Mən niyə şeir yazmadım?
Tanıyanlar da, tanımayanlar da bunu tez-tez soruşur məndən.
Doğrudan da, necə yazmaya bildim? Yazmaya?!
İstedadlı insanlar bilir ki, şeir yazmaq çox çətin bir işdir, Məmməd Araz necə
deyir:
Ağır bir sənətə könül bağladım,
Bəxtimə dərdin də ağırı düşdü…
Yaxşı şeir yazmaq çox çətindir. Çünki yazdığın sözlər Poeziya olmalıdır! Əli
Kərim necə deyib:
Fikirləş bir,
Şekspir var, Şekspir!
İki şeir kitabı, 30-a qədər tərcümə kitabım çıxdı, amma… o vaxtdan əl
saxladım, şeir yazmadım.
Məmməd İsmayılın bir şeiri var:
Hara getsən, yol açıqdır, 35 yaşına qədər,
Ali-ali məktəblərin qapısı da…
açıqdır 35 yaşına qədər…
Şeir tam yadımda deyil. 30 yaşı keçmişdim, gördüm ki, mən artıq biliyimi,
istedadımı, fikir və düşüncəmi kapitala çevirməliyəm, amma mən hələ xəyallar
aləmindən ayrıla bilmirdim… Yaşamaq kapital tələb edir, maddi nemətlər tələb
edir, hər yaşın öz tələbləri var…
…Amma yazmaya bildim!
Razılaşın ki, yazmaq necə çətindirsə, bir istedad yiyəsi üçün yazmamaq
ondan da çətindir. İradə Tuncay deyirdi ki, “realizə olunmayan istedad
qorxuludur… intihar-zad…”. Amma yaxşı ki, tərcümə əlimdən tutdu, enerjimi
tərcüməyə verdim… yoxsa kim bilir…
Özümə acığım tutdu, yazmadım.
Ağacəfər Həsənli, Tofiq Mütəllibova niyə 500 dəfə salam verməli idim ki,
yadına düşüm… Ki, onda mənim şeirlərim var, nə vaxt çap edəcək… Onu da
Məmməd Araz deyəndən sonra. Tofiz Mütəllibov “Azərbaycan gəncləri”
qəzetində şeiri növbə ilə çap edirdi. Qəzetdə şeir çap etdirmək Bakıda 4 otaqlı
bir ev almağa bərabər idi.
“Özümə acığım tutdu…”. Bu sözü gözəl yazıçı, həssas insan Cəmil Əlibəyov
dedi mənə: “Elə bilirsən, mənim acığım tutmur özümə? Elə bilirsən, biz
çəkməmişik bu zülmü? Adlı-sanlıların uşaqları gəldi, biz qovluğumuzu götürüb
getdik…”
70-80-ci illərdə bütün ədəbi redaksiyalarda şeirdən, poeziyadan bezgin,
rəncidə bir əhval vardı… Çox eybəcər münasibət – şeir şöbəsinin müdirləri
gəncləri görmək istəmirdi. İstedadlı şair, Moskva Ədəbiyyat İnstitutunu bitirmiş
Rəşad Bəydəmirli deyirdi: “Nəriman Həsənzadə adamı axırıncı misraya qədər
alçaltmamış şeirini çap etmir… ”. Nəriman Həsənzadə o zaman “Ədəbiyyat və
incəsənət” qəzetinin redaktoru idi. Sonralar xalq şairi olmuş biri belə deyirdi:
”Allah Nikolay Tixonovun evini yıxsın ki, deyib: “Azərbaycan xalqı şair xalqdır”
. Deyib və milləti avara qoyub… Hamı şeir yazır…” Davud Nəsibin üzünə heç
baxmaq olmurdu, üzündə şeirdən bezgin bir ifadə vardı… Davud Nəsib
“Ədəbiyyat və incəsənət” qəzetində şeir şöbəsinin müdiri idi.
