“Azərbaycan əsgəri”, yaxud Məhəmməd Biriyanın qəhrəmannaməsi…
Güney Azərbaycan ədəbiyyatının lirik və satirik şairi kimi tanınan Məhəmməd Bağır-zadə Biriya (1914-1988) dövrünün ideologiyasına uyğun olaraq həm ibrətamiz məzmunlu, həm də mübariz ruhlu, dəyərli əsərlər yazıb-yaradıb. Bir sıra lirik, satirik şeirləri və dram əsərləri, həmçinin vətənpərvərlik ruhunda qələmə aldığı poemaları ilə ədəbi aləmdə öz möhürünü vuran şair Təbrizdə doğulub boya-başa çatsa da, ömrünün bir hissəsini Quzey Azərbaycanda yaşamış, böyük Vətənin hər iki tayında xalqına ləyaqətlə xidmət edib.
Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,
Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
– misralarında coşğun, odlu ruhu, böyük həyat eşqi apaydınca duyulan Məhəmməd Biriyanın işıqlı qəlbi, dönməz iradə və əzmkarlığı məhz vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərdə özünü daha qabarıq şəkildə təzahür etdirirdi. O, öz mücadiləsini həm əməli işi, həm də sözü-mübariz ruhlu poeziya nümunələrilə aparan təkrarolunmaz qələm sahiblə-rindən idi. Şairin bu mövzuda yazdığı əsərlər sırasında “Azərbaycan qəhrəmanı, yaxud Azərbaycan əsgəri” poeması önəmli yer tutur. Bu mövzuya müraciət təsadüfi deyildi. Fikrimizə ədəbiyyatşünas-alim, fil.ü.e.d. Almaz xanım Əliqızının söylədikləri ən tutarlı açıqlama gətirir: “M.Biriya hətta müharibənin ilk illərində, faşizmin hələ irəli getdiyi, ölkələri diz çökdürdüyü ağır günlərdə də Hitler ordusunun məğlub olacağına inanır, faşizmin yer kürəsi üçün böyük fəlakət olduğunu dərk edir, onun sonunun iflasa uğrayacağına bütün varlığı ilə əmin olduğu üçün həmvətənlərini də buna hazırlayırdı…” Tanınmış şair və ədəbiyyat tədqiqatçısı Yəhya Şeyda onun dağ çayları kimi coşğun, qaynar təbini, şeirlərində təzahür edən pak ruhunu yüksək qiymətləndirir, həqiqəti və həyati gerçəkliklərə söykənən realist üslubunu təqdir edirdi: “Məhəmməd Biriya kəskin qələmi və rəvan təbi ilə bir od-alov idi. Elə od-alov ki, xalq düşmənlərini qarsaqlayıb kül edirdi.”
Sovet ideologiyasının əsas istiqamətlərini özündə ehtiva edən “Azərbaycan qəhrəmanı” poemasında bu “od-alov” şairi cəsur Azərbaycan oğullarından birinin – Mikayılın o zaman bütün sovet vətəndaşlarının doğma Vətən bildikləri keçmiş SSRİ-nin faşizmdən xilası, azadlığı yolunda gedən ölüm-dirim savaşında keçdiyi şərəfli həyat yolundan bəhs edir. Ölkədə baş verən hər hansı bir hadisəyə biganə qala bilməyən Məhəmməd Biriya vətəndaşları “bir nəfər hamı üçün, hamı bir nəfər üçün”, “hər şey vətən üçün, hər şey qələbə üçün” prinsiplərilə yaşayan Vətən-SSRİ uğrunda canından şirin keçməyə hazır olan Mikayılın qəhrəmanlıq səlnaməsini yaradır və böyük xalqına, millətinə illərdən bəri qəlbində bəslədiyi məhəbbəti, arzu və düşüncələrini onun simasında sərgiləyir.
Şair “Azərbaycan qəhrəmanı” poemasının başlanğıcında xalqının yetirməsi olan sıravi sovet adamının işğalçı Almaniya ilə SSRİ arasında başlanan müharibədə Vətənini müdafiə edən igid əsgərə çevrilməsi prosesini böyük ustalıqla təsvir edir. Müharibə mövzu-sunu ədəbi müstəviyə gətirən Biriya həyatın mürəkkəb, gərgin, faciəvi reallıqlarını bədii təsvir obyektinə çevirir. Mikayıl şairin bədii təxəyyülünün uydurduğu tipik qəhrəman deyil, müharibədə formalaşan, taleyini bütünlüklə Vətənin – SSRİ-nin taleyinə bağlayan sovet vətəndaşının-mübariz bir insanın obrazıdır… Mikayılın simasında adi sovet vətəndaşlarının ümumiləşdirilmiş obrazını yaradan şair onun savaşdan öncəki həyatını, sadə bir Azərbaycan ailəsinin yaşam tərzini də bədii boyalarla təqdim edir. O, bədii qayəsinə uyğun olaraq Azərbaycanın sülhpərvər, yurdsevər oğullarının ruhani dünyasını, ideologiyasını, mübarizliyini, ailəyə sədaqətini tərənnüm etmiş və bu müsbət keyfiyyətləri özündə ehtiva edən mükəmməl bir obraz yaradıb:
Gəlir xatirimə, gəlir bir zaman
Mikayıl adında igid bir oğlan.
