İndiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündəki nitqindən
12 noyabr 2021-ci ilTürkmənistan dövlət televiziyasının verdiyi məlumata görə, dekabrın 13–14-də Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bildirilir ki, sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb. Sammitdə bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı keçirilib.
O da əlavə edilir ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında sammitlə bağlı siyasi məsləhətləşmələr aparılıb. Xatırladaq ki, sammit haqqında məlumatı Aşqabadda şıxan “Neytral Türkmənistan” qəzeti Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşündən sonra verib.
Cənab Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, “Türkmənistan–Azərbaycan–Türkiyə” formatında üçtərəfli tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir və Aşqabad tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə evsahibliyi etməyə hazırdır. Üçtərəfli sammitə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilib və yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş başa çatdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündəki ( o zaman hələ bu qurum təşkilat adlandırılmamışdı) nitqində demişdi ki, bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücünə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir.
Prezident əlavə etmişdi ki, son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır: “Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır”.
Türkmənistanla dostluq və əməkdaşlığımızın genişləndirilməsi istiqamətində atılan ən yeni addımlardan biri də dövlət başçımızın noyabrın 29-da Türkmənistan Baş nazirinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi oldu. Qəbul zamanı Azərbaycan – Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirilmiş, ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ayın 30-da Bakıda keçirilmiş iclasında müzakirə ediləcək məsələlər qeyd olunmuş, energetika, nəqliyyat, logistika, malların qarşılıqlı təchizatı məsələləri barəsində fikir mübadiləsi aparılmışdı.
Mətbuat yazır ki, Prezidentin qardaş ölkədən gəlmiş rəsmilərlə görüşü zamanı Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin artdığından məmnunluq ifadə edilmiş, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları da gündəlikdə olmuşdur.
Ekspertlərin fikrincə, bu ölkələr arasındaki mühüm əlaqələrdən biri də Azərbaycan – Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətdir. Belə ki, bu layihəni həyata keçirməklə Azərbaycan Avropa və Asiya arasında təkcə nəqliyyat və enerji deyil, həmçinin rəqəmsal mərkəzə çevrilmə niyyətini də ortaya qoyur. Həmin layihənin iqtisadi cəhətdən potensialı böyükdür və əgər Azərbaycan bu layihəyə investisiya cəlb etməyi bacarsa, bu, regiona, eləcə də Türk Təşkilatı ölkələrinə İKT sahəsində faydalar gətirəcək.
Rəsmi məlumatlarda oxuyuruq ki, Xəzəryanı və region ölkələri arasındakı dəmiryolları şəbəkələri ilə Azərbaycan və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə tərəflərin hamısı üçün səmərəli olacaq. Üstəlik, Mərkəzi Asiya ilə Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında əsas mövqedə formalaşmış Türk Təşkilatı dövlətlərinin tranzit imkanları da artacaq.
Bundan başqa, həmin ölkələr iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividendlər qazanacaqlar. Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlıq, bu məqamda isə Bakı – Ankara – Aşqabad əməkdaşlığının genişləndirilməsi Türk coğrafiyasının beynəlxalq arenada roluna mühüm təkan verəcəkdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Şərhlər bağlıdır.