Bizə deyirdilər ki, sosializm dövründə hər kəs rifah içində yaşayır, kasıb-kusub yoxdur və insanlar bir-birinə bərabər imkanlarla yaşayırdılar. Lakin yaşadığımız həyat və müşahidələr göstərdi ki, gerçək vəziyyət bundan çox fərqlidir.
1983-cü ilin bahar fəslinin sonunda Bakı şəhərində səfərdə oluruq. Uçaqda 15 nəfərə yaxın Alman turisti var. Onlardan bir neçəsi ilə söhbət edib güney Azərbaycandan olduğumu bildirirəm. Uçaqdan enərkən diz çöküb, vətənimin bir parçası olan quzey Azərbaycanın torpağını öpürəm.
Bizi hotelə aparırlar. Səhv etmirəmsə, adı Hotel Moskova və ya Hotel Azərbaycan idi; 10–12 mərtəbəli bir bina. Sabahısı gün milli hökumətimizin rəhbəri Mir Cəfər Pişəvəri və digər alimlərin, ustadların məzarlarını ziyarət edirəm. Almanlarla birlikdə on gün Bakıda qalırıq, gəzirik, dolanırıq. İnsanların ana dilimdə danışmalarından zövq alıram.
Sinema, teatr, kitabxana, muzeylər, televiziyada verilişlər, musiqi gecələri… hamısı ana dilimdədir. Bunları görərək dilimin dil olduğunu, mədəniyyətimizin zənginliyini tanıyıram. İranda hakimiyyətdə oturan türk düşmənləri bizə deyiblər:
“Diliniz elmi dil deyil! Qaydasız, vəhşi türk qovm-qəbilələrinin dilidir! Primitiv insanların dilidir! Əgər müasir və mədəni insanlar olmaq istəyirsinizsə, türk dilini unudub fars dilində oxumalı, yazmalı və danışmalısınız!”
Bakıda olduğum müddətdə bir neçə səhnə mənim üçün unudulmaz oldu:
• Səhərlər məktəbə gedən uşaqların təmiz paltar geyindiyini, əllərində musiqi alətləri tutduqlarını görürəm. Sevinib fəxr edirəm: Azərbaycan uşaqları! Ümidlərimiz! Gələcəyimiz!
• Nizami küçəsinin bir guşəsində gözüm bir qadın dilənçiyə sataşır. Heç inana bilmirəm! Sosialist sistemdə dilənçi olmamalıdır! Bizə deyirdilər: “Sosializm sistemində hamı xoşbəxtdir, hər kəs rifah içində yaşayır”.
Küçədən keçən bir cavanın yanına yaxınlaşıb soruşuram:
“Bağışlayın qardaşım, sizdən bir sualım var. Mən Cənub Azərbaycandanam, Almanyada yaşayıram. Turist kimi Bakıya gəlmişəm. Burada bir dilənçi qadın gördüm. Çox təəccübləndim. Burası sosialist ölkədir. Necə olur burada dilənçi olur?”
Cavan oğlan təəccüblə mənə baxıb deyir:
“Bəli, var! Nədən də olmasın!” – və yoluna davam edir.
Turist rəhbərimizdən soruşuram, deyir:
“Bunlar qaraçılardır! İşləmək istəmirlər. Dilənçiliklə pul qazanıb yaşayırlar.”
Alman turistlərin arasında sözün əsl mənasında irqçi və türk düşməni olan bir qadın da var. Deyir:
“Berlin şəhərində müəlliməyəm, qonşuluğumda bir Türk ailəsi var, sarımsaq yeyib, qoxuyurlar! Pişiyimi də oğurlayıb, çox güman ki, bişirib yemişlər!”
Bu qadına sərt cavab verib, irqçi olduğunu üzünə deyirəm.
Dənizə gedən vaxt, sahilin təmizliyini yoxlayan orta yaşlı bir bəy ilə söhbət edirəm. Birdən üzünü çevirib əlini alnının üstünə qoyur, uzaqlara baxır və deyir:
“Atam İkinci Dünya Müharibəsində anam və məni tək buraxıb cəbhəyə getdi. İndiyə qədər ondan xəbər gəlməyib. Baxıram, bəlkə qayıtdı!”
Şərhlər bağlıdır.