POETİK SİMMETRİYA: “MƏNDƏ SIĞAR İKİ CAHAN”…

Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası neçə illərdi, Azərbaycan ədəbiyatşünaslığında çəkişməli bir həyat yaşayır. Bilinmir ki, burda “iki cahan” olmalıdı, yoxsa “ ikən cahan”. Çoxları buna öz yanaşmasını bildirib – şair olanlar da, şair olmayanlar da; adını şair qoyub, Poeziyanın evini yıxanlar da…

Tutaq ki, orta məktəbdə öyrədildiyi şəkildə, yəni “iki cahan” variantı doğrudu. Onda Nəsimi çox adi bir fikir demiş olardı. Amma Nəsimidən belə şey gözləmək olmaz. Yəni məndə iki cahan sığırsa, mən bu cahana əlbət də, sığmaram. Amma

Məndə sığar ikən cahan, mən bu cahana sığmazam –

bu başqa məsələdi. Yəni cahan məndə sığırsa, deməli, cahan məndən kiçikdi. Əğər cahan məndən kiçikdirsə, onda mən bu cahana necə sığa bilərəm? Axı böyük kiçiyə sığmaz. Həm də birinci halda poetik simmetriya pozulur ki, bu isə Nəsimi boyda şairə yad olan bir şeydi. Poetik simmetriyanın pozulmaması üçün belə olmalıydı: “Məndə sığar iki cahan, mən iki cahana sığmazam”. Bu halda isə həm poetik məna, həm də əruz vəzni pozulur. Həm də birinci variantda “iki” sözünün sonunda qapalı sait var, üstəlik də, iki açıq hecanın dalbadal gəlməsi və “sığar” və “iki” sözlərinin ayrı-ayrı vurğular altında deyilməsi nəticəsində bir səs tormozlanması gedir ki, bu da poetik avazı öldürür. “İkən” variantında isə sözün son hecasında açıq saitin olması və sonor samitin uzanan avazı, üstəlik də, “sığar” və “ikən” sözlərinin bir vurğu altında deyilməsi misranın poetik tələffüzünü daha da gözəlləşdirir. Həm də birinci misradakı “ikən” sözüynən ikinci misradakı “laməkan” sözünün əmələ gətirdiyi iç qafiyəni də unutmaq olmaz:

Məndə sığar ikən cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Görünüyü kimi, “ikən” variantı daha poetik səslənir və daha məntiqlidi. Dəməli, “Məndə sığar iki cahan…” misrası Nəsimi poeziyasına sığmaz.

Bu yanlışlıq, yəqin ki, qəzəlin üzünü köçürən hansısa katibin uğursuzluğudu. Bu fikri həm də o arqument daha da gücləndirir ki, ərəb əlifbasında “n” və “i” hərfləri bir-birinə oxşayır.

Səməd Qaraçöp

Şərhlər bağlıdır.