Bizim ana dilimiz çox şirin, geniş və eyni zamanda asan bir dildir. Bu dilin
nə qədər mədəni və mütərəqqi bir dil olduğu tarixlərdə və hal-hazırda
sübuta yetişmişdir. Belə ki, Qafqazda rus dilindən sonra Azərbaycan dili
Qafqaz millətləri arasında ümumi bir dil kimi tanınıb. Uşaqdan böyüyə
qədər o dili bilməyən yoxdur. Habelə İranda, xüsusilə İranın şimal
tərəfində Azərbaycanın xaricində belə Tehran və Məşhəd də daxil olmaqla
Azərbaycan dili rəsmi bir dil olmadığı, məktəblərdə İran mürtəce dövlətləri
tərəfindən oxunması qadağan olunduğu halda fars dillərilə rəqabət
etməkdədir. Bununla bərabər indiyə qədər İrandakı xain və əcnəbi ünsürlər
bu gözəl dili ortadan qaldırmağa can atıb onu süngü qüvvəsi və başqa
vasitələrlə çalışıb məhv etmək xülyasında bir dəqiqə də olsun geri
oturmamışlar. Xüsusilə Rza xanın quldur dövlət aparatını bu dilin ən
qəddar düşməni hesab etmək olar. Bizim bu qüdrətli ana dilimizi silib
aradan aparmaq üçün var qüvvəsilə çalışdı. Bununla belə o sarsılmaz və
möhkəm bir halda xalqımızın içərisində və xaricdə təbii daşlardan da
möhkəm və sabit qalmış, ədəbi xüsusiyyətlərini də itirməmişdir.
Bu dili əcnəbi və yaxud moğollardan qalma bir dil hesab edirlər və onun
zorla qəbul etdirilmiş və ya alınma bir dil kimi göstərmək istəmişlər. Tarix
səhifələri, bu günkü elm və ədəb dünyası gülə-gülə deyir ki, “Əmi, bu
sözlərin sevdası keçmişdir. Bunu apar Tehranda Laləzar bazarında xərc et”.
Onlar öz dediklərinin əsassızlığını, cəhalət və axmaqlıqla dolu iddialarının
olduğunu yaxşı başa düşüblər. Əgər inad və cəhalətlərində qalıb yenə də o
günəş kimi həqiqəti görməzdən gəlib inkar etsələr, belə korlarla bir daha
bəhsə girişməyə dəyməz.
Azərbaycan dilinin qramatika qaydaları çox düzgün, asan və müntəzəm
olmaqla bərabər bu dilin yaratdığı dastanlar və hekayələr də dünyanın ən
böyük dilləri ilə rəqabət edə biləcək qədər zəngin və eyni zamanda Yaxın
Şərqdə yayılmış ən mühüm dillərdən birisidir.
Bu qədər illər müstəbid və zalım hökumətlər tərəfindən oxuyub yazmaq və
danışmağın qadağan olunduğu bir halda on dörd gecəlik ay kimi Şərq
aləminin səmasında böyük bir əzəmətlə əbədi olaraq cilvələnməkdədir.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı,
Təbriz, say 194, 09.05.1946
Növbəti
Şərhlər bağlıdır.