Yəqin çoxumuz bilmir ki, ikiyə bölünmüş Azərbaycanın dövlət himni də qoşadır. Bu, bəxtimizə düşən tale payıdır, xalq olaraq özümüz yoluna qoymalıyıq. Bakıdan sonra Təbrizdə də azadlığın bayrağı dalğalanmalı, Vahid Azərbaycanın vahid bayrağı başımız üzərində ucaldılmalıdır. Bunu dövr, zaman, ictimai-siyasi proseslər, vahidləşmək istəyən xalqımızın istəkləri doğurmalıdır və doğurmaq da istəyir.
Biz illərin siyasi mənzərəsindən yox, Azərbaycan Demokrat Firqəsinin dövlət himnindən qısa da olsa danışmaq istərdik. Bu xalqımızın ikinci dövlət himnidir ki, Quzeydə indi daha şövqlə, rahat oxunur. 30 yanvar 1920-ci ildə qəbul olunub. Bir kərə yüksələn bayrağın bir daha başımızın üzərində dalğalanması üçün 70 il qurbanlar vermişik. 25 may 1992-ci ildə sevincimizin həddi-hüdudu olmayıb. Xalq mübarizələrdə qazandığı Dövlət himnini əbədi başı üzərinə qaldırıb. Təbrizlilər isə 26 aprel 1946-ci ili bu günədək unutmayıb. Fərəhi 7 ay 16 gün çəkib. 77 ilə yaxındır ki, cəngi təranəli dövlət himnini yenidən Güney Azərbaycanın meydanlarında, salonlarında, dövlət tədbirlərində ifasını görmək üçün həsrət qəlbimizi yandırıb-yaxır. O gün yaxındadır və dillər əzbərinin sözlərinin, musiqisinin, o taylı-bu taylı Azərbaycanın görkəmli bəstəkarı sayılan Cahangir Cahangirov tərəfindən bəstələnməsi, sözlərinin unudulmaz şair Mir Mehdi Etimad tərəfindən yazılması bir xalqın yaradıcılıq sintezindən irəli gələn bəşəri uğurudur.
Yaxınlarda eşitmişik küçədə himni oxuyan şəxsi tutub şəhərlərdən birinin əmniyyət idarəsinə aparıblar. O ki var işgəncə verib özünü də içəri atıblar. Beş-altı aydır ki, xəbər-ətəri yoxdur.
1945-1946-cı illərdə himn oxunanda çölə çıxmağa qorxan qaragüruh şah dövründə və vilayəti-fəqihin indiki hakimiyyətindən yaxşı bilir ki, bu igidlərə xas mahnının sözlərini yalnız insanlar ifadə edə bilərlər. 76 ilə yaxındır ki, dövlət himnimizin dövlət tədbirlərində, el qarşısında xorla oxuyacağımızın həsrətini çəkirik.
İstərdim ki, Güneydə milli marşımızın necə yaranmasını bilməyənlər də bilsin və qalibiyyət nəğməsi kimi bütün Güney Azərbaycanımıza səs-səda salsın.
1945-ci il aprelin 25-də iki tanınmış şəxs Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin qəbulunda oldu-Təbriz radiosunun rəhbəri Mirqasım Çeşmazər və bir də bəstəkar Cahangir Cahangirov. Gözəl diksiyaya malik M.Çeşmazər bildirdi ki, sabah milli radiomuzun açılışıdır, Milli himnimizlə açacağıq. Himn radioda çalınmazdan əvvəl siz imzalayıb təsdiq etməlisiniz.
S.C.Pişəvəri gülümsündü, o, C.Cahangirovu yaxından tanıyırdı. Bu hökumətə xidmətlərinə yaxından bələd idi. Əsərlərini sevə-sevə dinləyirdi. Konsertlərində adam əlindən dəbərmək olmurdu. Cahangir müəllimi ona görə çox sevirdi ki, yazdıqları milliliyinə görə könülləri ovsunlayırdı. “Sizin bəsdələdiyiniz himni zaman özü imzalayıb təsdiq edib. Dünyada zamandan ədalətli imza atan yoxdur. Daha mənim imzama nə ehtiyac? Ancaq madam ki, qanun belə məsləhət görür, mən də imzalayıram”. Himnin mətnini bəstəkardan alıb imzaladı.
