Bayden İranın müqavimətini qıra biləcəkmi?

“Baydenin məlum açıqlamasına rəğmən Tehranın geri çəkiləcəyi ehtimalı zəifdir. İran hakimiyyətinin arxasında Moskva ilə Pekin dayanır. Nə qədər ki, onlar Tehranı müdafiə edəcəklər, İran Qərbə müqavimət göstərməkdə davam edəcək və uğradığı ağır sanksiyalara rəğmən danışıqlara getməyəcək”.

Bu sözləri  Sfera.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin uranın zənginləşdirilməsini 2015-ci ildəki səviyyəyə endirməyənə qədər İrana tətbiq edilən sanksiyaları ləğv etməyəcəyi barədə fikrinə münasibət bildirərkən “Orta Doğu Araşdırmalar Mərkəzi”nin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, İran Bayden dönəmində də sanksiyalarla yaşamalı olacaq:

“Sanksiyaların ləğvi üçün Vaşinqtonun Tehrana qarşı irəli sürdüyü şərtlər təmin olunmalı idi. Şərtlərə görə İran nüvə müəssisələrinin hamısını beynəlxalq müfəttişlərin üzünə açmalı, təftişin şəffaf keçirilməsini təmin etməli, hərbi məqsədli nüvə proqramından uzaq olduğunu sübut etməli, ballistik raketlərin istehsalını dayandırmalı idi.  Bu şərtlər icra olunmadığından istər Bayden, istərsə digərləri olsun, ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunmayacaq”.
Həmsöhbətimiz düşünür ki, İranı nüvə mövzusunda geri çəkilməyə vadar edə biləcək qüvvə yalnız Moskva ilə Pekindir:

 

“Belə görünür ki, Tehran nüvə komponentləri məsələsində öz fikrindən geri dönməyi düşünmür.  İranın ali dini lideri Xamneyi bu barədə bəyanat verib.  İrana uranın 3,67 faiz civarında zənginləşdirməyə icazə verilsə də, bu ölkə artıq müqavilənin şərtini pozaraq onu 20 faizə çatdırıb”.

 

 

Şərhlər bağlıdır.