Cavad Heyət və 45 yaşlı “Varlıq” dərgisinin birinci sayı

Eynulla Mədətli yazır DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ" DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR EDİLİR

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

2025-ci ilin mayın 24-də Doktor Cavad Heyətin anadan olmasının 100 illiyi tamamlanacaq. Eyni zamanda, onun təməlini qoyduğu, sahiblik və redaktorluq etdiyi, şəxsi vəsaiti ilə maliyyələşdirdiyi “Varlıq” dərgisinin (jurnalının) bu il 45 yaşı tamam olur. Qəlbində və əməllərində böyük Azərbaycan sevgisini yaşadan və təmsil edən bu nurlu şəxsiyyəti ölkəmizdə sevir və dəyərləndirirdilər. Güney Azərbaycanda haqlı olaraq Dədə Qorquda bənzədilən və el ağsaqqalı, vətənpərvər ziyalı kimi tanınan Doktor Cavad Heyət vətəni İranı ürəkdən sevən və onun elminə, mədəniyyətinə sədaqətlə xidmət edən alim və mütəfəkkir idi. İranda cərrahlıq sahəsində bir sıra ilklərin və tibb dərsliklərinin müəllifi olan həkim kimi, eyni zamanda, hələ Qacarlar dövründən adlı-sanlı ailənin mənsubu kimi həm şahlıq dönəmində, həm də İslam Cümhuriyyəti zamanında özünün ədəbiyyat, mədəniyyət, dilçilik, fəlsəfə, ilahiyyat və sair sahələrdəki tədqiqatları ilə şan-şöhrət qazanmışdı. İstanbulda tibb təhsili alması və yaranan ailə bağları bu ölkəyə, ardınca bütün türk xalqlarına onun gənclik dövründən  formalaşan maraq və sevgisini daha da artırmışdı. Hələ sovetlər dönəmində, 1982-ci və 1987-ci illərdə Azərbaycanın görkəmli tibb professoru Nurəddin Rzayevin dəvəti ilə Bakıya gəlməyə nail olmuş, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və başqa görkəmli alim və ədiblərimizlə tanışlıq və dostluq əlaqələri qurmuşdu. Ölkəmiz müstəqillik qazandıqdan sonra daha tez-tez Azərbaycan Respublikasına səfər edən Cavad Heyət bizim tanınmış elm və mədəniyyət xadimlərimizin, yaradıcı  ziyalılarımızın çevrəsində sevilən və dəyərləndirilən həmvətənimizə çevrilmişdi. Onun milli istiqlal şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu böyük şaxsiyyətlərin böyük dostluğundan daha üst səviyyədə idi və xarici səbəblər üzündən güneyli-quzeyliyə bölünmüş Azərbaycan xalqının vahidliyinin, birliyinin və bölünməzliyinin təcəssümü idi. Cavad Heyət Azərbaycanın bir çox Universitetlərin və elmi qurumların fəxri doktoru seçilmiş, 70 illiyi, 80 illiyi, 85 illiyi ölkəmizdə yüksək səviyyədə qeyd edilmiş, bir çox kitabları burada nəşr edilmiş, eləcə də haqqında kitablar, məqalələlər yazılmışdı. Ömrünün son aylarına qədər xəstələrini müalicə etməkdən, Azərbaycanın həm Güneyində, həm də Quzeyində maarifçilik fəaliyyətini davam etdirməkdən vaz keçməmişdi. Bu sətirlərin müəllifinin 1993-cü ildə Naxçıvan Dövlət Universitetində Doktor Cavad Heyətlə tanışlıqdan başlanan dostluğu Tehranda diplomatik xidmətlə əlaqədar çalışdığı 1996-2001-ci illərdə daha da yaxın və səmimanə olmuş və bu mənəvi bağlılıq böyük şəxsiyyətin vəfatınadək davam etmişdi.

Doktor Cavad Heyət 13 avqust 2014-cü ildə Bakıda vəfat etdi.  Azərbaycan Milli Elmlər Akademiyasında avqustun 14-də bu böyük mütəfəkkirlə vida mərasimi keçirilmiş, vəsiyyətinə uyğun olaraq Bakıda, dövlət səviyyəsində təşkil olunan mərasimlə İkinci Fəxri xiyabanda dəfn edildi. Cavad Heyət məzarı ilə də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri kimi, Güneylə Quzey arasında mənəvi-ruhi körpü missiyasını yerinə yetirir.

Ulu öndər Heydər Əliyev Cavad Heyətin şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi və bir neçə dəfə onu qəbul edərək səmimi söhbətlər etmişdi. Cavad Heyət 2007-ci il iyunun 23-də Tehranda “Azərtac”a müsahibəsində Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, mən bu bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi. Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən böyük adlara layiqdir.

