İKİ VİLAYƏTİ

Ali dinin rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycan və İran arasında son problemlərlə bağlı “Tasnim” üçün məqalə yazıb. “Tasnim”in ərəb redaksiyası məqaləni ” أنا أذري أيضاً “(mən də azərbaycanlıyam” başlığı ilə dərc edib.

Məqalədə yetərincə pozitiv mesajlar var. İranın heç bir qonşu ölkəyə, xüsusən Azərbaycana hücum etmək istəmədiyini deyir, bu iddiaları şayiə, iki ölkənin münasibətlərini korlamaq üçün düşmən təxribatı hesab edir.

” Dağlıq Elburs (Əlborz) sakiniyəm, amma hər bir iranlı kimi mən də azərbaycanlı olmağımla fəxr edirəm” yazan Vilayəti azərbaycanlı kimliyinə özünəməxsus dolaşıq izah verərək Azərbaycanın İran tarixində oynadığı rola toxunur. Daha sonra növbəti dolaşıq, İranın qonşu xalqlar və dövlətlərlə əlaqələrində yalnız fəsad vəd edən yanaşmanı inkişaf etdirir; onun fikrincə, hər bir şiə etnik və regional mənsubiyyətindən asılı olmayaraq iranlıdır: “Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda yaşayıb başqa pasportu olsa belə”.

İranın Azərbaycandakı sabiq səfirləri Möhsün Pak Ayin və Əfşar Süleymani də yaxınlarda müsahibələrində yaranmış gərginliyi aradan qaldırmaq üçün diplomatiyanın işə qarışmalı olmasının vacibliyini vurğulamışdılar. İndi bu zərurətin ali dini rəhbər səviyyəsində dərk olunması hər halda müsbətdir.

Amma axı gərginliyin mənbəyi uzaqda deyil. Sərhəd boyunca keçirilmiş son təlimlərin gedişində və sonradan Təbrizdə cümə namazında çıxışında tarixi torpaqlar haqda sərsəm bəyanatlar verən SEPAH komandiri Hüseyn Səlami hansısa üçüncü xarici qüvvəyə deyil, dini rəhbərə tabedir.

Azərbaycan haqda yalan informasiya yayan ETTELAAT hansısa xarici qüvvəyə deyil, dini rəhbərə tabedir. 2020-ci ilin noyabrından üzü bəri əvvəl Naxçıvanın blokadasını artırmaq, indi isə “İrana birləşdirmək” haqda iddialar ortaya atan, saxta xalq hərəkatı elan edən hansısa üçüncü qüvvə deyil, SEPAH-ın, sərhəd qoşunlarının birinci şəxsləri, müxtəlif mərkəzlərə rəhbərlik edən keçmiş nazirlər və diplomatlardır.

“Məşriq”, “Qanun”, “Keyhan”, “Fararu”, “Ebtekar”, “Faraz Dail”y və s. hansısa başqa ölkənin deyil, İranın rəsmi və ya yarımrəsmi KİV-ləridir.

Xarici siyasətimizi , tərəfdaş seçimlərimizi dəyişməyə məcbur etmək üçün Azərbaycan sərhədləri boyunca qılınc şaqqıldadan İrandır, hansısa üçüncü qüvvə yox.

Təzyiqlər effekt vermədikdə gah regional, gah etnik separatizmə, gah siyasi islamçıları kütləvi itaətsizliyə təhrik etməklə bizə öz ölkəmiz daxilində problem yaratmaq istəyən hansısa üçüncü qüvvə deyil, İrandır. Azərbaycan vətəndaşlarından silahlı “Hüseyniyyun” terror təşkilatı yaradıb, öz ərazisində bəsləyən, Tehrandakı səfirliyimiz, Təbrizdəki konsulluğumuz önündə siyasi islamçıların “etirazlarını” təşkil edən üçün qüvvə deyil, o təşkilatçıları Vilayəti cənabları çox yaxşı tanıyır.

Azərbaycanlılıq və iranlılıq kimlikləri arasında bərabərlik işarəsi qoymaq bir xalqa xoş jest deyil, varlığımızı inkardır.

Şiəlik və iranlılıq arasında bərabərlik işarəsi qoymaq da bəhrenliyə, livanlıya, azərbaycanlıya, iraqlıya xoş jest deyil, onların ərazilərinə iddianın kamufulə edilməsidir. Bütün şərqi slavyanları, bütün provaslavları “rus dünyası” hesab edənlərin bu gün bəşəriyyətə hansı fəsadlar verdiyinin şahidiyik. Bütün katolikləri, bütün germandilliləri apriori alman sayan zehniyyətin fəsadlarını bəşəriyyət II dünya savaşında görüb. Biz bizim coğrafiyamızda belə yekə qardaşlar olmasını istəmirik.

Cənab Vilayətinin 2013-də Azərbaycan və azərbaycanlılar haqda yazdığı kitabı da unutmadıq. Bizi fars kimliyini itirmiş kütlə kimi təqdim edən konsepsiya müəllifinin “mən də azərbaycanlıyam” deməsi nəyi dəyişir? “İranda hər kəs iranlıdır” deyən şəxsin 2018-ci ildəki müsahibəsini də unutmadıq. Niyə İranda hamının iranlı kimi görən şəxs Azərbaycanda hər dil icması üçün ayrı milli kimlikdən danışırdı? Cənab Vilayətinin “Tasnim”də yazısı dərc olunan gün separatçıların Tehrandakı Azərbaycan səfirliyi önündə təşkil olunmuş və İran mediasında geniş işıqlandırılan o aksiyası nə məqsədi güdürdü?

Nəhayət, “mən də azəriyəm” deyən şəxs bilməlidir ki, Azərbaycanda Ermənistana dəstək verən azərbaycanlılara milli satqın kimi baxırlar. İranla Ermənistan arasında siyasi-ticari əlaqələrin “bal ayı” məhz Vilayətinin xarici işlər naziri olduğu dövrə təsadüf edir. Yerevan səfərindən sonra Bakıya gələndə bu barədə ona nələr deyildiyi, eşitdiyi sözlər qarşısında hansı vəziyyətə düşdüyünü xatırlayan nəsil hələ ki həyatdadır.

P.S. Fotoda Vilayətinin 2013-cü ildə çap olunmuş və azərbaycanlıların etnik kimliyini inkar edən elmi opusunun üz qabığı təqdim olunur.

Cəmaləddin H. Quliyev

Şərhlər bağlıdır.