Haqqımda yaxşı sözlər yazmış ustad Məmməd Aslan ərklə deyirdi: “Ay
Firidun, şeir yazmaq bir şeydi, onu cücərtmək (çap etdirmək) üçün dürlü-dürlü
bacarıqlar gərəkdi…”
“Ulduz” jurnalının əməkdaşı Əhəd Muxtar belə deyirdi: “Şair gərək həyasız
olsun, qapıdan vurdular, bacadan girsin…” (?). “Mütəhərrik” olmaq lazım idi,
mənsə belə ola bilmirdim… Məlum “ədəbi region”lardan da deyildim… Odur ki,
özümə acığım tutdu…
Nüsrət Kəsəmənli ilə o, “Bakı” qəzetində işləyərkən tanış və dost olduq (sonra,
əsgərlikdə bir müddət birlikdə xidmət etdik). O məni Səyavuş Sərxanlı ilə tanış
etdi… “Ulduz” jurnalında Səyavuş Sərxanlı şeirlərimi seçib hazırladı, şəkil-zad
istədi ki, nəhayət, məni bir sevindirsin. Amma Yusif Səmədoğlu iki il şeirlərimi
buraxmadı… Səyavuş da pis vəziyyətdə qaldı… “Ulduz”da sonralar çap
olundum… Amma… nədən belə olsun?
1988-də Xəlil Rza haqqımda “Uğurlu yol” qeydlərini yazdı, amma elə həmin il
“Azadlıq” Meydanı çağırdı bizi… və Bəxtiyar Tuncayla, Fuad Ağayevlə, İslam
Sadıqla, Rauf Mirqədirovla… sözümüzü orda deməyə başladıq…
Eldar Baxış şeirlərimi radio ilə verdi, zəng eləyəndə dedi ki, “millət sənin
şeirlərini dinləyir”, amma… Amma niyə belə olsun, Ayaz Arabaçı?
Sabir Rüstəmxanlı ilə əvvəlcə yaxın, sonra uzaqlaşan münasibətlərimiz oldu,
indi də var, amma Sabir müəllim o vaxt “Yazıçı” nəşriyyatına təqdim etdiyim
qovluğu iki-üç il saxladı, axırda Rüstəm Behrudi çağırdı ki, sənin kitabını yenə
plana salmırlar, almanax üçün beş-altı şeirini seçmişəm, gəl…. “Yazıçı”
nəşriyyatında o vaxt bir dəstə “dəstəbaz” və quldur redaktor vardı, Sabir
Rüstəmxanlı onlarla az qala döyüşürdü, hər mənada döyüşürdü… Qovluğumu
alıb da getdim…
O vaxt “Yazıçı”da işləyən Mustafa İskəndərzadə ismində bir adam sonralar
İdarəçilik Akademiyasında mənimlə rastlaşanda deyəcək: “Bağışla, o vaxt
xətrinə dəydim…”. Mən burada dərs deyirdim, “kişi” burada politologiyadan
dərs deyirmiş…
Özümə acığım tutdu… və yazmadım. “Soyuq-soyuq baxışla söndürürlər
adamı, öldürürlər adamı” – deyə yazmadım. O vaxt bir çoxlarını bezdirdilər,
pisikdirdilər,
uzaqlaşdırdılar… əl-qolunu soyutdular… 70-80-ci illərdə
ədəbiyyatda da regionçuluq “sprut” kimi kök atmışdı… Yadımda qalanlardan
Rauf Soltan, Əflatun Cəfərli, Akif Uluçay, Əbülfəz Naxçıvanlı, Hafiz Rüstəm,
İslam Sadiq, Telman Nəzərli, Cavanşir Eloğlu, Xaliq Rəhimli və bir çoxları
istedadları ilə bu abı-hava arasında girinc qalmışdılar. Və o nəsil az qala
görünmür indi.
O vaxt deyirdilər ki, “hamı şeir yazır”, indi hamı satır, alverçidi, bəlkə bu
yaxşıdı?…
“Ən böyük təhlükə odur ki, indi kitab mağazalarına girən yoxdur” – kimsə belə
yazmışdı. …Bizə hələ çox “sədərəklər” lazım olacaq… Dünyanın iki ən qədim,
ən gəlirli peşəsindən biri alverdir, ticarətdir… biz də onu seçmişik… İkincisi –
fahişəlikdir, o heç.
P.S. Ağacəfər Həsənli, Ayaz Arabaçı, heç özünüzə acığınız tutur?
Şərhlər bağlıdır.