SƏFƏRİN UĞURLU OLSUN, YOLLARINA GÜNƏŞ DOĞSUN

AKİF CABBARLI YAZIR

Yoxluğundan doğan qəm-qüssədən sıyrılıb nələrisə qələmə almaq əslində onun həmişə, zaman-zaman boy göstərəcək siqlətindən, böyüklüyündən, tükənməz energetikasından bəhs eləmək imkanı verir. Bu imkandan qədərincə yararlanmaq da olduqca çətin, ağrılı, əzabvericidir. Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu yaradıcılıq və çoxçalarlı münasibətlər sistemində hələ kəşf olunmadan, tam öyrənilmədən qeybə çəkilən bir ulduz timsalındadır. O, özü ilə haqq dünyasına çəkisi və miqyası ölçüyəgəlməz dərəcədə sirləri də apardı. Səbirlə, aramla, asta-asta milli-mənəvi dəyərlərimizdən, tarixi keçmişimizdən, etnoqrafik zənginliyimizdən, nəsil-şəcərə müəmmalarından incə, zərif “xalılar toxuyan”, araşdırmalar aparan yorulmaz sənət adamı hələ bir çox cavabını gözləyən mətləblərə geniş spektrdə işıq salmaq istəyində, niyyətində idi…

Çatdıra bilmədi. Alınmadı. Azad, Müstəqil Azərbaycan, çiçəklənən Qarabağ sevdalısı Ənvər Çingizoğlu 60-ı təzəcə tamamlamışdı ki, ömür qırıldı, tale çırağı qəfildən söndü. Ömür çırağı sönsə də Ənvəri tanıyan, sevən insanların qəlbində onun xatirəsinə, şəxsiyyətinə ehtiram və məhəbbət məşəli alovlandı. Bu sakit, təmkinli və eyni zamanda şux təbiətli insanın yaralı qəlbində nə qədər tükənməz yaradıcılıq və yaşamaq enerjisi vardı… Hər kitabı çapdan çıxdıqca uşaq kimi sevinirdi, bu nəşrləri övladları sanırdı. İndi övladları da, yarımçıq əsərləri də yetim qaldılar, ənvəsizləşdilər. Amma balaları da, biz dostları da, həmkarları və naşirləri, iş yoldaşları da bu gün də, sabah da və həmişə Ənvərin xatirəsi ilə qolboyun, qucaq-qucağayıq.

Tanınmış yazıçı-publisist, şair Əli Rza Xələfli Ənvər müəllimin 60 illik yubileyinə həsr etdiyi geniş yazıda vurğulayırdı;

Yüzdən çox kitabı yazıb – yaradan,

Ənvərin sirləri keçən gücü var.

Söz üstündə sözü ağı, qaradan,

Yaxşısını yamandan seçən gücü var.

Müəllifin bu misraları həqiqətən də Ənvər Çingizoğlunun xarakterinə, dünyaya baxışına, elmi axtarışlarına güzgü tutan bədii yanaşma kimi qəbul edilməlidir.

Ənvər Çingizoğlu
İllər, aylar keçəcək, sıralarımız daha da seyrələcək, ona görə də indi bizə nə qalır; ətrafımızdakı cavanlara deyək, çatdıra bilək ki, Ənvər müəllim sıradan bir qələm adamı deyildi, onun araşdırmaları, etnoqrafik düşüncə və tapıntılarının özü araşdırılıb elmi əsər səviyyəsində işləmək, araya-ərsəyə bir fundamental toplu qoymaq üçün mükəmməl mənbədir.

Jurnalistlər məhəlləsi bu günlər bütövlükdə elə bil küskün, dalğın, gözləri yol çəkən, boynubükük uşaq görkəmindədir. Gözlərimiz daim onun yaşadığı blokun giriş qapısındadır. Elə bilirik ki, möcüzə baş verəcək, qapı açılacaq, ağırtaxtalı kişi ləngərli addımlarla yaxınlaşıb hamımızla xoş – əhvaldan sonra astadan dillənəcək – “kimin cürəti varsa otursun bir nərd oynayaq”.

Möcüzə baş vermir. Bizim gözlərimiz isə yoldadır. Ənvər Çingizoğlu da ki, lap uzaq səfərə çıxıb. Allahın dərgahına, cənnətə sarı yollanıb.

Səfərin uğurlu olsun!

Əbədiyyətin xeyirə calansın əziz dost, mehriban qonşu, dəyərli qələm yoldaşımız!

Şərhlər bağlıdır.