lideri Əli Xamenei kim idi? - BBC News Azərbaycanca

Bəs İran illərlə bunun qarşılığında nə etdi?

Azərbaycanın 30 illik torpaqları işğal altında olanda rəsmi Tehran hər zaman Ermənistanın yanında oldu. İşğal olunmuş Qarabağ torpaqlarında dağıdılan şəhər və kəndlərimizin materiallarının, evlərin daşlarının və meşələrimizin ağaclarının İrana daşınması prosesinə göz yumdu, işğalçıya gizli və açıq iqtisadi-hərbi dəstək verdi. 2020-ci il Vətən Müharibəsində ordumuz

Xudafərin istiqamətində irəliləyərkən İran hərbi qüvvələri sərhədi keçərək ordumuzun hərəkətini ən azı iki gün ləngitdi.

Zəfərimizdən sonra isə sərhədlərimizdə hərbi təlimlər keçirib, medialarında “Bakını işğal edəcəyik” hədələri sovurdular.

Azərbaycan bütün bu ləyaqətsiz davranışlara rəğmən, İranın çətin günündə qisasçılıq etmədi, qonşusunun çətin anından istifadə etməyə çalışmadı, əksinə, dövlət ləyaqəti nümayiş etdirdi.

Kamran Qəzənfəri kimi radikalların anti-Azərbaycan və anti-Pezeşkian çıxışları bizim diqqətimizdən yayına bilməz. Əgər bu cür təhlükəli ittihamlardan və hədələrdən sonra rəsmi Tehran bu şəxsləri cəzalandırmırsa, onlara “sus” demirsə, deməli, bu sərsəmliyin arxasında gizli bir sükut siyasəti yürüdən, radikalları idarə edən qaranlıq güclər var.

Azərbaycan bu təhdidləri və böhtanları heç bir halda görməzdən gəlməyəcək. Biz İran dövlətinin ali instansiyalarına və rəsmi yetkililərinə müraciət edirik: İranı beynəlxalq aləmdə və regionda tam təcridə sürükləyən, ölkənin rəsmi prezidentinin sülh siyasətini baltalayan və olan-qalan bir neçə dostundan birini – Azərbaycanı küsdürməyə çalışan bu daxili ekstremistlərə qarşı tədbir görün.

Qəzənfəri zehniyyətinin İrana fəlakətdən və xaosdan başqa heç nə vəd etmədiyini anlamaq zamanıdır. Azərbaycan öz maraqlarını, sərhədlərini və ləyaqətini qorumağa qadirdir, ancaq Tehran öz daxilindəki bu idarəolunmaz provokatorların hesabını vaxtında verməlidir.

R. Abbasov,
Musavat.com

Şərhlər bağlıdır.