İran ən ağır ssenarinin hazırlığına başladı: Xamenei öldürülərsə…

“Azad İran” Teleqram kanalının İranın Ali rəhbəri Əli Xamenei
haqqında paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb.
SEPAH-ın Qüds qoşunlarının keçmiş komandanı, general
Qasım Süleymani və “Hizbullah” hərəkatının rəhbəri Həsən
Nəsrullahla birlikdə Xameneinin şəklinin dərc olunması növbəti
hədəfin Ali rəhbər olduğu haqqında fikirlər formalaşdırıb.
Xatırladaq ki, 2022-ci ildə tez-tez mediada İranın Ali dini lideri Əli
Xameneinin ağır xəstə olması, buna görə Ali Şuranın toplantısının
təxirə salınması barədə məlumatlar yayılırdı. Bu gün də 85 yaşlı Ali
rəhbərin səhhətinin yaxşı olmadığı ilə bağlı fikirlər gündəmə
gəlməkdədir.
Bu realdırmı? Ali dini liderə qarşı hər hansı qəsdin nəticəsində
İranda sonrakı proseslər hansı şəkildə cərəyan edə bilər?
Globalinfo.az-a danışan Şərq məsələləri üzrə ekspert Vüqar
Zifəroğlu deyib ki, İsrailin xüsusi xidmət orqanı “Mossad”a bağlı
sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xamenei açıq şəkildə
hədələnib:
“Belə ki, Xamenei, Qasım Süleymani və Həsən Nəsrullahın şəkli
yanaşı verilmiş, Xameneinin bu gün sonuncu cümə namazını
qıldıracağı qeyd olunmuşdu. Bu, İranın Ali dini liderinə qarşı birbaşa
təhdiddir.


Vüqar Zifəroğlu

İranda idarəetmə sistemində əsas qərarverici, kilid şəxs Ali dini
rəhbər hesab olunur. İran Ali rəhbərliyi həddindən artıq yüksək
statusdur. Hələ bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkianın
oğlu Yusif Pezeşkian özünün “X” hesabında Xamenei haqqında
etdiyi paylaşım da buna nümunədir. “Sistemin ümumi siyasətləri,
müharibə və sülh məsələləri barədə qərar vermək Xameneinin
səlahiyyətindədir, Pezeşkian isə ona tabedir və heç vaxt onun
əmrlərinə qarşı çıxmaz” – deyə qeyd etmişdi.
Hər hansı fors-major vəziyyət baş verərsə, rəsmi Tehran üçün ciddi
imtahan mərhələsi başlamış olar. Bəs İran buna hazırdırmı? İran
Prezidenti İbrahim Rəisinin ölümündən sonrakı proseslər də onu
göstərir ki, Tehran artıq sözügedən ehtimallara maksimum
səviyyədə hazırlaşmağa çalışır. Əli Xamaneinin təhlükəsizliyini
təmin etmək üçün ciddi formada fəaliyyət göstərir. İsrail belə bir
addım atmaq istəsə, böyük çətinliklərlə qarşılaşacaq”.
Safura Bənnayeva
Globalinfo.az

Şərhlər bağlıdır.