Sovet ölkəsində yaşardı azad,
Ömrünün günləri keçərdi xoş, şad
Fəxr edərdi vətən bu mərd oğluyla.
Şərafətli cavan olmazdı üç il,
Etmişdi bir kiçik ailə təşkil.
Xanımı namusli xanədar idi,
Bir yaşında gözəl qızı var idi.
Müharibə, savaş törədən şər, qara qüvvələrə nifrəti, ölkəsinin müdafiəsinə qalxan sülhsevər insanlara, xalqlara məhəbbəti əsərlərində aşkar duyulan M.Biriya şahidi olurdu ki, “İkinci dünya müharibəsi də hələ müharibə vaxtı ədəbiyyatda öz tənqidi təfsirini tapmış, “müasir ədəbiyyatın isə “yeni və geniş bir mövzu”suna çevrilib. O da dövrün, zamanın nəbzini tutmuş, “Azərbaycan qəhrəmanı” poeması ilə bu ədəbi axına qoşulmuşdu. Prof. Mir Cəlal yazır ki, “Poema əslində qəhrəmannamədir. Nadir şəxsiyyətin və ya nadir bir hadisənin yüksək pafos ilə tərənnümünə həsr olunan poemanın ədəbiyyat tarixi boyunca müxtəlif nümunələri olub”. Biriya da yaratdığı bu poema nümunəsində qəhrə-manlıq, mərdlik, gözəllik və humanizm, xeyirxahlıq, eyni zamanda rəzalət və pisliklərə, şər qüvvələrə qarşı nifrət duyğularını yüksək pafosla tərənnüm etmişdir. Belə ki, şair qəhrəmanı Mikayılın və ailəsinin timsalında dinc həyat sürən insanların hüzurunu pozan faşizm ideologiyasının milyonlarla ailənin sevincini kədərə çevirdiyini diqqət mərkəzinə çəkir. Qara, xəbis niyyətli, mənfur xislətli faşizmin dünya ağalığı iddiası ilə törətdiyi müharibə milyonlarla sovet vətəndaşının kütləvi şəkildə qırılmasına, ölkələrin dağıdılması-na, tarixi abidələrin, müqəddəs məkanların, fərdi evlərin xarabazara çevrilməsinə səbəb olmuşdu. Azərbaycan qəhrəmanının tipik obrazı olan Mikayıl da digər on beş sovet respublikasında yaşayan xalqlarının övladları kimi, darda qalan Vətənin çağırışına səs vermiş, ölkənin faşizm taunundan qurtuluşu, azadlığı uğrunda əlinə silah alaraq cəsarətlə döyüş meydanına atılmışdı. Mikayılın ömür-gün yoldaşı, sədaqətli Azərbaycan qızı Reyhanın vətəninə, ərinə etibarını, onun qərarına münasibətini şair belə ifadə edir:
Söylədi ərinə mən tək qalmaram,
Ölümə də getsən səninlə varam.
Yaşaya bilmərəm dünyada sənsiz,
Bir gərək yaşayaq, bir də ölək biz.
Real hadisələri, gerçək həyatdan epizodları təsvir etməkdə Biriyanın məqsədi Azərbaycan qəhrəmanının ailəsində yaşanan məhəbbətin ülviliyinə, saflığına, nə qədər dəyərli və müqəddəs olduğuna diqqəti yönəltməkdir. Yazdıqlarında son dərəcə səmimi olan şair vurğulaylr ki, əslində xoşbəxt ailə həyatı yaşayan Azərbaycan əsgəri üçün Vətən sevgisi bütün sevgilərdən uca və müqəddəsdir, vətəni sevməyənin, onun azadlığı uğrunda canını verməyə hazır olmayan insanın ailə, ana-ata, vətən sevgisi də yalan, boş və mənasızdır. Yalnız vətəni qorumaqla namusu, ananı qorumaq olar, vətəni olmayanın, nə şərəfi, nə şanı, nə qutsal ailəsi, nə də müqəddəs dünyası olar. Şair bu qutsal fikirlərini körpə qızı Gövhəri ömür-gün yoldaşına əmanət edərək vətəni qorumağa yollanan igid, qeyrətli Mikayılın dili ilə oxucuya çatdırırr:
Dediyim sözləri unutma Reyhan,
Şərəflə ömr etsin gərəkdir insan.
Qana-qan, olmasa qisasa-qisas,
Olmaz işğalçıdan ölkəmiz xilas.
