“3 ÖLKƏ PREZİDENTİNİN GÖRÜŞÜ CƏNUBİ QAFQAZDA, XÜSUSİLƏ ERMƏNİSTANIN TÜRKİYƏ VƏ AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİNİN…” – POLİTOLOQ

“Sabah Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək. Bu görüşdə ilk növbədə ölkələrin öz aralarında olan problemlərin müzakirə olunacağı gözlənilir”.

İyulun 19-da Tehranda Azərbaycanın 3 böyük qonşusu – Rusiya, İran və Türkiyə prezidentlərinin görüşünü Herbiand.az-a Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan şərh edib. Onun fikirlərini azerbaycan-ruznamesi.org da oxucularına təqdim edir. Politoloq deyib ki, bildiyiniz kimi Rusiya-İran, Türkiyə-İran arasında bir sıra məsələlərlə bağlı razılığa gəlinəcək yaxud müzakirə olunacaq məsələlər var:

“Məsələn, Rusiya-Türkiyə arasında Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, Rusiyadan ötürülən təbii qazın Avropaya çatdırılması, Ukraynada yığılıb qalmış taxılın Türkiyə ərazisindən dünya bazarına çatdırılması. Bildiyiniz kimi, Ukraynanın taxılla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün yol xəritəsi var və bu istiqamətdə artıq Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin iştirakıyla müzakirələr gedib və müəyyən razılığa gəlindiyi də bildirilib. Habelə Rusiya-İran arasında hərbi təhlükəsizlik əməkdaşlığına dair məsələlərin müzakirə edilməsi, Rusiya və İran təbii qazının bazarlara ötürülməsi, Rusiya ilə İran arasında müxtəlif ticarət əlaqələri, Türkiyə-Rusiya və Türkiyə-İran arasında İraq və Suriyadakı toqquşan maraqlara dair məsələlərin müzakirə olunması, Türkiyənin terrorçu PKK\YPG\PYD qruplaşmalarına qarşı Türkiyə tərəfindən hərbi əməliyyatların başlanmasıyla bağlı razılıq, eləcə də Astana danışıqlarının nəticələrinin müzakirə olunması və s.”

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri bildirib ki, bundan başqa Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağı istisna olunmur:

“İlk növbədə Zəngəzur dəhlizinin açılması, 3+3 formatında görüşlərin keçirilməsi, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya xəttilə bağlı danışıqlar, işçi qrupun fəaliyyəti, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti, Türkiyə ilə Rusiyanın atəşkəslə bağlı keçirdiyi monitorinqin nəticələri kimi məsələlərin müzakirə olunacağı da istisna olunmur. Bu onu deməyə əsas verir ki, 3 ölkə prezidentinin görüşü Cənubi Qafqazda, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına yardım edə bilər. Eləcə də 2020-ci il 10 noyabrda qəbul edilmiş bəyannamədəki erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması məsələsi və icrası Türkiyə rəhbəri tərəfindən Rusiya prezidentinin diqqətinə çatdırıla bilər. Bütün bunların hamısı şübhəsiz regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığa təkan verə bilər”.

Sədrəddin Soltan hesab edir ki, bu, həm də Putinlə bağlı gəzən müxtəlif şayiələrə cavab ola bilər:

“Putinin bunkerdə qalması və heç bir xarici səfərlərə getməməsi haqda şayiələr deyilir. Bu, Putinin müharibədən bəri keçmiş postsovet məkanından sonra xarici ölkəyə ilk səfəri sayılır. Bunu bir növ işıq üzünə çıxması kimi də qiymətləndirmək olar. Hər halda görüşlər və danışıqlar müharibədən daha yaxşıdır. Bu müzakirələr tərəflərin üzərinə götürdüyü öhdəliklərin və onların icra vəziyyətinin gedişini yoxlamağa imkan verir.

Bəxtiyar CƏFƏRLİ

Şərhlər bağlıdır.