“Novar Ozanyan briqadası” adlı erməni terror qruplaşması bu günlərdə Suriyanın Ayn əl-Ərəbdə PKK/YPG-PYD terrorçularına məxsus tunellərdən birindən video paylaşıb. “Briqada” PKK/YPG-PYD terror qruplaşmasına dəstək verdiyini, “Suriya Demokratik Gücləri” ilə müttəfiq olduqlarını açıqlayıb.
Qeyd etmək lazımdır ki, erməni milli ruhunun ən mühüm elementlərindən biri də terrordur. Bunun şovinist, yaxud hikkə kimi yozulmasını istəməzdik. Çünki Azərbaycan onlara qarşı qərəzli olmayıb. Daha çox etnik azlıq olduqlarından iddialarına, yalanlarına, saxtakarlıqlarına qarşı böyüklük göstərib, önəm verməyib. Bu, onların haqqında reallığı deməyə də imkan verir.
Azərbaycan keçmişdə və çağdaş dövrdə ermənilərin törətdiyi çoxsaylı terrorlara şahidlik edib. Onların daha çox işgəncə verməyə, terror törətməyə meyilli olması kollektiv psixoloji kompleksin göstəricisi sayılır.
Ermənilərə aid terror qruplaşmalarının bəzilərini xatırlamaq yerinə düşər.
1885-ci ildə yaradılan “Armenakan” Partiyası Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədib, İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
“Hnçak” Partiyası 1887-ci ildə İsveçrədə yaradılıb. Qurumun əsas məqsədi “Böyük Ermənistan” dövləti yaratmaq olub. Hədəfə çatmaq üçün terrorizm və dağıdıcı təşkilat yaradılması metodunun seçilməsini vacib sayıb.
“Daşnaksütyun” 1890-cı ildə Tiflisdə təsis edilib. Əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb.
Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdi. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.
“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
1975-ci ildə yaradılan ASALA təşkilatının qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyənin şərqi, Güney Azərbaycanı, Azərbaycanın Naxçıvan və Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. O, müsahibəsində bildirmişdi: “Düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”. ASALA Beyrutda 28.08.1993-cü ildə açıqlanan bəyanatında “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçməsinə imkan verməyəcəklərini bildirmişdi.
“Geqaron” 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. “Erməni azadlıq hərəkatı” (AOD) 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. “Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
“Erməni birliyi” 1988-ci ildə Moskvada yaradılıb və “ASALA” ilə sıx əlaqələrə malikdir.
“Apostol” 2001-ci il aprelin 29-da Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan “Ermənistan Müdafiə Birliyi” tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları törətməkdir.
Belə türk düşməni olan tör-töküntü terror qruplaşmaları az deyil. Onların əsas hədəfi Türkiyə, Azərbaycan, türk dövlətləri və türklərdir. Başqa sözlə, bu etnik qrupu türklərə qarşı bir dəfə zəhərləyiblər. Bu nifrət, kin davam edir. Onlardan Türkiyə, Azərbaycan və başqa türk dövlətlərinə qarşı alət olaraq da istifadə edirlər.
Belə qruplaşmalar üçün yer, məkan fərqi yoxdur. Təki, zəhərləndikləri türk düşmənliyi hikkəsini reallaşdırmaq üçün imkan yaradılsın.
“Ərəb baharı” hadisəsi və İŞİD terror qruplaşmasının işğalından sonra Suriyada PKK terror qruplaşmasının YPG və PYD adlı dəstələri yaranıb. Bu, terror dəstəsi fəaliyyətini ört-basdır etmək məqsədi ilə “Suriya Demokratik Gücləri” adlı bir “təşkilat” qurulub. Adından asılı olmayaraq onların hədəfi Suriya və İraqı parçalamaq, Türkiyəyə qarşı terror əməliyyatları keçirmək, onun təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid etməkdir.
Onlara türk düşməni erməni etnik qrupunun yaratdığı terror qruplaşmaları da qoşulub. Yuxarıda adıçəkilən “Novar Ozanyan briqadası” adlı erməni terror qruplaşması Türkiyəyə qarşı mübarizə aparacaqlarını, “Rojava inqilabı”nı (Suriyanın şimalı və şərqində yerləşdiyi iddia olunan “Qərbi Kürdüstan”) müdafiə edəcəklərini bildirib.
