Sübhan Talıblı: “20 Sentyabr Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcıdır”
2026.09.20
Sen 20, 2026
Azərbaycanın dövlətçilik tarixində elə tarixlər var ki, yalnız təqvimdəki bir gün deyil, ölkənin taleyində baş verən mühüm dəyişikliklərin rəmzi kimi yadda qalır. 20 Sentyabr da məhz belə tarixlərdən biridir. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını ifadə edən mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Tarixçi Sübhan Talıblı Xeberler.net-ə açıqlamasında 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı olub.
“20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması Azərbaycan dövlətçiliyi baxımından mühüm tarixi məna daşıyır. Bu tarix dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması ilə bağlı hadisələri özündə əks etdirir. Dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyətin təmin olunması deyil, eyni zamanda dövlətin öz siyasi iradəsini bütün ərazisində həyata keçirməsi deməkdir”, – deyə tarixçi bildirib.
Sübhan Talıblı qeyd edib ki, bu günün təsis olunması gələcək nəsillərə dövlətçilik, ərazi bütövlüyü və milli həmrəylik anlayışlarının əhəmiyyətinin çatdırılması baxımından da xüsusi önəm daşıyır.
Şərhlər bağlıdır.