Politoloq: “Artıq yer kürəsində suyun bolüşdürülməsi uğrunda mübarizə
gedir”
“Hazırda İran indiki mövcudluğunu qoruyub saxlamağa cəhd edir. Şərqdə söz
sahiblərindən biri olmağa çalışır. İsrail isə bunun əleyhinədir”. Bunu
“Olaylar”a yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı informasiya
agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib. Politoloq bildirib ki,
İran kifayət qədər yeraltı siyasi oyunlar oynayır: “Ballistik raketlər atmamışdan
öncə ABŞ-yə diplomatik yolla xəbər göndərir ki, ballistik raketlərdən istifadə
edəcək. Əslində bu gülməli bir məsələdir. Rəsmi məlumatlara görə, İranın bu
hücumu zamanı xəsarət alan yoxdur. İki nəfər qolundan yüngülcə yaralanıb.
İki raket Fələstin ərazisində qeydə alınıb ki, onlardan biri fələstinlinin başına
düşüb. İran isə deyir ki, guya on beşə qədər F-16 vurub, xüsusi obyektlərə
zərbə endirib. Təbii ki, İsrailin F-16-ları vurulsaydı, buna adekvat cavab
verilərdi. Şübhəsiz ki, ballistik raketlərin atılması əvvəlki dron hücumu kimi
eyni ssenarinin nəticəsidir. Bununla göstərmək istəyirlər ki, guya İsrailin
addımlarını cavabsız qoymurlar”.
Politoloq qeyd edib ki, burada tamam başqa bir məsələ var ki, Livanın
cənubuna quru qoşunların yeridilməsi təkcə İsrail vətəndaşlarının, İsrail
dövlətinin təhlükəsizlik məsələsi deyil. Burada məqsəd həm də Livanın
cənubundan axan Litani çayına çıxmaqdır: “Artıq Livanın su hövzəsi uğrunda
mübarizə gedir. Məqsəd ondan ibarətdir ki, bu su hövzəsinin ən azı Aralıq
dənizinə axan sol hissəsini özününküləşdirsin. Yalnız bundan sonra sakitlik
yaranacaq. Belə məlum olur ki, quru ərazi məsələsi arxa plana keçib. On
illərdən çoxdur ki, həmin terror təşkilatları fəaliyyət göstərir. Bu müddət
ərzində Livanla iki dəfə müharibə aparılıb, indi faktiki olaraq Livan müharibə
aparmır, çünki “Hizbullah” var. Bu o deməkdir ki, su hövzəsinə çıxış üçün
razılıq əldə olunub. Nəzərə almaq lazımdır ki, hazırda dünyada qlobal iqlim
dəyişikliyi gedir ki, bu elə də adi məsələ deyil. Bizdə də belə bir açıqlama
verildi ki, 20-30 faiz suyun azalması gözlənilir. Reallıq ondan ibarətdir ki,
hazırda dünya su uğrunda müharibə aparır.
BMT-nin sessiyasından kənarda İran prezidenti Məsud Pezeşkian deyir ki,
İran beş yerə ayrıla bilər, hətta onların adlarını da çəkir. Bu o deməkdir ki,
artıq kifayət qədər qorxulu bir hadisəyə start verilib ki, İran bundan qurtulmaq
istəyir. Amma, dövlətin parçalanmasından xilas olmaq üçün düzgün siyasət
aparılmır. İran dünyada təcrid olunub, Avropa və Amerika da bəyanat verdi ki,
İrana qarşı daha ağır sanksiyalar tətbiq olunacaq. Təbii ki, İran da görür ki,
ölkə parçalanmaya doğru gedir. Bunun qarşısını hansısa dövlətə raket
atmaqla almaq olacaqmı? Məlum olduğu kimi İranın raketləri bir saatdan tez
İsrailə uca bilmir. Təsadüfi deyil ki, atılan raketlərdən on-on beşi İordaniya
ərazisinə düşüb. Səs surətinə bərabər Amerika raketləri isə bu məsafəni üç
dörd dəqiqəyə dəf edir”.
Politoloq hesab edir ki, müharibə qaçılmaz deyil, amma onun qarşısını da
almaq olar: “Dünyada geosiyasi məsələlər artıq suyun bölüşdürülməsi ilə əvəz
olunub. Artıq yer kürəsində suyun bolüşdürülməsi uğrunda mübarizə gedir.
Hələlik su uğrunda mübarizə İsraildə başlanıb, sonra genişlənərək İrana da,
bizə də gəlib çatacaq. Hazırda Afrika susuzluq dövrünü yaşayır. Çünki
dünyada iqlim dəyişkənliyi baş verir. Səudiyyə Ərəbistanında qarın yağması
təsadüfi deyil. Hazırda iqlim dəyişkliyi dövlətləri müharibəyə sövq edir. Bizdən
fərqli olaraq o dövlətlərin yaxşı sığınacaqları var. Əfsuslar olsun ki, bizdə
lazımi sığınacaqlar yoxdur. Müharibə üçün mütləq sığınacaqlar
hazırlanmalıdır”.
Şərhlər bağlıdır.