Ertəsi gün Təbriz radiosunun əzəmətli sədaları altında himn açıldı. Bu, şair Mir Mehdi Etimadın bəstəkarla birgə nəsillərə yadigar qalan yadigarı oldu. O dövrə qədər söz ustadı əsasən Güneyimizdə tanınırdı. Cahangir müəllimin şöhrəti isə Vətənin hər iki tayını dolaşırdı. Sonradan bu iki sənətkarın dostluğu ömrün sonunadək qırılmaz tellərlə bağlı oldu. Cahangir müəllim söz düşəndə deyirdi ki, bu himn bizi bir-birimizə bağlayan dostluq nəğməsidir.
Azərbaycan Milli Hökumətinin dövlət himni üçün mətni bəstəkar bal arısı kimi yüzlərin içərisindən seçərək bunu bəyənmişdi. Bəlkə elə buna görə də köməyinə Tanrı çatmışdı. Yüzlərlə təbrizlinin ilk dinləyicisi olduğu sətirlər sonradan dilimizin əzbəri oldu, nəqarət-nəqarət şövqlə əzbərdən dillərdə səsləndi. İndi Güney Azərbaycanın vətənpərvərlərin əksəriyyəti himnin sözlərini bilir, şah rejimindən sonra əbalılar diktaturasına etirazlarını dilə gətirirlər.
21 Azər hərakatı qan içində boğularkən azadlıq nəğməkarına Milli himnimizin sözlərindən imtinanı əvvəl məsləhət gördülər, sonra hədə-qorxuya, yasaqa keçdilər. Sözündən və əqidəsindən dönməyən şairi həbsə alsalar da 2 il sonra etirazlara görə əhv etməyə məcbur oldular.
İstərdik ki, 1900-cu ildə Təbrizdə anadan olan, ömür yolunu Tehranda başa vuran 82 yaşlı sənətkarın yarıdıcılığı ilə oxucuları qısa da olsa tanış edək.
Ziyalı ailəsində dünyaya gəlib. Molla Yusifin köhnə, Mirzə Əbülqasim Xanın yeni tərz təhsil məktəblərində oxuyub. “Talibiyyə” mədrəsəsində ali təhsil alıb. Bir çox elmə yiyələnib, ədəbiyyatla maraqlanıb, İrana azadlıq şüarlarını dilə gətirən ilk şairlərdəndir. Eyni zamanda müəllimlik edib. Əxlaqi mövzuları maraqla qarşılanıb. Rza şah dönəmində “Ayineyi-Əxlaq” kitabı 20, “Bədri-Qeyu-Əl-Səbyaiv” və “Mənazeyi-Ədabi”ni 8-10 dəfə təkrar çap etdirib. “Əlifbayi-Cədid”, “Gül Qönçəsi”, “Təhyəlül-Səyilaiv, “Gəlinlər-Bəzəyi”, “Çərşənbə-Bazarı” ilə oxucuların rəğbətini qazanıb.
Xalq hərakatı dövründə yazdığı şeirləri dillər əzbəri olub, sözlərinə mahnılar bəstələnib. “Təbrizim” isə marş kimi oxunub.
“Vətən yolunda” qəzetini bir çox şeirləri bəzəyib. “Şairlər məclisi”nin sədri kimi geniş nüfuz qazanıb. Həbsdən çıxandan sonra böyük çətinliklə notariat kontorunda işə düzəlib. Azadlıq duyğuları onu heç vaxt tərk etməyib. Vəfat edəndə tərəqqipərvər ziyalılar böyük məhəbbətlə son mənzilə yola salıblar. “Doğma Azərbaycan”la, Milli Marşımızın sədaları altında son mənzilə yola salınıb.
Milli Hökumətin Dövlət Himni
I bənd
Ey vətənim Azərbaycan,
Əbədi odlardan nişan.
Adlı-sanlı keçmişin var,
Sən böyütdün qəhrəmanlar
Qoca şərqin çırağısan,
Azadlığın bayrağısan.
Tarix boyunca yadigar
İftixarlı asarın var.
Nəqarət
Sənsən bizə ana vətən,
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azərbaycan!
Azərbaycan, Azərbaycan,
Aslanların məkanısan.
Sən qurduğun yeni həyat,
Xalqımıza verdi nicat.
Gözəl günlər gətiribsən,
Səttərxanlar yetiribsən.
Qoy yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun.
Kamal Nikbin
Şərhlər bağlıdır.