Bu terror qruplaşma 1956-cı ildə Türkiyədə doğulmuş Nubar Ozanyan adlı erməninin şərəfinə 2019-cu il aprelin 24-də yaradılıb. Onun ləqəbi “Orhan Bakırçıyan”dır. Bu terrorçu Livanda vətəndaş müharibəsində, 1991-1992-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində, PKK terrorçuları sırasında Türkiyəyə qarşı silahlı hücumlarda, Suriyada vətəndaş savaşında iştirak edib. Nubar Ozanyan Türkiyə “marksist-leninçi” kommunist partiyasının silahlı qanadının komandiri olub. Ozanyan türk, erməni və rus dillərində danışa bilirmiş. 2017-ci ildə Suriyanın Rakka bölgəsi ətrafında öldürülüb. Qrupun lideri Masis Motanyan sayılır.
Onlar “erməni soyqırımı törədənlərlə mübarizə aparacaqlarını” vəd edir. “Biz Ermənistan silahlı qüvvələri olaraq xalqımızı, azadlığımızı, dilimizi və mədəniyyətimizi müdafiə edəcəyik”, – “ozanyançılar” bildirib.
Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından bəlağətlə danışır. Ancaq indiyədək bu kimi terror qruplaşmalarına qarşı münasibət bildirməyib. Çünki belə “təşkilatlar” Ermənistan və erməni xalqı “haqqı” “uğurunda” mübarizədən bəhs edirlər. Rəsmi İrəvanın bu məsələdə sükutu onların əməkdaşlıqlarının və ya normal əlaqələrinin mövcudluğunu ehtimal etməyə əsas verir.
Əslində erməni etnik qrupu tarixən bütün cəbhələrdə fəaliyyət göstərib. “Ozanyan” və başqa ona oxşar qruplaşmalar PKK terror qruplaşmasının yanında yer aldıqları halda Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti vaxtı ilə Suriyada süquta uğramış Bəşşar Əsədlə bir cəbhədə yer tutub. 2023-cü ilin fevralında onun kabinetinin XİN başçısı Ararat Mirzoyan Əsədlə görüşərək ona dəstək verdiklərini bildirmişdi.
ABŞ Dövlət Departamenti 2019-cu ilin fevralında yaydığı bəyanatda Ermənistan hökumətinin Suriyadakı rejim başçısı ilə əməkdaşlığını dəstəkləmədiyini bildirmişdi: “Biz Suriya silahlı qüvvələri ilə istər mülki şəxslərə yardım, istərsə də hərbi məqsədlər üçün əməkdaşlığı dəstəkləmirik. Bu missiyanı yerinə yetirmək üçün Ermənistanla Rusiya arasındakı əməkdaşlığı da məqbul saymırıq”.
Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan isə həmin il fevralın 1-də Suriyada hərbi əməliyyatlarda erməni hərbçilərinin iştirakının mümkünlüyünə eyham vuraraq maraqlı açıqlama vermişdi: “Hərbi əməliyyatlarda iştirak etmək zərurəti yaranarsa, Ermənistan bunu qanuna uyğun olaraq mütləq edəcək”.
Bu hadisələr göstərir ki, erməni etnik qrupunun nümayəndələri Ermənistan dövləti və ya terror qruplaşması kimi hər iki tərəfdədir. Bu, onların hər iki tərəfin bir mərkəzdən idarə edildiyinə də dəlalət edə bilər.
PKK Suriyanın ərazi bütövlüyünə qarşı olan qruplaşmadır. Bu baxımdan “Ozanyan briqadası”da onlara bu işdə dəstək verir.
Odur ki, erməni etnik qrupuna məxsus dövlət, siyasi təşkilat, terror qruplaşması üçün əsas hədəf Türkiyə, Azərbaycan və türklərdir. Bu halda “Ozanyan” dəstəsi ilə Paşinyan hökuməti arasında elə kəskin fərq yoxdur. Rəsmi İrəvan beynəlxalq ictimaiyyətə sülh sazişi, münasibətlərin normallaşması, sərhədlərin müəyyənləşməsinə dair verdiyi yalan vədlərlə bəhs etdiyimiz qruplaşmaları yada salır. Ozanyanın Azərbaycan torpaqlarında döyüşməsi də bunu təsdiqləyir.
Şərhlər bağlıdır.