IV Şuşa Qlobal Media Forumu: ənənələrə sadiqlik xəttinin sülh hədəfi

 

13.07.2026

Yaxud Azərbaycanın media prioriteti və Cənubi Qafqazda barış

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. 

Prezident İlham Əliyev mərasimdə çıxış etdi, həm yerli, həm də xarici ölkələrin media nümayəndələrinin və ekspertlərin ən müxtəlif mövzulara dair suallarını, kifayət qədər, dolğun şəkildə cavablandırdı. Tam əminliklə deyə bilərik ki, cənab Prezidentin hər fikri, hətta, hər sözü regionun lider dövlətinin rəhbərinin mövqeyi olaraq dəyər qazandı.

Prezident İlham Əliyevin açıq dialoq formatına üstünlük verməsi forumun ən xarakterik cəhətlərindən biri olmaqla yanaşı, Azərbaycanın qlobal informasiya məkanında şəffaf müzakirələrə verdiyi önəmi də nümayiş etdirir. Bu amil, həmçinin, artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumları ölkəmizdə media amilinə böyük həssaslıqla yanaşıldığının da göstəricisidir.

Ənənədən söz düşmüşkən, I Şuşa Qlobal Media Forumu 21–23 iyul 2023-cü il tarixlərində keçirilmiş və “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunmuşdu. Tədbirdə rəqəmsal transformasiya, media sənayesində yeni texnologiyalar, dayanıqlı media biznes modelləri, dezinformasiya ilə mübarizə, media savadlılığı və jurnalistlərin təhlükəsizliyi kimi məsələlər müzakirə olunmuşdu.

20-22 iyul 2024-cü il tarixlərində gerçəkləşmiş II Şuşa Qlobal Media Forumunun mövzusu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” idi. Burada əsas diqqət mərkəzində qlobal informasiya məkanında dezinformasiyanın yaratdığı təhdidlər, süni intellektin media və informasiya mühitinə təsiri, media savadlılığının artırılması və etibarlı informasiya ekosisteminin formalaşdırılması dayanmışdı.

III Şuşa Qlobal Media Forumuna gəldikdə, mötəbər tədbir 19–21 iyul 2025-ci il tarixlərində Xankəndi və Şuşada keçirilmiş, “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuşdu. Bu tədbir çərçivəsindəki müzakirələr süni intellektin jurnalistikaya təsiri, informasiya təhlükəsizliyi, sosial medianın ictimai etimada təsiri və rəqəmsal dövrdə həqiqətin qorunması kimi mövzuları əhatə etmişdi.

Ümumiləşdirmə aparsaq, Şuşa Qlobal Media Forumları üçün 2023-cü ildə rəqəmsallaşma və yeni media, 2024-cü ildə dezinformasiya və saxta məlumatlarla mübarizə, 2025-ci ildə isə süni intellekt dövründə informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön planda dayandığını söyləmək mümkündür. İllər ərzində mövzu ardıcıllığının gözlənilməsi isə dövlətimizin qlobal media gündəmini diqqətlə izlədiyini və müasir çağırışlara adekvat beynəlxalq müzakirə məkanı yaratdığını göstərir. Deməli, Şuşa forumları təkcə media peşəkarlarının görüş yeri deyil, müasir informasiya mühitinin əsas çağırışlarının diskussiya predmetinə çevrildiyi, habelə, qlobal media gündəminin formalaşdırıldığı nüfuzlu platformadır.

2026-cı ildə Şuşa Qlobal Media Forumu platformasının hədəfi sülhdür. Deməli, Azərbaycan regional sülhü və etimadı özünün ən böyük media müzakirəsi müstəvisinə daşımaqdadır. Bu, bir daha onu deməyə əsas verir ki, ölkəmizin, Prezident İlham Əliyevin şəxsində regional sülh quruculuğu hərtərəfli struktura malikdir. Nəzərə alaq ki, Azərbaycan üçün qlobal informasiya məkanında barış, əməkdaşlıq və etimad dəyərlərinin təşviqi son dərəcə önəmlidir. Sülhə fundamental yanaşma da elə budur.

Bəli, Azərbaycanın baxış bucağında media yalnız informasiya daşıyıcısı deyil, həm də sülh quruculuğunun mühüm iştirakçısı və təkmil alətidir. Başlıca məqam isə budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional sülh təşəbbüsləri hazırda informasiya müstəvisində də davam etdirilir. Başqa sözlə desək, rəsmi Bakı hesab edir ki, davamlı sülh təkcə siyasi sənədlərlə deyil, həm də həqiqətin bərpası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və məsuliyyətli media fəaliyyəti sayəsində mümkündür.

Media sülhə nə kimi töhfələr verə bilər? Əlbəttə, suala birmənalı cavab yoxdur. Çünki bir çox hallarda medianın özünün anti-sülh təşəbbüslərinin katalizatoruna çevrildiyinin, beləliklə öz missiyasına zidd fəaliyyətə keçdiyinin şahidiyik. Heç şübhəsiz, sayca 4-cü olan Şuşa Qlobal Media Forumunun ayrı-ayrı panellərində məsələ, kifayət qədər, geniş müzakirə olunacaq, ətraflı cavablar tapılacaq. Müəmmalara, anlaşılmazlıqlara son qoymaq isə son dərəcə vacibdir.

Həm də ona vacibdir görə ki, münaqişələrin təkcə döyüş meydanlarında deyil, informasiya məkanında cərəyan etdiyi bir dönəmdə media orqanlarının saxta xəbər yayıcılığı, manipulyasiyaları, nifrət ritorikaları xalqlar və cəmiyyətlər arasında etimadı sarsıdır, qarşıdurmaları dərinləşdirir. Yəni, peşəkar media təkcə hadisələri işıqlandıran institut yox, eyni zamanda, həmin  həqiqətlərin müdafiəçisi və dialoq təşviqatçısı rolunu oynamalıdır. Hesab edirik ki, IV Şuşa Qlobal Media Forumunun bu mənada da verdiyi mesaj son dərəcə vacibdir.

Ən mühüm mesajı verən Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının Forumda səsləndirdiyi fikirlər də onu göstərir ki, Azərbaycan özünün regional aktor obrazı ilə yaşadığımız Cənubi Qafqaz platformasını bütün təhdidlərdən qoruduğu kimi, media sahəsindəki paradokslara münasibətdə də mühüm immunitet cəbhəsi formalaşdırır. Ümumən, indiyədək keçirilmiş bütün Şuşa Qlobal Media Forumlarının mövzu dairəsi, toplantılarda səslənmiş fikirlərin əhatə dairəsinin genişliyi fikrimizin sübutudur.

Əflatun AMAŞOV,

Baş redaktor

https://xalqqazeti.az/

Şərhlər bağlıdır.