Gətir xatirinə babam Elxanı,
Xilas etmək üçün Azərbaycanı.
Biriyanın şəxsi həyatı, namuslu yaşamla bağlı düşüncələri də bu nüanslara söykə-nirdi. Hökumə Məmməd qızının yazdığı kimi: “Biriya ailə qurduğu qızı çox sevirdi o, Bürhan Həmidə Səməd qızı ilə nişanlanarkən əhd etmişdi ki, Azərbaycan azad olmayana qədər toy etməyəcəyəm. Və belə də oldu. 1945-ci il dekabr ayının 12-də – 21 Azər günündə Azərbaycan muxtariyyət qazandı. Biriya öz əhdinə vəfa etdi, sevdiyi qızla çox təmtəraqlı və təntənəli şəkildə ailə qurdu. Yəni, üç gün, üç gecə Biriya özünə toy elədi”.
Məhəmməd Biriya poemada Azərbaycana olan böyük sevgisini, qəhrəmanının Vətən eşqini, iştirakçısı olduğu döyüş anlarını poetikləşdirməklə ana, övlad, torpaq, Vətən məhəbbətini nə qədər önəmsədiyini, düşmənə isə bir o qədər nifrət bəslədiyini yansıdır:
Faşistlər qan deyə, bax, ölüm deyə,
Taun tək yayılır bizim ölkəyə.
Almasam onlardan əgər intiqam,
Anadan əmdiyim süd olsun haram!
Ölüm! O qaniçən qəsbkarlara!
Ölüm! Faşistlərə, o qəddarlara!
Poema janrının geniş imkanlarından yararlanaraq şair əsərin ideya və məzmununun açılmasına yardımçı olan hadisələrin bədii təsvirinə daha çox yer verməklə müharibənin nə qədər ağır fəlakətlərə səbəb olduğunu diqqətə çatdırır. Göstərir ki, o zamanın həqiqətlərini üzə çıxaran belə qarşıdurmalar, müharibələr nəticə etibarilə, həm də işğala məruz qalan və milli-mənəvi azadlıq uğrunda mübarizəyə qalxan xalqların psixologiyasını açır, hər bir şəxsin, fərdin vətənpərvərlik ruhunu yüksəldir, birlik, özünəqayıdış prosesini sürətləndirir. Humanizm ideyalarına sadiq qalan Biriyanın poemanı yazmaqda əsas məqsədi işıqlı amallar, ideyalar carçısı olan istiqlal mücahidlərinin azadlıq uğrunda mübarizəsinin-bəşəri mücadilənin insanlar və dövlətlər arasında heç zaman bitməyəcəyini və tarix təkrarlandıqca davam edəcəyini bildirməkdir. Faşizm üzərində qələbə çalan mübariz oğul və qızlarımızdan, mərd qəhrəmanlardan söhbət açıldıqca Mikayıl kimi sıravi döyüşçülükdən Sovet İttifaqı Qəhrəmanı səviyyəsinədək yüksələn oğullarımızın adı da məhəbbət və ehtiramla anılacaq. Taqanroq uğrunda gedən qanlı döyüşlərdə igidlik göstərən və sinəsini odlu gülləyə sipər edən Mikayılın yaralandığı səhnəni canlandırmaqla düşmənə kini, nifrəti daha da artıran, faşizm taununu qamçılayan şair bu Vətən fədaisinin sücaətini qiymətləndirərək deyir:
Mikayıl haqqında gəlib bir fərman,
Fərmanda yazılıb ali komandan,
Təşəkkürlər edib igid oğluna.
Qəhrəmanlıq adı veribdir ona.
Vətən də öz igid oğlunun yarasına məlhəm olaraq bağrına basır, onun mərdliyi, şücaəti haqda şeirlər yazılır, şəninə aşıqlar nəğmə qoşurlar.
Altı ay çəkmədi o igid cavan,
Mikayıl deyilən bizim qəhrəman,
Sağaldı, təzədən durdu ayağa
Xidmət etmək üçün əziz torpağa.
Döyüş meydanında əlində yaraq,
Keçirdi həmləyə hər kəsdən qabaq.
Yenidən döyüş meydanına atılan igid əsgərin bütün xarakterik xüsusiyyətləri əlvan boyalarla canlandırılan “Azərbaycan qəhrəmanı, yaxud Azərbaycan əsgəri” poeması vətən-pərvərlik motivləri üzərində qurulub. Ümumilikdə Azərbaycan qəhrəmanının şərəfli ömür yolunun tərcümanı olan bu əsərdə şair oxucusunu Vətənə, doğma yurda məhəbbət ruhunda kökləyir, Ana torpağa, yetişdiyin məmləkətə dərin sevgi, xoşbəxt gələcəyə inam kimi humanist, bəşəri duyğular aşılayır.
Esmira Fuad Şükürova
filologiya üzrə elmlər doktoru
Şərhlər bağlıdır.