Prezident İlham Əliyev də Cavad Heyətə diqqət və qayğı göstərirdi.  2005-ci il iyunun 27-də Prezidentimiz onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş və ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə etmişdi. Həyatının son 9 ilini Bakıya gələndə Nizami küçəsindəki geniş  evində keçirən Doktor Cavad Heyətin qapısı həm bütün xəstələrinin, həm də dostlarının üzünə açıq idi. Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə çox sevinirdi. O demişdi: “Mən inanıram ki, Azərbaycan Prezident Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir. Çünki İlham Əliyevin bu şərəfli missiyada güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi Heydər Əliyev dühasıdır”.

Qeyd edilməlidir ki, Birinci Qarabağ müharibəsi zamanı, ölkəmizin ən ağır günlərində dünya şöhrətli cərrah, Tehranda “Cavid” klinikasının rəisi Doktor Cavad Heyət Birinci Qarabağ müharibəsində yaralanmış 150 nəfər vətəndaşımızın İranda müalicəsini təmin etmiş, onlarla Qarabağ qazisini həyata qaytarmış, Cənubi Azərbaycan həkimlərini Azərbaycanda və İranın müxtəlif şəhərlərində yaralı əsgərlərimizin müalicəsinə cəlb etmiş, ölkəmizə tibbi dəstək sahəsində çox geniş miqyaslı fəaliyyət göstərmişdi. Ermənistanın Qarabağı işğalının və xalqımıza divan tutulmasının ağrılarını yaşayan Doktor Cavad Heyətin bununla əlaqədar 1993-cü ildə Türkiyə prezidenti Süleyman Dəmirələ göndərdiyi məktubunu həm də “Varlıq” dərgisində dərc etməsi İranda xoş qarşılanmasa da, ona ciddi maneələr törədilmədi. Bu  məktubun ruhu və müəllifin umacağı olduqca təbii və insani idi, bu, hər zaman erməni təəssübkeşliyi mövqeyində dayanan İranın rəhbərliyinə də ciddi ismarış idi.

Qeyd edilməlidir ki, Cavad Heyətin elmi və maarifçilik fəaliyyətinin zirvəsində onun təşəbbüsü və yaxın məsləkdaşlarının iştirakı ilə təsis edilən “Varlıq” dərgisi dayanır. Əlbəttə, belə bir dərginin nəşrinə icazə alınması və onun nəşrinin doğru-dürüst məcrada davam etdirilməsi heç də asan olmamışdı. O dövrdə İrandakı ictimai-siyasi və ideoloji vəziyyət olduqca ziddiyyətli və qarışıq idi. 1979-cu ilin fevralında qalibiyyətlə başa çatan inqilab 1925-ci ildən ölkəni ağır istibdad rejimi ilə idarə edən, bütün İran xalqını, xüsusilə də, İran türklərini ağır təzyiqlər altında saxlayan Pəhləvi hakimiyyətinə son qoydu. Xalqın bütün təbəqələrinin coşqulu iştirakı və şahlıq rejiminə müxalif ruhanilərin aparıcı rol oynadığı bu inqilab (sonradan İslam inqilabı adlandırıldı – E.M.) ölkədə azadfikirlilik və demokratiya üçün yol açdı və xalqın əksər hissəsini, o cümlədən yaxşı təhsil görmüş ziyalı təbəqəsini xeyli dərəcədə ümidləndirmiş oldu.

Qeyd etmək lazımdır ki, İranda inqilabın doğurduğu yeni şəraitdə Cənubi Azərbaycan türklərinin əsrin əvvəllərindən, Məşrutə dövründən qurduğu, sonrakı təqib və irtica illərində fəaliyyəti dayanmış “Əncümən-e Azərbaycan”ın (Azərbaycan Cəmiyyəti) yenidən canlanması və İrandakı digər ictimai-mədəni qurumlar kimi fəaliyyətə başlaması üçün şərait yarandı. Qeyd etmək lazımdır ki, hələ 1940-cı illərin əvvəllərində Doktor Cavad Heyətin atası Mirzə Əliağa Heyətin dəstəyi ilə Tehranda fars dilində “Azərbaycan” qəzeti nəşr olunmağa başlamışdı və Həmid Nitqi də bu nəşrin hazırlanmasında yaxından iştirak etmişdi və Cavad Heyətlə dostluğu da o zamandan başlamış, İstanbulda təhsil illəri onları daha da yaxınlaşdırmışdı. 1952-ci ildə Tehrana döndüklərində hər ikisinin yaxından iştirakı ilə “Azərbaycan Cəmiyyəti” qurulmuşdu. Bu barədə Həmid Nitqi yazırdı: “O zamanlar Tehranda azərbaycanlılar müxtəlif adlar altında və cürbəcür bəhanələrlə görüşmək və ana dilində şeir oxumaq, musiqi dinləmək, necə deyərlər, “özlərinə gəlmək” üçün qonaqlıqlar və toplantılar tərtib edirdilər. Doktor Cavad bunların çoxunun içindəydi. Mən onun vasitəsilə şair Səhəndlə tanış oldum, sonra onunla da get-gəlimiz artdı. Şəhriyar Təbrizdən gəlib Doktor Cavadın uzun zaman qonağı olduğundan o sevimli şairlə 1940-cı illərdən başlanmış aşinalıq (tanışlıq – E.M.) dərinləşdi” (Doktor Cavad Heyət. Tərtib edən Məhərrəm Qasımlı, Bakı, “Azərbaycan” nəşriyyatı, 1995, s.32).

