İranda Şəhrikürd, Saqqız, Sənəndəc, Şiraz, Tehran, Məşhəd və bir sıra şəhərlərdə davam edən etirazlarda “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət”, “Məcid Rza, sən uyudun, biz hamımız oyandıq”, “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib.
Kohgəliye-Buyer Əhməd əyalətinin Dehdəşt şəhərində etirazçı gənclər hərbi yardım qüvvələrinin bazasını “Kalaşnikov”la atəşə tutublar.
Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində keçirilən aksiyalar zamanı həbs edilən Şəhriyar Adili adlı gənc İran rejiminin işgəncələri nəticəsində həlak olub.
Şərqi Azərbaycan əyalətində bir qrup azərbaycanlı milli-mədəni fəal “21 Azər” (12 dekabr) münasibətilə divarlara milli şüarlar yazıblar. Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı əsasən aşağıdakı şüarları Təbrizdə divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər: “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s.
Təbrizdə şəhərində Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub. “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirilib.
Eyni zamanda, Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədiyan öz mağazasında həbs edilib.
Tehran əyalətinin Əndişə şəhərində “Bəsic” qüvvələrinin bazası qəzəbli gənclər tərəfindən yandırılıb.
“Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 490 nəfərdir. Bunlardan 68-i uşaqdır, 62-si hökumət qüvvəsidir. İndiyədək 18 262 nəfər həbs edilib ki, bunlardan da 3788-nin şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 626-sı tələbədir. Bugünədək 1175 aksiya keçirilib. 161 şəhər və 144 universitetdə aksiyalar keçirilib.
Avstriyada, Almaniyada, Parisdə və Londonda molla rejiminin əleyhinə aksiyalar keçirilib.
İran İnsan Haqları Təşkilatı 1 nəfərin edam edildiyi və 2 nəfərin edam qabağı təkadamlıq kameraya köçürüldüyünü bildirib.
İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars” xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.
BMT İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamların dayandırılmasına çağırış edib.
Bundan başqa, Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən isə bildirilib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.
Qeşm, Təbriz, İsfahan, Tehran, Məşhəd, Yəzd və bir sıra şəhərlərində etiraz aksiyaları öz izdihamlılığı ilə seçilib. Etirazlarda “Əgər bir olmasaq, bir- bir öldürüləcəyik!”, “Gərək sənin də valideynlərini edam etsinlər ki, etiraz edəsən?”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.
Xameneyinin “Twitter” hesabının silinməsi tələbi ilə İlon Maska ünvanlanan onlayn petisiyaya isə 100 mindən çox imza atılıb.
Tehran əyalətində situasiya xüsusilə gərgindir. Belə ki, Tehran şəhərinin Heşmətiyə küçəsində insanlar etirazlara qatılaraq İran rejimi tərəfindən Məcidrza Rəhnəvərdin edam edilməsini pisləyib “Diktatora ölüm” şüarı səsləndiriblər. Punək qəsəbəsində etirazçılar gecə saatlarında: “Xamneyiyə ölüm!”, “Bir nəfər öldürülsə, min adam arxasında olacaq” şüarları səsləndiriliblər. Elm və Tədqiqat Universitetinin tələbələri ölkədə edamlara etiraz olaraq dərslərdən imtina edib və etiraz aksiyası keçiriblər. Baqerşəhr qəsəbəsində etirazçılar bələdiyyə binasını yandıraraq, hökumətdən edamlara son qoymağı tələb ediblər. Etirazçılar yarımhərbi “Bəsic” qüvvələrinə məxsus qərargahını yandırıblar;
Tehranın Surə Universitetinin tələbələri güclü yoxlama və maneələrə baxmayaraq hökumətin aksiya iştirakçılarını edam etməsinə qarşı etiraz aksiyası keçiriblər.
Tehran Universitetinin İncəsənət fakültəsinin tələbələri universitetin girişində Mohsen Şekari və Məcidrza Rəhnəvərdin edam edilməsinə etirazlarını bildirən plakat asıblar.
Şərqi Azərbaycan əyalətində Təbriz Tibb Elmləri Universitetinin tələbələri Möhsün Şikari və Məcidrza Rəhnəvərdin zalım molla hökuməti tərəfindən edamına etiraz olaraq kəndirləri kəsib qanlı köynəklərlə səssiz aksiya keçiriblər. Universitetin tələbələri aksiyada bütün vətəndaşların etirazlara qoşulmağa çağıran şüarlar yazılmış plakat qaldırıblar: “Gərək sənin də valideynlərini edam etsinlər ki, etiraz edəsən?”, “İllərcə axıb qan su yerinə, düşürük saralan yarpaqlar kimi, bu ölkədə ağaclar dar ağacıdır!”.
Hürmüzqan əyalətinin Qeşm şəhərində etirazçılar Xomeyni və Xameneyinin yandırıblar.
Xorasan-Rəzavi əyalətinin Məşhəd şəhərində isə rejimin Məcidrza Rəhnəvərdi edam etməsindən sonra əhali küçələrə çıxıb nümayiş keçirib. Etirazçılar bütün vətəndaşları rejimə qarşı səfərbər olmağa səsləyiblər: “Əgər bir olmasaq, bir-bir öldürüləcəyik!”.
Məcidrza Rəhnəvərdin edam edilməsinə etiraz edən gənc qız öz boynuna kəndir keçirərək hökumətin edam hökmünü imitasiya edib. Hökumət nümayəndələrinin yaşayış kompleksi etirazçılar tərəfindən Molotov kokteylləri ilə yandırılıb, hökumət qüvvələri Məcid Rza Rəhnəvərdin xatirəsini yad etmək üçün toplaşan insanların məscidə girişinə icazə verməyib və mərasim ləğv edilib.
Etirazlar İsfahan əyalətində də davam edib. İsfahan Texnologiya Universitetinə hücum edib dron və raket istehsalı mərkəzinə od vurulub.
Yəzd əyalətinin Yəzd şəhərində isə etirazçılar Molotov kokteyli ilə “Bəsic“ qüvvələrinin bazasını yandırıblar.
“Human Rights Activists News Agency” məlumatında etirazlarda 493 nəfərin, o cümlədən 68 uşaq və 62 hökumət nümayəndəsinin öldürüldüyünü təxmin edir. İndiyədək 18.424 nəfər həbs edilib ki, bunlardan da 3.843-nün şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 632-si tələbədir. Bugünədək 1.184 aksiya keçirilib, 161 şəhər və 144 universitet aksiyalarda iştirak edib.
Ölkədə repressiyalar geniş vüsət alıb. İranın ETTELAAT naziri İsmayıl Xətib etirazçıları hədələyib: “İğtişaşlarda rol oynayan hər kəs dünyanın harasında olur-olsun, cəzalandırılacaq”.
İslam Şurası Məclisinin Məhkəmə-Hüquq Komissiyası “Kiberməkanda saxta xəbərlərin hüquqi cəhətdən təqibi” adlı qanun layihəsini qəbul edib. İran millət vəkilləri belə xəbərlərin müəlliflərini “ağır cəzalar” gözlədiyini deyirlər.
Bu fonda beynəlxalq hüquq təşkilatları ilə yanaşı, Qərb ölkələri də İranı tənqid edib, dinc nümayişçilərə qarşı repressiyaları, insan haqlarının kütləvi pozulması hallarını və edam hökmlərini qətiyyətlə pisləyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.