1979-cu ilin fevral inqilabı haqqında bəhs etdiyimiz “Azərbaycan Cəmiyyəti”nin də fəallaşmasına imkan yaratdı. Doktor Cavad Heyətin və məsləkdaşlarının təşəbbüsü və yaxından iştirakı ilə “Əncümən-e Azərbaycan” (Azərbaycan Cəmiyyəti) Bəyannamə yayaraq ölkədə yaranmış yeni siyasi-ictimai şəraitdə qarşıda duran vəzifələri xalqa izah etməyə, xalqın təməl haqlarını dilə gətirməyə qərar verdi. Qərara alındı ki, Azərbaycan xalqının milli varlığını, özünüdərkini, milli şüurunu, dilini, mədəniyyətini, tarixini, adət-ənənələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək üçün aylıq türkcə (Azərbaycan türkcəsi) və farsca dərc olunacaq dərgi (jurnal) təsis edilsin. Beləliklə, İranın şəmsi tarixi ilə 1358-ci ilin ordubiehişt ayında, miladi təqvimi ilə 1979-cu ilin aprelində “Varlıq” dərgisi işıq üzü gördü.

Hazırkı məqalədə “Varlıq” dərgisinin ilk sayının məzmunu, qayəsi və hədəflərini xülasə şəklində hörmətli oxucuların diqqətinə təqdim etməyi lazım bildik və bu zaman dərginin yazı dil və üslubuna toxunmamağı uyğun saydıq, yalnız arabir rast gəlinən farsca ifadələrin mötərizədə anlamını yazdıq. Dərginin üz qabığında “Aylıq fərhəngi türkcə-farsca nəşriyyə” (Mocəlle-ye mahane fərhəngi farsi-torki azəri), şomare -1- ordubehişt 1358″ yazıldı, 500 rial qiymət qoyuldu. İlk nömrə 68 səhifə idi və “Yazıçılar heyəti” tərəfindən yazılan “Baş söz”də dərginin məqsəd və məramı çox yığcam şəkildə, aydın xalq dilində anladılırdı. Burada deyilirdi: “Elmi və tarixi baxımdan hər bir xalq müxtəlif tarixi mərhələlərdə, ayrı-ayrı xalqlar ilə müştərək tarixi və mədəni bağlılığı olduğu halda, öz milli dil, fərhəng və höviyyətini (mədəniyyət və mənsubiyyətini) qoruyub saxlamağa haqlıdır. Azərbaycan xalqı tarix boyu İranda yaşayan ayrı-ayrı xalqlar ilə birlikdə vahid bir sərnevestə (taleyə) bağlı olduğu və müştərək bir tarix və mədəniyyət yaratdığı halda, hər bir əsl xalq kimi, öz milli varlığını, dilini, fərhəngini, xislət və hoviyyətini saxlamışdır.

Baş sözdə deyilir: “Öz milli fərhəng varlığına bağlı olmaq və onu qorumaq, heç zaman və heç bir şəraitdə Azərbaycan xalqını İranın siyasi, ictimai və mədəni tarixində öhdəsinə düşən vəzifələri olduqca şərəf və bacarıq ilə yerinə yetirməkdən dalı qoymamışdır. Azərbaycan xalqı öz doğma dilini və milli fərhəngini daşıdığı halda, bütün “vəhdəte-milli” daşını sinələrinə vuranların hamısından çox İrana bağlı qalmış və yeri gəldikcə öz tarixi-inqilabi vəzifələrini yerinə yetirməkdən çəkinməmişdir” (“Varlıq”, ilk sayı, s. 4).

“Varlıq” dərgisinin Yazıçılar Heyəti bəyan edirdi ki, bu məcmuə Azərbaycan xalqının milli və mədəni varlığına, doğma dil və ədəbiyyatına, geniş sahəli folklor və el yaradıcılığına, iftixarlı keçmişinə, tükənməz bədii və hünəri qüdrətinə yol açmaq və onu təzə tarixi-ictimai şəraitdə daha insani, daha demokratik və daha qabaqcıl ülgülər ilə erayə etmək (irəli sürmək) arzusu ilə ortaya çıxır. Biz məcmuəmizin tutduğu bu böyük və şərəfli yolda bütün xalqların milli və fərhəngi azadlığına hörmət bəsləyən insanlar tərəfindən ehtiram və etiqadla qəbul olunmasına inanırıq.

Mətnin aşağısında isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müvafiq maddəsinə istinad yer almışdı. Qeyd edilmişdi ki, İrqi, məzhəbi, ya dil azlıqları olan ölkələrdə həmin azlıqlara mənsub şəxslər bu haqlarından, digər öz qrupuna aid şəxslərlə birlikdə öz xüsusi mədəniyyətindən, dinindən, dilindən məhrum edilə bilməz.

(Ardı var)

https://525.az

Şərhlər bağlıdır.